Peşəkarlıq, səmimiyyət və qayğıkeşlik örnəyi
Tarixi şəxsiyyətlər

Peşəkarlıq, səmimiyyət və qayğıkeşlik örnəyi

Akademik Zərifə Əliyeva yüksək keyfiyyətləri ilə insanların rəğbətini və məhəbbətini qazanıb

Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş akademik Zərifə Əliyevanın şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün yüksək mənəviyyat nümunəsi, kamillik məktəbidir.

1950-ci illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Xəstəliyə qarşı təsirli müalicə üsulları isə yox idi. Xəstəliyə görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə ölkə səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı.

Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim respublikanın şəhər və rayonlarını gəzir, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlər həyata keçirirdi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Zərifə Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin diferensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Oftalmoloq-alim peşəkarlığı, istedadı ilə yanaşı, sadəliyi, qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini və məhəbbətini qazanmışdır.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür. Qeyd olunmalıdır ki, professor Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Azərbaycan səhiyyəsi qarşısında danılmaz, böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

O, Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmət göstərmişdir. Z.Əliyevanın inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar. Alimin tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Zərifə xanım müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmiz, xalqımız üçün  layiqli övladlar yetişdirib. Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanımın xarakterində məsuliyyət, zəhmətkeşlik və xeyirxahlıq kimi üç böyük xüsusiyyət cəmləşmişdir. Ümummilli lider Heydər Əliyev xatirələrinin birində belə demişdir: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam...".

Ölkə Prezidenti cənab İlham Əliyev öz xatirələrində Zərifə xanım haqqında bu sözləri deyir: "Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir".

Görkəmli oftalmoloq-alim, eyni zamanda həmvətənlərinin qayğısına qalan humanist insan idi. Akademik Zərifə xanım Əliyevanın həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün əsl örnəkdir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.