İDMAN DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN DAİM ZİRVƏLƏRDƏ

Yığmamız Qitə çempionu olub

Rumıniyanın Mamaya şəhərində keçirilən şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatının mükafatlandırma mərasimi keçirilib. Qalib və mükafatçılara medal, diplom, o cümlədən kubok təqdim olunub. Mərasimdə komanda hesabında nəticələr açıqlanıb. 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Azərbaycan komanda hesabında birinci yeri tutub. Tədbirdə çempion olan şahmatçılarımızın şərəfinə 4 dəfə Azərbaycan Himni səsləndirilib. Azərbaycan şahmatçıları ilk dəfə yeniyetmələrin qitə çempionatında 4 qızıl medal qazanmaqla rekord nəticəyə imza atıblar.

Cüdoçularımız Açıq Avropa turnirində

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Açıq Avropa turnirində Azərbaycan millisinin 14 üzvü tatamiyə çıxacaq. Oğlanlar arasında Nurlan Kərimli, Murad Muradlı, Murad Əliyev, Eltun İmranov, Şahin Oruczadə (hamısı 60 kiloqram), İslam Rəhimov, Samir Piriyev, Elşən Əsədov, Rüfət Aydınov (hamısı 66 kiloqram), Nəriman Mirzəyev, Nahid İsmayılov, Elnur Qasilov, Qədir Hüseynov və İsa Əliyev (hamısı 73 kiloqram) mübarizə aparacaq.

Dünya çempionatının ilk günündə dörd güləşçimiz mübarizə aparıb

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçirilir.  Sentyabrın 24-dək davam edəcək mundial "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İdmançılar hər Olimpiya çəkisində ümumilikdə 5 lisenziya qazana biləcəklər. Yarışın ilk günündə Azərbaycanın dörd sərbəst güləşçisi İntiqam Vəlizadə (61 kq), Maqomed-Başir Xaniyev (70 kq), Abubakr Abakarov (86 kq), Georgi Meşvildişvili (125 kq) mübarizəyə başlayıb.

Taekvondoçularımız beynəlxalq turnirdə iştirak edəcəklər

Gürcüstanda taekvondo üzrə "Batumi Açıq" turniri keçirilir. İki gün davam edəcək yarışda Masallı Regional Taekvondo Mərkəzinin komandası da mübarizə aparacaq. Turnirdə məşqçi Sadiq Ağayevin rəhbərliyi altında 3 idmançı gücünü yoxlayacaq. Komandanın heyətində Pünhan Heydərli (30 kiloqram) uşaqların, Hüseyn Sadıqlı (33 kiloqram) və Murad Cahangirov (41 kiloqram) isə yeniyetmələrin mübarizəsində dayanq üzərinə çıxacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".