Paşinyan hayları
Siyasət

Paşinyan hayları "siçan tələsi"nə salır

Bir neçə ay əvvəl Ermənistan Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının "müşahidə missiyası"nı, başqa sözlə, "binokllu kəşfiyyatçıları" yerləşdirdi. Ardınca baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərin dondurulduğunu elan etdi və ölkədə rusofob kampaniya daha geniş vüsət aldı. Bunların fonunda İrəvan Avropa İttifaqına üzvlüklə bağlı planlarını rəsmi səviyyədə bəyan etdi.

Martın 6-da bu mövzuda hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputatlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla parlamentdə qapalı görüş keçirdilər. Bundan əvvəl də "Hraparak" nəşri öz mənbələrinə istinadən baş nazir Nikol Paşinyanın hakim partiyanın deputatlarına göstəriş verdiyini yazmışdı. Tapşırığa əsasən, siyasilər İrəvanın alyansa üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı müraciət etməli idilər. İddialara görə, hökumət rəhbəri bunun üçün vaxt da qoyub, məsələni 2024-cü ilin payızından gec olmayaraq həll etməyi tapşırıb. Paşinyan deyib ki, artıq Rusiyadan heç bir ümid və gözlənti yoxdur, Qərb isə müəyyən qədər təhlükəsizlik zəmanəti vermək iqtidarındadır. Bu da onun fikrincə, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün əməli addımlar atılmasını zəruri edir.

Parlament sədri Alen Simonyan da Avropa İttifaqına üzvlüyün İrəvanın təhlükəsizliyini təmin edəcəyini deyib. Artıq Ermənistan rəhbərliyi bunun qarşılığını da yavaş-yavaş "qoca qitə"dən tələb etməyə başlayıb. Belə ki, sosial şəbəkələrdə Ermənistanın müdafiə naziri Suren Papikyanın Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelə ünvanladığı məktubun surəti yayılıb. Müraciətdə Papikyan Avropa Sülh Fondu vasitəsilə logistika və hərbi tibb sahəsində alyansdan yardım istəyib və bunun onlar üçün regionda mövcud reallıqları nəzərə alaraq həyati əhəmiyyət kəsb etdiyini bildirib.

Görünən odur ki, İrəvan rəhbərliyi Rusiya təhlükəsini əsas gətirərək Qərbdən hərbi yardım təchizatını şaxələndirməyi hədəfləyir. Artıq müəyyən mənada buna nail olub. Fransanın müdafiə naziri Sebastyan Lekornu İrəvana səfəri zamanı Ermənistana "Bastion" zirehli maşınlarının daha bir partiyasının göndəriləcəyini elan edib. Hətta fransız nazir lazım gələcəyi təqdirdə yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə raketlərinin də Ermənistana veriləcəyini açıqlayıb. Yunanıstanın müdafiə naziri Nikos Dendias isə İrəvan səfərində Kipr, Fransa və Hindistanın da iştirakı ilə dördtərəfli əlaqələri mümkün hesab edib. Yəni artıq Ermənistanın silahlandırılması üçün kompleks şəkildə proses gedir.

Amma alyansa üzvlük elə də asan məsələ deyil. Təşkilata daxil olmaq üçün ilk və əsas şərt Avropa qitəsində yerləşməkdir. Ermənistan isə Asiya qitəsinə aiddir. Üstəlik, onun sərhədlərini Rusiya hərbçiləri qoruyur və onların Ermənistanda 102 saylı hərbi bazası var. Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında fəaliyyəti dondurmaq və İrəvanın "Zvartnos" hava limanında xidmət edən rusiyalı hərbçilərin oradan çıxarılmasını tələb etmək isə hələ Ermənistanın Moskvanın təsir dairəsindən çıxması demək deyil. Həmçinin Paşinyanın təmsil etdiyi dövlətin müstəqil iqtisadiyyatı da yoxdur. İrəvan bu sahədə tamamilə Kremldən asılı vəziyyətdədir. Hətta biznesmen deputatlar Xaçatur Sukiasyan və Qurgen Arsenyan da sözügedən məsələni gündəmə gətiriblər. Bunu onunla əlaqələndiriblər ki, ölkə iqtisadiyyatı tamamilə Rusiya bazarı ilə bağlıdır və hətta Yuxarı Lars keçidinin müvəqqəti bağlanması belə Ermənistanda həyatı iflic vəziyyətinə sala bilər.

Bunlar göstərir ki, indiki məqamda Paşinyan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı səsləndirdiyi fikirlər erməni xalqını "siçan tələsi"nə çəkməyə bənzəyir. Çünki Avropa İttifaqı, NATO kimi təsisatlara üzvlük postsovet ölkələri üçün məhz bu tələdəki yemə bənzəyir. Artıq uzun illərdir ki, müxtəlif ölkələrə belə vədlərin  verildiyinin şahidi oluruq və nəticə etibarilə konkret hər hansı bir qərar qəbul olunmur. Əslində, erməni baş nazir də bunu bilir. Amma cəmiyyətə sosial problemlərin həlli ilə bağlı verdiyi sözləri tuta bilmədiyindən xalqı ümidləndirmək üçün yeni rıçaqlara əl atır. Lakin  Ermənistanın hərbi-siyasi rəhbərliyi unutmamalıdır ki, ölkələrinin xilası ilk növbədə regionda sülhün, təhlükəsizliyin təminindən və Azərbaycanla yekun razılıqların əldə olunmasından keçir.

Jalə QASIMZADƏ,

"Respublika".