On altı yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi keçirilib
İdman

On altı yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi keçirilib

Oktyabrın 10-da "Duzdağ" otelinin tədbirlər zalında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi və qala gecəsi keçirilib.

Olimpiadanın baş hakimi Freyd Loran qeyd edib ki, Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası möhtəşəm sonluqla başa çatıb. Bu, dünya arenasında təşkil olunan ən yaxşı yarışlardan biri oldu. Gərgin mübarizə və rəqabət şəraitində keçən yarışda güclü oyunlara şahidlik edildi. Freyd Loran Naxçıvanın olimpiadaya yüksək səviyyədə hazırlandığını və bunun öhdəsindən məharətlə gəldiyini vurğulayaraq təşkilatçılara minnətdarlığını bildirib, qalibləri bir daha təbrik edib.

Sonra baş hakim olimpiadada öz lövhəsində ən yaxşı nəticə göstərən 18 şahmatçını ardıcıllıqla kürsüyə dəvət edib. Onlar diplom və medalla mükafatlandırılıblar. Mükafatları Beynəlxalq Şahmat Federasiyasının keçmiş prezidenti, olimpiadanın fəxri qonağı Kirsan İlümjinov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov təqdim ediblər.

Mükafatlandırmadan sonra qalib komandanın üzvləri səhnəyə dəvət olunub. İlk olaraq olimpiadanı üçüncü pillədə başa vuran "Azərbaycan-1" və ikinci pillədə başa vuran "Özbəkistan-1" komandalarının üzvləri və kapitanları fəxri kürsüyə qalxıblar. Sonra 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi "Türkiyə-Red" komandası mükafatlandırılmaq üçün səhnəyə dəvət olunub. Qalib komandalara diplom, medal və kuboku Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov təqdim ediblər.

Sonra Türkiyə Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə özbəkistanlı beynəlxalq hakim, Apellyasiya komissiyasının üzvü Husam Turdaliev Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbova hədiyyə təqdim edib, yarışın yüksək təşkilatçılığına görə minnətdarlığını bildirib. Seymur Talıbov Husam Turdalievi mükafatlandırıb, yarışın baş hakimi Freyd Lorana hədiyyə təqdim edib.

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan idmanının inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının idmana, xüsusilə şahmata olan qayğısı idmanın bu növü üzrə də böyük qələbələrə nail olmağımıza imkan verir. Azərbaycan bütün dünyada həm idman, həm də şahmat ölkəsi kimi tanınır və mütəmadi olaraq böyük şahmat yarışlarına uğurla təşkilatçılıq edir. 2016-cı ildə Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası ən uğurlu şahmat olimpiadası kimi tarixə düşüb. Azərbaycanın səfalı guşəsi Naxçıvan yeniyetmələr arasında şahmat olimpiadasına möhtəşəm şəkildə ev sahibliyi etdi. Naxçıvan Muxtar Respublikasında şahmat dövlət qayğısı ilə əhatə olunub. Bu gün Naxçıvanda 8 şahmat məktəbi fəaliyyət göstərir. Naxçıvanın ümumtəhsil məktəblərində şahmatın tədris olunması təqdirəlayiq haldır. Federasiyanın prezidenti 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının iştirakçılarına gələcək idman karyeralarında uğurlar arzulayıb, olimpiadanın qalibi olan Türkiyə komandasını təbrik edib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, Naxçıvan şəhərində 23 ölkədən 200-ə yaxın şahmatçının iştirakı ilə keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası əlamətdar tarixi hadisəyə çevrildi. Olimpiada həm də Beynəlxalq Şahmat Federasiyası tərəfindən Naxçıvana göstərilən yüksək etimadın daha bir ifadəsi oldu. Olimpiadaya böyük marağın olması və titullu şahmatçıların iştirakı məmnunluq doğurdu, müxtəlif ölkələri təmsil edən şahmatçılar arasında yeni dostluq əlaqələri yarandı. Həmçinin şahmatçıların asudə vaxtları səmərəli təşkil edildi, onlar Naxçıvanın tarixi-mədəni irsi ilə yaxından tanış oldular. Əminliklə bildiririk ki, Naxçıvan bundan sonra da beynəlxalq şahmat tədbirlərinə ev sahibliyi etməyə hazırdır.

Seymur Talıbov qalib komandanı və bütün iştirakçıları təbrik edib, olimpiadanın keçirilməsinə göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat Federasiyasına və Azərbaycan Şahmat Federasiyasına, yüksək təşkilatçılığa görə olimpiadanın Təşkilat Komitəsinin üzvlərinə və şahmat könüllülərinə təşəkkürünü bildirib, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasını bağlı elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib, olimpiadaya həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin ifasında musiqi və rəqs nömrələri təqdim edilib.

AZƏRTAC