Qalib ölkənin vətəndaşı olaraq səs verəcəyik
Siyasət

Qalib ölkənin vətəndaşı olaraq səs verəcəyik

Ölkəmizdə çox mühüm siyasi bir mərhələ başlayıb, növbədənkənar prezident seçkiləri ilə bağlı hazırlıq işləri aparılır. Qarabağın və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük qayıdışı bölgədə yeni bir reallıq yaradıb. Onlardan ən əsası isə məhz 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq növbədənkənar prezident seçkilərinin keçirilməsidir.

Ordumuzun hərbi üstünlüyü sayəsində məğlubiyyət aktına qol çəkən Ermənistan Ağdam, Kəlbəcər və Laçını geri qaytarmağa məcbur edildi. Bir güllə atılmadan, şəhid vermədən azad edilən, lakin Ermənistan tərəfindən xarabalığa çevrilən Ağdamda üç ildir ki, çox genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, mühüm infrastruktur layihələr icra edilir, yaşayış məhəllələri salınır. Belə sevincli günlər yaşayan, yurd həsrətinə son qoyulan ağdamlı seçicilər fevralın 7-də növbədənkənar prezident seçkilərində iştirak edəcəklər.

118 saylı Ağdam Şəhər Dairə Seçki Komissiyası Quzanlı qəsəbəsində yerləşir.  Dairə üzrə 59 seçki məntəqəsi təşkil edilib.  Bakı,  Mingəçevir,  Bərdə və digər şəhərlərdə məskunlaşmış şəhər əhalisi həmin ərazilərdə təşkil edilmiş seçki məntəqələrində səs verəcəklər.  Fərəh hissilə qeyd edək ki, 3 seçki məntəqəsi işğaldan azad edilən Ağdam şəhərində yaradılıb. Dairə Seçki Komissiyasının sədri Hamlet Quliyevin verdiyi məlumata görə, növbədənkənar prezident seçkilərində 57 min nəfər şəhər əhalisinin  səs verməsi gözlənilir. Bütün seçki məntəqələrinin maddi-texniki təchizat məsələləri öz həllini  tapıb, şəffaf seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradılıb, seçici siyahıları dəqiqləşdirilir. Seçki məntəqələri etibarlı rabitə,  fasiləsiz elektrik enerjisi ilə təmin olunub.  Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar avadanlıqlar paylanılıb, seçici siyahıları və məlumat lövhələri asılıb.  Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib.  Katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.  Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər müəyyənləşdirilib.

 Qeyd edək ki, Ağdamda tikinti-quruculuq işlərində çalışan yerli sakinlərlə birlikdə digər yerlərdən gəlib burada çalışan və səsvermə hüququ olan insanlar da səs verəcəklər. Növbədənkənar prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi təmin olunacaq. Bir neçə seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Yanvarın 15-dən başlayaraq Seçki Məcəlləsinə əsasən,  qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri,  namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları,  onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılıb.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ildən artıq yurd yerlərindən, doğma evlərindən didərgin düşən həmyerlilərinin bütün arzu və duyğularını ifadə edən Ağdam şəhər sakini Əkbər Rüstəmov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.  Oğlu Sənanla çiyin-çiyinə Ermənistanın hərbi təcavüzünə qarşı döyüşüb. Sənan döyüşlərin birində qəhrəmanlıq göstərərək şəhid olub.  Şəhid atası deyir:

- Doğulub boya-başa çatdığım Ağdama qayıdacağımız günü səbirsizliklə gözləyirəm. Xalqımız 44 günlük müharibədə bir yumruq kimi birləşdi, ordumuza mənəvi dəstək verərək düşmənə sarsıdıcı zərbələr endirdik, xain düşməni torpaqlarımızdan qovduq.  Bütün şəhid ailələrinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.  Çox sevinir, qürur duyuruq ki, yeni bir Ağdamı görəcəyik, nəvə-nəticələrimiz müasir bir şəhərdə yaşayacaq.  Dünyada bundan böyük xoşbəxtlik ola bilməz. Fevralın 7-də həyat yoldaşımla birlikdə seçki məntəqəsinə gedəcək və ən layiqli namizədə səs verəcəyik.

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Elnarə Allahverdiyeva öz təəssüratlarını bizimlə bölüşür:

- On səkkiz yaşım var. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcəyəm.  Bunun üçün həm sevincli, həm də qürurluyam. Həm də Qalib ölkənin qalib vətəndaşı kimi səs verəcəyəm. Yurd həsrətimiz bitib, tarixi günlərə şahidlik edirik.  Fevralın 7-si bizim üçün yaddaşlara əbədi həkk olacaq bir təqvimə çevriləcək.

Salman ALIOĞLU,

"Respublika".