Pensiyaçıların sosial müdafiəsi gücləndirilir
Sosial həyat

Pensiyaçıların sosial müdafiəsi gücləndirilir

Cəmiyyətin müxtəlif təbəqələrinə dövlət tərəfindən xüsusi qayğı göstərilməsi prioritetdir. Milli-mədəni, iqtisadi və siyasi amillərlə əlaqəli şəkildə baş verən bu proses rifahın artmasına yardımçı olur.

Vətəndaşa göstərilən qayğının keyfiyyəti nəticə etibarilə ədalətli cəmiyyət anlayışı ilə uzlaşdırılır, sosial-siyasi quruluşa münasibəti şərtləndirir. Müasir dövrümüzdə Azərbaycanın sosial rifah ölkəsi adlandırılması da əbəs yerə deyil. Bu xüsusda göstərilən dövlət qayğısı, əhalinin yaşayış standartlarının təmin edilməsi bunu deməyə əsas verir.

Fevralın 5-də imzalanan "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam qüdrətli Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi diqqət və qayğının təcəssümüdür. Sərəncama əsasən 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, ötən il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılır. Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasına əsasən bütün pensiyalar 11,2 faiz indeksləşdirilməklə yanvarın 1-dən artımla hesablanır. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə və ya müraciətlərinə ehtiyac yoxdur. Qeyd edək ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödəniləcək. Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılır. Yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək. Ümumilikdə, 1.1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək. Eyni zamanda Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq.

Müstəqilliyimizin bərpasından etibarən pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir ki, bu tədbirlər davam etməkdədir. Pensiyaçılarımız dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur. Bunun nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamik xətlə artır. Qeyd etmək lazımdır ki, bütövlükdə Azərbaycanda pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaradıb. Məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılıb, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilib və beləliklə də, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib.

Reallaşdırılan sosial islahatların prioritet istiqamətlərindən biri pensiya təminatını bütünlüklə əhatə etməkdir. Bu çərçivədə son beş ildə göstərilən dövlət qayğısı əhalinin maddi-mənəvi rifahını yüksəltmişdir. Bu illər ərzində icra olunan 4 sosial islahat paketinin hər birində pensiyaların artırılması öz əksini tapıb. 2018-2023-cü illərdə minimum pensiya 2,5 dəfə artaraq 110 manatdan 280 manata, orta aylıq pensiya 2,1 dəfə artaraq 208 manatdan 436 manata çatıb. Bununla yanaşı, yaşa görə orta aylıq pensiyada isə 2 dəfə artım müşahidə olunub ki, bu da 234 manatdan 467 manata qədər artım deməkdir. Xatırladaq ki, 2023-cü ildə pensiyaların orta aylıq məbləğində 19 faiz artım olub.

Əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artırılması istiqamətində 4 milyondan çox vətəndaşımıza 7 milyarda yaxın vəsait ayrılmışdır. Həmin islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 71,3 faiz, median əməkhaqqı 2,2 dəfə və əməkhaqqı fondu 2,7 dəfə artmışdır. O cümlədən, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın artaraq illik 400 milyon manatdan 1,9 milyard manata yüksəlib. Bundan başqa, ünvanlı yardımın orta aylıq məbləğində 2,8 dəfə (175 manat - 487 manat), ehtiyac meyarı 2,3 dəfə (116 manat - 270 manat) artıb, habelə, 10 yeni sosial ödəniş növü təsis edilib.

Nurlan ABDALOV,

"Respublika".