Özünə düşmən olan özgəyə dost olmaz
Siyasət

Özünə düşmən olan özgəyə dost olmaz

Tarixin həm şərəfli, həm də ziddiyyətli səhifələri var. Dünya bir pəncərədir, milyardlarla insan baxıb keçib. O şəxslərdən bəziləri öz adını həmin səhifələrə yazdırmağı bacarıb. Hansı ki, bu gün hələ də onlar xatırlanır, əməlləri dillər əzbəridir.

Xan qızı Xurşidbanu Natəvan dövrünün mötəbər xanım-xatunlarından olub, onun gördüyü işlər, haqq yolundan dönməyən fəal ictimai xadim kimi xalqın yaddaşına həkk olub, xeyirxahlığı dillər əzbəri olub. 1873-cü ildə Şuşaya su kəməri çəkdirib, bulaq tikdirib. İndi də həmin yer "Xan qızı bulağı" adı ilə məşhurdur. Ailənin yeganə övladı olan "Dürrü yekta" (Tək inci) həm də ədəbiyyat aşiqi olub. Gənc şairə Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil edib. 1858-ci ildə təsadüf nəticəsində məşhur fransız yazıçısı Aleksandr Düma ilə rastlaşıb dostluğun təməli qoyulub. Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilini yaxşı bilməsi onların arasındakı dostluq tellərini daha da gücləndirib. Onlar dəfələrlə Abşeronda birgə gəzintiyə çıxıb, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim ediblər. Xan qızının Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da fransız yazıçının "Qafqaza səyahət" kitabında öz əksini tapıb. Dost olmaq üçün eyni irqdən, cinsdən, milliyyətdən olmağa və ya eyni dili danışmağa ehtiyac yoxdur. İki ədəbiyyatsevər dost görüşlərinin birində şahmat oynayırlar. Bu zaman ortaya olduqca maraqlı görüntü çıxır. Belə ki, Natəvan Dümanı mat edir. Avropalı yazar şahmat oyununda məğlub olandan sonra "Dürrü yekta"nın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmatı ona hədiyyə edib. Natəvan Dümaya qalib gələrkən fransız yazıçıdan yaşca xeyli kiçik olub. Xan qızının cəmi 26, Dümanın isə 56 yaşı vardı. Bu həm də Azərbaycan qadınının simasında xalqımızın müdrikliyini, iti ağlını göstərir.

Odlar yurdunun təbiəti, sərvətləri, qonaqpərvər insanları bütün dünyada tanınır. Fransız və azərbaycanlı ədəbiyyat aşiqinin dost olması isə iki ölkə arasında güclü bağın ola biləcəyinə işarə idi. Odur ki, 2017-ci ildə İsmayıllı və Fransanın Evian lö-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi baş tutub. Bununla yanaşı, parkda "Dostluq" bulağı və Xurşidbanu Natəvanın heykəli də fransız xalqına təqdim olunub. Əslində bura qədər hər şey qaydasında olub. Mədəni cəhətdən bir-birini dəstəkləyən iki ölkənin mövcudluğu həm xalq, həm də dövlətin mənafeyi üçün olduqca mühüm hadisə hesab olunur. Lakin son dönəmlər Yelisey sarayında yenidən baş qaldıran erməni sevdası Fransa sakinlərinin münasibətini, sözün əsl mənasında, 180 dərəcə dəyişib. Belə ki, XVIII əsrin əvvəlində fransız ədiblərinin heyran qaldığı müsəlman qadınının abidəsi günün günorta çağı vandalizm aktına məruz qalıb. Öncə "təmir" adı altında Natəvanın heykəlinin üzəri ağ örpəklə örtülüb. Daha sonra abidə mədəniyyət mərkəzinə aparılarkən məlum olub ki, həmin əski parçasının altında Makron hakimiyyətinin çirkin niyyəti gizlədilib. Natəvanın heykəlinin üzü və adının yazıldığı hissələr qırmızı boya ilə ləkələnib. Sözsüz ki, bütün bunlar heç də qəbuledilən addımlar deyil. Lakin atalar yaxşı deyib: "Axmaq özünə düşməndi, özgəyə necə dost olar?!". Çünki fransızlar heç öz dahi yazarına, Aleksandr Dümaya da heç bir dəyər, qiymət vermirlər. 1942-ci ildə Paris işğal olunan zaman Dümanın heykəli darmadağın edilib. Bundan 66 il sonra fransızların yadına düşüb ki, sən demə tarixlərində belə bir şəxs var. Ona görə də 2008-ci ildə qırılmış qandal abidəsi qoyaraq Dümanı "yad" ediblər. Dəfələrlə etirazlara səbəb olan heykəl bir neçə dəfə gənc aktivistlər tərəfindən boyalarla təhqir olunub. 2020-ci ildə baş nazir Eduard Filipp yazara qarşı bu kimi addımların olmasından və ümumiyyətlə, heykəlin Dümanın təsvirini əks etdirməməsinə görə təəssüf hissi keçirdiyini bildirib. Bundan sonra Dümanın heykəlinin qoyulması üçün yer təyin edilib.

Öz yazıçısına hörmət etməyən rəsmi Parisin azərbaycanlı şairənin heykəlinə qarşı etdiyi təxribatlar heç də təəccüblü gəlmir. Dəfələrlə muzeylərində, tarixi yerlərində əsərlər təhqir olunub, üzərlərinə ləkələr atılıb. Lakin Dümanın həmvətənləri anlamalıdır ki, siyasi məsələlərin mədəniyyətə heç bir aidiyyəti yoxdur. Xalqın şairi, yazarı, tarixi şəxsiyyəti onun mədəni irsidir. Natəvana qarşı olan sui-qəsd təkcə Azərbaycana deyil, həm də dünya mədəniyyət aləminə edilir.

Töhfə SƏMƏDOVA,

"Respublika".