Yalan və manipulyasiyalar üzərində qurulan
Siyasət

Yalan və manipulyasiyalar üzərində qurulan "qaçqın" iddiası

Qarabağı könüllü şəkildə tərk edən erməni əsilli sakinlər Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Azərbaycan ərazisindən çıxıblar və təbii olaraq onların sayı ilə bağlı dəqiq məlumat Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində var. Ona görə də Ermənistan tərəfinin rəqəmləri şişirtməklə hadisələri manipulyasiya etmək cəhdləri ənənəvi ritorikanın davamıdır. Onlar bu yolla həmin şəxslərin "hüquqları" ilə bağlı məsələni beynəlxalq müstəviyə çıxarmaq üçün hüquqi zəmin hazırlamağa çalışırlar. Digər tərəfdən, Qarabağ sakini olan həmin şəxslərə "qaçqın" statusu verməklə əsas hədəfləri olan "etnik təmizləmə" şousunu davam etdirərək həm qlobal institutlardan maliyyə yardımı almaq, həm də Azərbaycana qarşı siyasi təzyiq mexanizmi yaratmaqdır.

Bu ssenari üzrə məkrli addımların davam etdirildiyi halda da paralel şəkildə Paşinyan guya Azərbaycan ilə sülh müqaviləsinin imzalanmasına hazır olduqları haqqında bəyanatlar verir. Hətta Azərbaycanın təqdim etdiyi beş prinsipdən üçünün Ermənistan tərəfindən qəbul edildiyi bildirilir. İlkin olaraq bu prinsiplərə nəzər yetirsək aydın şəkildə müşahidə edə bilərik ki, bu beş prinsipin hər biri beynəlxalq hüquqa istinad edir və biri digərini tamamladığı üçün regionda həqiqi sülh və sabitliyin təmin olunması məqsədilə istisnasız olaraq qəbul edilməlidir. Belə ki, Paşinyanın qəbul etdiklərini bəyan etdiyi üç prinsip dövlətlərin bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması ilə bağlı öhdəliklərin yerinə yetirilməsidir. Mövqe nümayiş etdirməkdən yayındığı digər iki prinsip isə dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi və dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinməklə bağlı müddəalardır. Yəni bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı öhdəlikləri qəbul edərək kommunikasiya xətlərinin bərpa olunmasını dəstəkləyən Ermənistan digər tərəfdən ərazi iddiaları səsləndirməyəcəyi və milli təhlükəsizliyə hədə yaradacaq addımlardan çəkinəcəyi ilə bağlı hüquqi öhdəlik götürmür və "etnik təmizləmə" şousunu davam etdirirsə, deməli, erməni tərəfi nəinki sülhə hazır deyil, eləcə də revanşist ideologiyanın daşıyıcısı olmağa davam edərək siyasi manevr imkanı qazanmağa çalışır. Fransanın Ermənistanı hərbiləşdirməsi ilə bağlı atdığı addımların region üçün yaratdığı təhdidləri də dəyərləndirdikdə, Ermənistan və onun havadarlarının həqiqi sülh anlayışından çox uzaq olduğu məlum olur. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, 30 illik işğal dövründə erməni lobbisinin maliyyə vəsaiti hesabına məqsədli şəkildə Qarabağa köçürülən erməni əsilli sakinlərə bu gün yenə erməni lobbisinin və eyni maraqların daşıyıcısı olan siyasi dairələrin ssenarisi və maliyyə dəstəyilə "qaçqın" statusunun verilməsinin arxasında dayanan məkrli niyyətləri aydın şəkildə görə bilərik.

Aytən QURBANOVA,

politoloq.