Özünümüdafiə hüququndan istifadə
Siyasət

Özünümüdafiə hüququndan istifadə

Ötən əsrin sonlarında Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Bu hərbi əməliyyatlar nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi işğal edilib. 30 il müddətində ərazilərimizi işğal altında saxlayan separatçılar minlərlə azərbaycanlını qətlə yetirib. Həyata keçirilən amansız etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox vətəndaşımız həmin torpaqlardan didərgin düşüb. İşğal müddətində Azərbaycanın müraciətlərinə məhəl qoyulmayıb, sabitlik yaranması üçün apardığımız mübarizə gözardı edilib, həmçinin təxribatlar törədilib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizin hərbi mövqelərini və mülki yaşayış məntəqələrini bombardman etməsindən sonra başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları zamanı Azərbaycan ordusu 300-dən çox yaşayış məntəqəsini, o cümlədən, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini 30 ilə yaxın davam edən qanunsuz erməni işğalından azad edib. Müharibə Azərbaycan, Rusiya, Ermənistan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla başa çatıb. Bəyanata əsasən, Ermənistan işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarını da bir güllə belə atılmadan Azərbaycana qaytarıb.

Bütün bu proseslər Azərbaycan ordusu tərəfindən tam professional şəkildə həyata keçirilib. İkinci Qarabağ müharibəsi dövründə mülki şəxslərə və yaxud infrasutruktura zərər dəyməyib. Malik olduğumuz silah və texnikanın keyfiyyəti, əsgər və zabitlərimizin təcrübəsi Azərbaycan ordusunun bütün bu əməliyyatları dəqiqliklə yerinə yetirməsinə gətirib çıxarıb.

Təəssüf ki, qanunsuz erməni silahlı dəstələrinin provokasiyaları davam edib. Azərbaycan 30 ilə yaxındır qanunsuz işğal edilmiş Qarabağ regionu üzərində öz suverenliyini bərpa etmək üçün BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq ərazilərimizdə özünümüdafiə hüququndan istifadə edib. Ermənistanın cəbhədəki təxribatları Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəs sazişini ciddi şəkildə pozub. Müqaviləyə əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən çıxmalı idi. Lakin bu, baş verməyib, separatçılar sərhəd boyu və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan mövqelərinə və dinc əhaliyə hücumu davam etdiriblər.

Azərbaycan Xarici İşlər Nazirliyi 19 sentyabr 2023-cü il tarixində bəyanat yayaraq, erməni təxribatlarını pisləyib. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması, ərazi bütövlüyünün təmin olunması, həmçinin dinc əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin edilməsi məqsədilə regionda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını elan edib. Bəyanatda həmçinin bildirilib ki, görülən tədbirlərin hədəfi müstəsna olaraq qeyri-qanuni hərbi birləşmələr və hərbi infrastrukturdur. Azərbaycan mülki əhalini hədəfə almır.

Erməni təxribatları regional sülh və sabitliyə təhdid olmaqla yanaşı, həm də iki ölkə arasında sərhədlərin delimitasiyası və ərazi bütövlüyünün qarşılıqlı tanınması kimi həll edilməmiş məsələlərin həllinə yönəlmiş siyasi dialoqa əngəl törədib.

"Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində deyib. Ölkə başçısı onu da qeyd edib ki, dövlətimiz baş verən münaqişə və soyqırımlarına görə erməni əhalisini günahlandırmır. Ölkəmiz daim humanist siyasət yürüdüb və öz prinsiplərinə sadiq qalıb. 44 günlük müharibə və antiterror tədbirləri zamanı mülki əhalinin zərər görməməsi buna sübutdur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".