Siyasət

"Qarabağ Azərbaycan torpağıdır" Türkiyə liderinin BMT Baş Assambleyasının 78-ci sessiyasında səsləndirdiyi bu fikir alqışlarla qarşılandı

2023-cü il 21 sentyabr. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyası. Kürsüdə Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanın haqq işini hər zaman dəstəkləyən, beynəlxalq toplantılarda Qarabağ münaqişəsinin ədalətli həllinə çağırış edən türk lideri Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra öz məğlubiyyətilə barışmayan ermənilərin götürdükləri öhdəlikləri pozaraq törətdikləri terror aktlarına qarşı başlatdığı antiterror tədbirlərinə haqq qazandırır, bunun bölgədə yeni reallıqlar yaradacağına əminlik ifadə edirdi. Qardaş ölkənin rəhbəri bir daha dünyaya bildirirdi: "Qarabağ Azərbaycan torpağıdır!". Bu isə adi, şüar xarakterli bir fikir deyildi. Bir anlığa məhz o məqamı xatırlamağa çalışın. Rəcəb Tayyib Ərdoğanın o sözləri səsləndirərkən salonda alqışlarla qarşılanması bir azərbaycanlı olaraq mənə dünya boyda sevinc yaşatmışdı. Çünki o anda erməni nümayəndələrinin çaşqınlıqla ətrafı seyr etməsi, bir-birinin üzünə donuq nəzərlərlə baxması bəlli mətləbi anladırdı: "Haqq nazilər, üzülməz!".

İllərlə haqqımız tapdalansa da, nazilsə də üzülmədi, yerini tutdu. O alqışlar dünyaya bir daha göstərdi ki, Azərbaycan tək deyil, onun dostları da var. Azərbaycan tək deyil, çünki lazım gələndə öndə, məqam düşəndə arxamızda dayanan qardaş Türkiyə var. 20 ildir ki, xalqının maraqları ilə yanaşı, həm də Azərbaycanın mövqeyindən çıxış edən Rəcəb Tayyib Ərdoğan bütün türk dünyasının lideri kimi onun gücünü dünyaya göstərməyə çalışır. Ancaq gəlin etiraf edək ki, Ərdoğanın türk sevdasında Azərbaycanın yeri də, payı da fərqlidir. Və düşünürəm ki, türk lideri də bu missiyanı böyük məmnuniyyətlə yerinə yetirir.

Sentyabrın 25-də isə Rəcəb Tayyib Ərdoğan Azərbaycan sevdasını bir daha bəyan etdi. Bu dəfə isə qədim Azərbaycan diyarı olan Naxçıvandan:

Hər bəladan əsirgə yurdumuzu,

Kamran eylə şanlı ordumuzu!

İki ölkə arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatlarla çıxışında Türkiyə lideri Hüseyn Cavidin "Dəniz tamaşası" şeirinin yuxarıdakı misralarını səsləndirərək şairin bir əsr öncə etdiyi duanın qəbul olunmasının bəxtiyarlığını yaşadığımızı söyləmişdi qürurla.

Bəli, sentyabrın 25-də daha bir tarixi sənədə imza atıldı, İğdır-Naxçıvan qaz boru kəmərinin təməli qoyuldu. İki ölkə lideri Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılışına da qatıldı: "Türkiyəni türk dünyası ilə birləşdirən Naxçıvanda sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram", - deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra vurğuladı: "2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın ümummilli lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm".

Türkiyə Prezidentinin Naxçıvana budəfəki gəlişi də səbəbsiz deyildi. Çünki o, azərbaycanlı həmkarı ilə birlikdə İğdır-Naxçıvan Təbii Qaz Boru Xəttinin təməlqoyma mərasimində və müasirləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak etmək üçün gəlmişdi. Maraqlısı budur ki, Ərdoğanın Azərbaycana səfəri Qarabağda keçirilmiş "antiterror tədbiri"ndən sonraya təsadüf etmişdi. Bu, mənada, siyasi təhlilçilər də məsələyə müxtəlif cür yanaşma nümayiş etdirirlər. Belə ki, bəziləri hesab edir ki, rəsmi Bakı bununla Qarabağa nəzarəti ələ aldıqdan sonra növbəti hədəfini - Zəngəzur dəhlizinin açılmasına yönəltmək istəyir. Amma keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ərdoğanın Azərbaycana səfərinin əvvəldən planlaşdırıldığını, sadəcə, baş verən hadisələrin bu səfərin əhəmiyyətini artırdığını bildirir. O deyir ki, müxtəlif ölkələrin Zəngəzur dəhlizi məsələsinə marağı böyükdür və Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqəsinin yaradılmasının vacibliyilə yanaşı, başqa məsələlər də var: "İlk növbədə, bu, Azərbaycanla Türkiyə arasında kommunikasiyaların möhkəmlənməsinə xidmət edəcək". Təhlilçi haqlı olaraq Qarabağdakı hadisələrlə Zəngəzur layihəsi arasında paralellər aparmağı yersiz sayır və qeyd edir ki, Qarabağ Azərbaycanın daxili işi idi, Zəngəzur dəhlizi isə Azərbaycanla Ermənistan arasında mövzudur: "Bu mövzu və buna aid danışıqlar davam edəcək".

Təbii ki, səfər Azərbaycanın Qarabağdakı erməni separatçılarına qarşı başladığı və atəşkəslə bitən "antiterror tədbirləri"ndən sonra "Azərbaycana dəstək məqsədi daşıyır". Bunu isə BBC türkcə yazıb.

Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında Şuşa Bəyannaməsinin münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsi olduğunu vurğulayaraq, həmçinin Naxçıvanın tarix boyu daşıdığı strateji önəmlə Azərbaycanla əlaqələrdə özəl bir yerə sahib olduğunu bəyan edib: "Naxçıvan bu gün iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılmasıyla Naxçıvanın bu potensialı tam mənasıyla həyata keçirmək imkanına qovuşacağıq".

Bəli, sentyabrın 19-da Azərbaycan Qarabağda antiterror tədbirləri ilə öz suverenliyini tam bərpa etdi. Əgər üç il əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində işğala son qoyduqsa, bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın istiqamətində sərhəd-keçid məntəqəsi yaratmaqla ərazi bütövlüyümüzü tam bərpa etdik.

Son vaxtlar hadisələr sürətlə dəyişir. Bizə feyz yaşadan anlar, məqamlar yaddaşlarımıza dərin iz buraxır. Elə BMT-nin Baş Assambleyasının 78-ci sessiyasında Ərdoğanın çıxışı da təkcə yaddaşlarımıza deyil, həm də tarixə yazıldı. Gəlin, hər birimizə qürur yaşadan o məqamı bir daha xatırlayaq: "Cənubi Qafqazda sülhün, hüzurun və işbirliyinin qurulması yolunda önümüzdə tarixi bir fürsət yaranıb. Bu fürsəti dəyərləndirmək üçün Ermənistanla yaxşı qonşuluq əlaqələrini və tam normallaşmağı hədəfləyən bir dönəm başlatdıq. Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesini başından bəri dəstəklədik. Ancaq Ermənistanın bu tarixi fürsəti yetərincə dəyərləndirmədiyini görürük. Ermənistanın başda Zəngəzur dəhlizinin açılması olmaqla verdiyi sözləri yerinə yetirməsini gözləyirik. Artıq hər kəsin qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, bir statusun yaradılması əsla qəbul edilməyəcəkdir. Ermənilər də daxil olmaqla hər kəsin Azərbaycan torpaqlarında sülh içində, yan-yana yaşaması əsas hədəfimiz olmaldır. "Tək millət, iki dövlət" şüarı ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütünlüyünün qorunması istiqamətində atdığı addımları dəstəkləyirik..."

Zümrüd QURBANQIZI,

"Respublika".