Prezident İlham Əliyev Azərbaycanı dünya üçün ən əhəmiyyətli ölkələr sırasına yüksəldib
MÜSAHİBƏLƏR

 Prezident İlham Əliyev Azərbaycanı dünya üçün ən əhəmiyyətli ölkələr sırasına yüksəldib

2003-cü ilin 15 oktyabrında ilk dəfə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ümummilli  lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını qətiyyətlə davam etdirərək dərin siyasi təfəkkürü, yüksək idarəçilik keyfiyyətləri ilə Azərbaycanı qüdrətli ölkəyə çevirib. O, üzərinə düşən vəzifələri inamla icra etməklə sonsuz məhəbbətlə sevdiyi xalqının nüfuzunu zirvələrə ucaldıb, gördüyü genişmiqyaslı işlərlə tarixdə dərin iz qoyub. Onun məqsədyönlü və konkret hədəflərə istiqamətlənmiş siyasi fəaliyyəti Azərbaycan dövlətinin müstəqilliyini daha da möhkəmləndirib, ideoloji dayaqlarını gücləndirib. Parlaq fəaliyyətinin hər bir məqamında dövlətimizin milli mənafeyini, xalqımızın maraq və istəklərini böyük peşəkarlıqla təmin edib. Bu gün dünya xəritəsində günü-gündən hərtərəfli inkişaf edən, iqtisadi qüdrəti durmadan artan, baş verən istənilən qlobal böhrana sinə gərən, ordusu dünyanın ən güclü orduları sırasında yer alan güclü Azərbaycan var. Bu nailiyyətlərin arxasında Prezident İlham Əliyevin səmərəli fəaliyyəti, fədakar əməyi, gərgin zəhməti, dövlətinə və xalqına sonsuz sevgisi dayanır.

Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı, onun hüquqlarının ən yüksək səviyyədə təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, normal, inkişaf etmiş, demokratik cəmiyyətdə yaşaması dayanır.  Ölkəmizdə insanların rahat yaşaması üçün demək olar ki, hər cür şərait yaradılıb, sabitlik, əmin-amanlıq bərqərar olub, ildən-ilə xalqımızın rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Cənab İlham Əliyevin təsdiq etdiyi 50-yə yaxın Dövlət Proqramı ölkə həyatının müxtəlif sahələrində islahatların əsasını qoymaqla, inkişaf prosesində ahəngdarlığı, yüksək dinamizmi təmin edib, ölkənin mövcud resursları keçid dövrü üçün səciyyəvi problemlərin aradan qaldırılmasına yönəlib. İnkişaf, sosial təminat və infrastruktur yönümlü bu layihələr, ilk növbədə hər bir vətəndaşın layiqli həyat tərzinin təminatına, insan hüquq və azadlıqlarının qorunmasına, dövlət idarəçiliyinin çevik mexanizmlər əsasında həyata keçirilməsinə, bir sözlə, vətəndaş məmnunluğuna hesablanıb.

Cənab İlham Əliyev iqtisadiyyatda qeyri-neft sektorunun inkişaf səviyyəsini yüksəltməklə böyük uğurlara imza atıb. Biz bunun real nəticələrinə pandemiya dövründə şahid olduq. Dərin böhranın yaşandığı həmin dönəmdə Azərbaycan iqtisadiyyatı inkişaf yolunu davam etdirdi. Ardıcıl olaraq ölkəmizdə iri infrastruktur layihələri uğurla icra edilməkdədir. Nəqliyyat sisteminin yenidən qurulması sayəsində ölkəmizin dünyaya çıxışı təmin edilib. Artıq Azərbaycanın tranzit imkanları genişlənib, Şərqlə Qərb arasında, Şimalla Cənub arasında etibarlı nəqliyyat qovşağına çevrilib. Möhtərəm Prezidentimiz dərin siyasi zəkası, praqmatik və rasional addımları ilə Azərbaycanı dünya üçün əhəmiyyətli bir ölkəyə çevirməyi bacarıb. Artıq ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında, bu sahədə yaşanan böhranın aradan qaldırılmasında önəmli rol oynayır. Vaxtilə utopik görünən nəhəng layihələr dövlət başçımızın dəmir iradəsi, qətiyyəti, təşəbbüskarlığı sayəsində uğurla icra edilib. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını buna misal olaraq göstərə bilərik.

Artıq ölkəmizin iştirakı olmadan regionda hansısa layihənin icrasından söhbət belə gedə bilməz. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan regionun lider dövləti statusunu qazanaraq öz uğurlarını sərgiləməkdədir. Mövzusundan asılı olmayaraq keçirilən bütün regional və beynəlxalq tədbirlərə Prezidentimiz dəvət edilir, məntiqli, dərin məzmunlu çıxışları maraqla qarşılanır, təşəbbüsləri, irəli sürdüyü təkliflər yüksək səviyyədə dəstəklənir. O, bütün platformalarda dövlətimizi ləyaqətlə təmsil edir, maraqlarını yüksək səviyyədə təmin edir, mənafeyini əzmlə qoruyur.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin şah əsəri Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunmasıdır. Demək olar ki, bütün istiqamətlərdə atılan addımlar, görülən məqsədyönlü işlər Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad olunmasına istiqamətlənmişdi. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi məhz Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqımızın sarsılmaz birliyi və Ordumuzun rəşadəti nəticəsində Zəfərlə sona çatdı, ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi bərpa oldu. Bu qələbə minilliklərə söykənən şanlı tariximizin ən parlaq səhifəsi olmaqla xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Qürurla deyə bilərik ki, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri uğurla icra edilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətləri təhlil etsək, aydın şəkildə görərik ki, bütün bunların təməlində xalqın Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşməsi durur. Məhz bu sarsılmaz birlik bizi qələbələrdən-qələbələrə daşıdı, xalqımızı müzəffər etdi. Bu gün dövlətimizin şanı-şöhrəti bütün dünyaya səs salıb. İnanırıq ki, xalqımız bundan sonra da cənab İlham Əliyevin ətrafında sıx birləşərək daha parlaq gələcəyə doğru inamla irəliləyəcək.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,

Milli Məclisin deputatı.