Paşinyanın sülh perspektivlərinə xələl gətirən açıqlamaları
Siyasət

Paşinyanın sülh perspektivlərinə xələl gətirən açıqlamaları

10 noyabr tarixində 6-cı Paris Sülh konfransının panel müzakirələrində çıxış edən edən Ermənistan baş naziri Nikol Paşinyan adəti üzrə Azərbaycan əleyhinə fikirlər səsləndirərək ölkəmizə qarşı bir sıra ittihamlar səsləndirib. O, Qarabağdan köç etmiş etnik ermənilərin guya “etnik təmizləmə” yə məruz qaldığını iddia edib, həmçinin, Qranadada beştərəfli görüşün baş tutmamasına görə məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışıb. Bununla da erməni baş nazir qeyri-ciddi bir siyasətçi olduğunu bir daha göstərib. Belə ki, bir müddət öncə Nikol Paşinyanın şəxsən özü Qarabağda yaşayan etnik ermənilərin heç bir etnik təmizləməyə məruz qalmadığını bildirmişdi. Azərbaycan xarici işlər nazirliyi və ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva Ermənistan rəhbərinin fikirlərinə tutarlı cavab verib. XİN bildirib ki, 10 noyabr 2023-cü il tarixində Ermənistan baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar Ermənistan tərəfinin siyasi manipulyasiyalardan və təhrif olunmuş interpretasiyadan əl çəkmədiyini nümayiş etdirir: “Ermənistanın Baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya “etnik təmizlənmə” yə məruz qaldığı ilə bağlı iddialarını qətiyyətlə pisləyir və rədd edirik...”.

Səfir Leyla Abdullayeva Paris Sülh Forumu çərçivəsində keçirilən panel müzakirəsində Ermənistan baş naziri Nikol Paşinyana və Azərbaycana qarşı təxribatçı çıxışlar səsləndirən moderatora cavab verib: “Moderator, vurğuladınız ki, siz Fransada Azərbaycanın Ermənistana qarşı törətdiyi “təhdidlərdən” narahatsınız. Diqqətinizə çatdırım ki, bu “təhdidlər” tamamilə əsassızdır. Çünki Azərbaycanın bu günədək etdiyi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış öz əraziləri üzərində suverenliyini bərpa etmək olub. Biz faktiki olaraq beynəlxalq hüquqa görə Azərbaycana aid olanı qazanmışıq. Azərbaycan hər zaman dəfələrlə sülhdə maraqlı olduğunu bəyan edib. Sadəcə bəyan etməyib, Azərbaycan 2020-ci ildə müharibədən dərhal sonra Ermənistanla normallaşma prosesinin təşəbbüskarı olub və əlbəttə ki, Azərbaycan Ermənistanla birbaşa dialoqun tərəfdarıdır”, deyə diplomat vurğulayıb.

Leyla Abdullayeva xatırladıb ki, Qranada görüşündən bir gün öncə Fransanın xarici işlər naziri Ermənistana səfər etdi və Ermənistana silahların göndərilməsi ilə bağlı qərarı bəyan etmişdi: “Bu Ermənistanı silahlandırmaq, ölkədəki revanşist ideologiyanı dəstəkləmək qərarı həqiqətən də regionda sülh və normallaşmaya xidmət etmək məqsədiləmi idi ? Digər tərəfdən isə Fransa vasitəçi kimi iştirak etmək niyyətində idi. Beləliklə açıq şəkildə bir ölkənin tərəfini tutan və onu açıq şəkildə silahlandıran ölkə daha sonra deyir ki, mən vasitəçiyəm. Digər tərəfdən isə liderlər Türkiyə Prezidentinin iştirakından imtina etdilər. Bu izahlar Azərbaycan tərəfindən açıq şəkildə ifadə edilib”.

Digər bir məqam isə Paşinyanın Paris Sülh Konfransında çıxışı zamanı suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətini vurğulamasıdır. 30 ildən artıqdır ki, Ermənistan əməl etmədiyi bu prinsipləri son vaxtlar masaya gətirməklə bir növ 10 noyabr Bəyanatının 9-cu bəndini inkar edir. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanatın 9-cu bəndində bildirilib ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Beləliklə, Nikol Paşinyan növbəti Fransa səfərində də sülh prosesinə xələl gətirən açıqlamalarla yadda qalıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın Ermənistana göndərdiyi 5 baza prinsipindən ibarət sülh təklifinə cavab verməyən rəsmi İrəvan əlinə düşdüyü bütün fürsətlərdə münasibətlərin normallaşmasının üstündən xətt çəkir. Lakin Nikol Paşinyan anlamalıdır ki, Fransa kimi ölkələrin təhriki ilə yenidən Cənubi Qafqazı münaqişə zonasına çevirmək cəhdi bölgənin sabitliyi üçün ciddi təhlükədir.

Musa Bağırlı,

“Respublika”.