Ordumuz öz gücünü təlimlərdə, paradlarda deyil, döyüş meydanında göstərdi
Siyasət

Ordumuz öz gücünü təlimlərdə, paradlarda deyil, döyüş meydanında göstərdi

Güclü ordu dövlətin qüdrətini artıran mühüm amillər sırasındadır. Azərbaycan Ordusu da Cənubi Qafqazın ən güclü ordusudur. Bu reallıq dünya ictimaiyyəti tərəfindən qəbul olunub.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bu qərar Şərqin ilk demokratik hökumətinin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Ordumuz yaradıldığı vaxtdan həm daxildən, həm də xaricdən müxtəlif təzyiqlərə məruz qaldı. Uzun illər qarşımızda duran əsas məsələ Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi. Qısa müddətdə dövlətin və xalqın mənafelərinə cavab verən hərbi siyasət müəyyənləşdirildi ki, bununla da ordu quruculuğunun vəzifələri, onların icra yolları konkretləşdirildi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu öz inkişaf tempini artırıb. Qeyd edək ki, dünya Azərbaycan Ordusunun gücünü 2016-cı ilin aprel ayında gördü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin minlərlə hektar hissəsini azad etdi. Ordumuz dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı. Azərbaycan Ordusu mənəvi-psixoloji döyüş ruhu, sosial-ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Bundan cəmi 2 il sonra Günnüt zəfərində Naxçıvan MR-in 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək, dövlət sərhədi boyunca əlverişli mövqelərdə Azərbaycan Ordusunun nəzarəti təmin olundu.

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 günə mümkünsüzü mümkün etdi. Bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşdi və həm Ermənistanı, həm də onun havadarlarını məğlub etdi. Biz dünyaya sübut etdik ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan amili ilə qazanmaq olar. Şuşanın azad edilməsi əməliyyatı bunu bir daha təsdiqlədi. Zəfəri reallığa çevirən mühüm amil Azərbaycanın son 20 il ərzində milli ruha və vətənpərvərlik duyğularına malik güclü ordu qurması idi. Əsgər və zabitlərimiz mürəkkəb şəraitdə ən çətin vəzifələrin öhdəsindən gəlməyi bacardılar.

"Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir. Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz... Bizim üstünlüyümüz ondan ibarətdir ki, Ordumuz döyüş meydanında öz gücünü göstərib, Ordumuzda çox yüksək mənəvi ruh var, bizim peşəkarlığımız artır və biz Ermənistanı döyüş meydanında məğlub etmişik. Ona görə bu amil həmişə mövcud olacaq". Bu sözləri də ölkə başçımız cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı söyləyib.

Azərbaycan Ordusu bu çətin və şərəfli missiyanı qısa müddətdə yerinə yetirməklə haylara və onların havadarlarına lazımlı mesaj çatdırmış oldu. Bununla da biz müasir hərb tarixinə bir çox yeniliklər gətirdik. Dünyanın aparıcı ali hərbi məktəblərində bu döyüşlərin taktiki və strateji üstünlükləri tədris edilir.

Qısa müddətdə düşməni ağ bayraq qaldırmağa məcbur edən lokal xarakterli antiterror tədbirlərini də qeyd etmək lazımdır. Bu, Silahlı Qüvvələrimizin qüdrətinin, peşəkarlığının, yüksək döyüş ruhunun əyani göstəricisidir.

Əzmli və rəşadətli Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda göstərdiyi qəhrəmanlıqlar əsrlər boyu yaddaşımızdan silinməyəcək. Zəfər savaşında əldə etdiyimiz qələbələr hər birimizə misilsiz qürur hissi bəxş edir.

Röya RÜSTƏMLİ,

"Respublika".