Peşəkar jurnalistlərlə Böyük Qayıdış
Digər xəbərlər

Peşəkar jurnalistlərlə Böyük Qayıdış

İyulun 20-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Peşəkar jurnalistlərlə Böyük Qayıdış" mövzusunda tədbir keçirilib.

"Qayğıya ehtiyac və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi dünəndən-bu günə jurnalistikamızın inkişafı, dövlət tərəfindən göstərilən qayğı və təməli "Əkinçi" qəzeti ilə qoyulan və bu gün də davam etdirilən milli mətbuatın keşiyində dayanan media nümayəndələri ilə görüşmək olub.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə tanınmış jurnalistlərlə yanaşı, şəhid ailələrinin nümayəndələri, QHT rəhbərləri və iş adamları iştirak edib.

İctimai Birliyin sədri Yasəmən Qəyyumlu çıxış edib. Birlik sədri jurnalistlərə bu məsuliyyətli və şərəfli peşədə uğurlar arzulayıb. O bildirib ki, 1875-ci il 22 iyulda görkəmli maarifçi, təbiətşünas alim Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifələr açılıb: "Əkinçi" qəzetində dövrün görkəmli alim və ziyalılarının məqalələri çap olunub, geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunub.

Müstəqillik yolu ilə irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz buna görə də mətbuatın dostu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq hər zaman dəqiq, qərəzsiz, lazımi məlumatları və baş vermiş hadisələri ictimaiyyətə çatdıran, otuz illik yurd həsrətindən, döyüş meydanında igidlik göstərən oğulların hünərindən, şəhidlərdən, qazilərin döyüş yolundan, əldə olunan böyük qələbədən yazan peşəkar jurnalistlərlə bərabər olmağı özümüzə borc bildik".

Tədbirin sonunda dəvət olunmuş jurnalistlərə "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyi tərəfindən təsis edilmiş "Fəxri Diplom" və hədiyyələr təqdim olunub.

Töhfə SƏMƏDOVA,

"Respublika".