Qadınların hüquqlarını əlindən alan rejim qadın nüfuzundan dəm vurur
Digər xəbərlər

Qadınların hüquqlarını əlindən alan rejim qadın nüfuzundan dəm vurur

Bu il yanvar ayının 20-də İranın paytaxtı Tehran şəhərində Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi keçirilib. İran prezidenti İbrahim Rəisinin xanımı Cəmilə Sadat Alamolhodanın təşkil etdiyi tədbirdə müxtəlif sahələr üzrə tanınmış simalar, birinci xanımlar və nazir qadınların iştirakı nəzərdə tutulmuşdu.

Konqresə həmçinin Rusiya, Çin və Suriyanın birinci xanımlarının, yaxud da ən azı bir neçə nazir və ya parlament üzvlərinin qatılacağı gözlənilsə də, gözləntilər boşa çıxıb. Yaxın qonşuların və müsəlman dövlətlərin birinci xanımlarının da konqresdə iştirak etməməsi İranın öz qonşuları ilə münasibətlərinin ürəkaçan olmadığından, eyni zamanda konqresin beynəlxalq aləmdə ciddi qarşılanmadığından xəbər verirdi. "Bütün dünyada tanınmış" siyasətçinin həyat yoldaşı Anna Akopyanın iştirakı isə konqresin nüfuzuna əməlli-başlı xələl gətirib. Ən əvvəl ona görə ki, konqresin məqsədi nüfuzlu qadınları bir araya gətirmək idi. İran üçün sözsüz ki, Anna nüfuzlu qadın hesab oluna bilər. Bəs dünya ölkələri? Axı, artıq bütün dünya birliyi Ermənistanın işğalçı, terrorçu, təxribatçı ölkə olduğunu çox gözəl bilir. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, işğal etdiyi ölkənin ərazilərində onun mədəni irsini məhv edən, şəhərlərini, kəndlərini dağıdan, xalqının başına min bir müsibətlər gətirən, bütün dünyada insanlıq adına sığmayan Xocalı soyqırımı kimi faciələr törədən bir ölkənin bu xanımının hansı nüfuzundan danışmaq olar? Bu "nüfuzlu qadının" zəbt etdikləri özgə torpaqlarında rəqs etməsi və bunu utanmadan bütün dünyaya göstərməsi, özü kimi terrorçu qadınlardan ibarət dəstə yaratması və bu dəstə ilə 2020-ci il sentyabrın 2-də Qarabağa gələrək burada əlində silah sürünərək atəş açmasını görüntələyən şəkillər paylaşması hansı nüfuzun, hansı hörmətin göstəricisidir?.. İkinci Qarabağ müharibəsində 18-27 yaşlı qadınları 45 günlük hərbi təlimlərə cəlb etməklə bağlı təşəbbüs qaldıran həmin bu Anna hardan oldu nüfuzlu qadın?

Bəli, xalqımızın gözəl bir deyimi var: "Su axar, çuxurun tapar". Ermənistanın bu "nüfuzlu" xanımı yuvarlandığı çuxurda İranlı silahdaşlarını tapıb. Belə ki, İran rəsmiləri Anna Akopyanı yuxarı başda - İran prezidenti Rəisi və xarici işlər naziri Abdullahianın yanında əyləşdirib, ona xüsusi sevgi ilə yanaşıblar. Hətta tədbirdə çıxış etmək üçün Anna Akopyana söz də verilib. Ermənistanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Arsen Avaqyanın müşayiəti ilə İran İslam Respublikası Prezidentinin xanımı Cəmilə Sadat Alamolhoda və İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ensie Xazali ilə görüşdən sonra İran prezidentinin xanımı və onun qızı ilə birgə Qum şəhərinə gedərək oradakı məscidi və Həzrəti Fatimə Məsumənin məqbərəsini də ziyarət edib.

Formal xarakter daşıyan bu konqresin keçirilməsində molla rejiminin başqa planları var imiş. Ermənistanla qardaşlaşan cənub qonşumuzun Anna Akopyanı əzizləyib məclisinin yuxarı başında oturtması da təsadüfi deyildi. Müsəlmanların müqəddəs yerlərini "ziyarət etdirmək", yəni murdarlamaq, başına saf, təmiz müsəlman qadınının baş örtüsü olan çadranı bağlatdırmağın altında başqa mətləblər var. Yəqin İran ermənilərin Qarabağda azərbaycanlılara məxsus olan dini ibadət yerlərinə, məscidlərinə donuz bağlayaraq murdarlamasının kifayət olmadığını fikirləşir. Ya da bu hərəkəti ilə göstərmək istəyir ki, ölkəmizin adında islam sözünün yazılmasına fikir verməyin, bizim üçün nə din, nə məzhəb, nə də ki, mənəviyyat var.

Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxış edərək bildirib ki, İran Fələstin, Yəmən, Əfqanıstan, Ukrayna və eləcə də böhran vəziyyətində olan digər ölkələrdə qadın və uşaqların vəziyyətindən narahatdır. Bir deyən lazımdır ki, öz ölkəndə qadınların vəziyyətindən niyə narahatlıq hissi keçirmirsən? Gündə bir qadının ölümünə fətva verən, gənc, uşaq, cavan, yaşlı bilmədən üzünə ölüm hökmü oxuduğun o insanların taleyi heçmi maraqlandırmır bədnam islam ölkəsini? Axı, gənc Məshanın baş örtüsünə görə əxlaq polisi tərəfindən saxlanması, sonra isə öldürülməsinə görə İranda 5 aydan çoxdur ki, "Qadınlar, həyat, azadlıq" şüarı altında keçirilən etiraz aksiyaları səngimir. Qadın hüquqlarının təmin olunmadığı bir ölkə rəsmisinin başqa bir ölkədə qadınların, uşaqların hüququndan danışmağa nə haqqı, nə də hüququ yoxdur. Bu baxımdan, insan hüquqlarını tapdalayan, xüsusilə də qadınların azadlığını məhdudlaşdıran molla rejiminin belə bir tədbir keçirməyə də haqqı çatmır.

Mehparə ƏLİYEVA,

"Respublika".