QALİB AZƏRBAYCANIN UĞURLU GƏNCLƏR SİYASƏTİ
Sosial həyat

QALİB AZƏRBAYCANIN UĞURLU GƏNCLƏR SİYASƏTİ

Ömrün çılğın çağlarını yaşayan gənclər cəmiyyətin aparıcı qüvvəsi, xalqın, millətin, dövlətin işıqlı sabahı, etibarlı gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü, yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir.

"Gənclər böyük qüvvədir... Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir"- deyən ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycan gəncliyi daha inamlı, mütəşəkkil və məfkurəli, əzəmətli və qüdrətli qüvvəyə çevrildi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.

Ulu öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli yönündə həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu, respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaradırdı.

Ulu öndər Heydər Əliyevin gənclər siyasəti bu gün uğurla davam etdirilir və Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsində gənclərə böyük etimad göstərilir və onlara yüksək şərait yaradılması istiqamətində mühüm Dövlət proqramları qəbul edilir.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət həyata keçirməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimiz gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 28-də "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"nı təsdiq edib.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

Davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir.

Mütərəqqi gənclər siyasəti gənc nəslin inkişaf, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan, 44 günlük Vətən müharibəsindən şərəflə çıxması Azərbaycan gəncinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayişi idi. Bununla torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən gənclərimiz dövlətin onlara olan etimadını layiqincə doğrultdular.

Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Ötən il Laçın-Xankəndi yolunda böyük fədakarlıq göstərən gənclərimiz düşmənə yenə də gözdağı verdilər. Əsasən, gənclərdən ibarət olan azərbaycanlı ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq Laçın-Xankəndi yolu üzərində dinc aksiya keçirməklə məqsədlərinə nail oldular. Gecə-gündüz, şaxtalı-qarlı havada öz haqlarını tələb edən gənclərin bu fədakarlıqları dövlət tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, Azərbaycan gəncinin nə qədər ali keyfiyyətlərə malik olmasına dünya şahid oldu.

 Əminik ki, gəncliyimiz fevralın 7-də növbədənkənar prezident seçkilərində də öz fəallıqları ilə fərqlənəcək, firavan sabahımıza səs verəcəkdir.

Nurəngiz ADİLQIZI,

"Respublika".