Qalib ölkənin Zəfər paradı
Siyasət

Qalib ölkənin Zəfər paradı

"Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir..."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının

Prezidenti.

44 günlük müharibə… 30 illik erməni işğalına son qoyan tarixi Zəfərimiz. Bütün dünya torpaqları təcavüzə məruz qalan, mədəni və təbii sərvətləri vəhşicəsinə talanan, tarixi, dini abidələri vandalizmin qurbanı olan bir millətin ayağa qalxdığının, mənfur düşməni darmadağın etdiyinin şahidi oldu.

Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq 44 günlük ildırımsürətli müharibədə işğal altındakı ərazilərimizi azad etməsi təkcə ölkəmizin tarixində deyil, dünya hərb tarixində də mühüm səhifədir. Müzəffər Ali Baş Komandanın orduya "irəli" əmri verməsindən sonra beynəlxalq birlik, ermənilərin təbliğat maşını, hayların "məğlubedilməzlik" mifi darmadağın edilmişdir. Ölkə başçımızın beynəlxalq ictimaiyyətə verdiyi məntiqli və tutarlı açıqlamaları qarşısında rəzil olan Ermənistanın dünyanın gözünə kül üfürdüyü, hərbi üstünlüyə sahib olmadığı faktı bir daha öz təsdiqini tapmışdır. Tarix boyu erməni faşizmi "böyük Ermənistan" illüziyasını Azərbaycan ərazisində ikinci erməni dövlətini yaratmaqla həyata keçirməyə çalışmışdır. Tarixi Zəfərimizin nəticəsidir ki, bu gün Ermənistanın yeni ərazi iddialarını reallaşdırmaq üçün aldığı 3,8 milyard dollarlıq hərbi texnikanın bir hissəsi məhz Hərbi Qənimətlər Parkında sərgilənməkdədir.

Bakının Azadlıq meydanı tarixdə çox hadisələrə şahidlik etmişdir. 1988-ci ildə hayların Azərbaycana qarşı təcavüzkar siyasətinə xalqımızın ilk kütləvi və mütəşəkkil etirazları da bu meydanda ifadə olunmuşdur. 2020-ci ilin 10 dekabrında Azadlıq meydanında keçirilən hərbi parad isə tariximizin şərəf səhifəsinə yazılmışdır. Hərbi paradın bu tarixə təyin olunması beynəlxalq aləmə verilmiş subliminal mesaj kimi dəyərləndirilə bilər. 10 dekabr günü bu il sentyabr ayının 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində tarixin arxivinə göndərilmiş qondarma separatçı rejim üçün simvolik önəm daşıyırdı. Belə ki, 10 dekabr 1991-ci ildə Qarabağda qondarma respublikanın müstəqilliyinə dair referendum keçirilmişdir. Azərbaycan dünya ermənilərinin hər il xüsusi təmtəraqla qeyd etdiyi 10 dekabr tarixində Zəfər paradı keçirməklə həm Ermənistana, həm də onun dünyadakı himayədarlarına mesaj vermiş oldu: Qarabağ Azərbaycandır!

Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Azərbaycan-Türkiyə qardaşlığı bir daha təsdiq olundu. Paradda Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da paradda iştirakı bütün dünyaya mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə liderinin çıxışı başda türk dünyası olmaqla bütün ölkələrdə əbədi olaraq xatırlanacaq: "Bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq. Qardaşım İlham Əliyevə bu yüksək dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm. Azərbaycanın 44 gün davam edən şanlı mübarizəsində şəhid olan igidlərə Uca Allahdan rəhmət, qazilərimizə tezliklə sağalmalarını arzulayıram. Şair Bəxtiyar Vahabzadənin dediyi kimi:

Hardan sənin oldu bizim Qarabağ?

Adı sahibini demirmi aşkar?

Xoşluqla verməzlər torpağı, ancaq

Qanla möhürləyib, zorla alarlar".

44 gün ərzində biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədik. Düşməni torpaqlarımızdan qovduq, erməni faşizminin başını əzdik və indi azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür.

Bu gün qüdrətli Azərbaycan dövləti ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Əminliklə qeyd edə bilərik ki, 10 dekabr Zəfər paradından sonra bu il noyabrın 8-də Azərbaycanın dilbər guşəsi Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad qələbəmizi bir daha bəyan etdi. Bu dəfə Azərbaycan xalqı bütün ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması sevinci ilə paradı izləyirdi. Dünya ictimaiyyəti bir daha "Qarabağ Azərbaycandır!" reallığının şahidi oldu. Xankəndi paradı bu reallığı əyani şəkildə təsdiqlədi. Silahlı Qüvvələrimizin parad heyətləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan - Qələbənin rəmzinə çevrilən Zəfər Bayrağını, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarının Xankəndi şəhərinin mərkəzi meydanına gətirmələri hər bir soydaşımızı qürurlandırdı.

İndi regionda yeni reallıqlar formalaşıb və məğlub tərəf bu reallıqlar kontekstində siyasət yürütməlidir. Bundan sonra revanşist planlar, hərbi eskalasiya və müharibələr Ermənistana heç nə qazandırmayacaq. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, onun arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, onlar paradlara nəzər yetirsinlər və bilsinlər ki, heç bir qüvvə bizi təhdid edə bilməz.

Nurlan ABDALOV,

"Respublika".