Bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına - Qarabağ və Şərqi Zəngəzura səfər edən İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Klub 100" təşkilatının 30 nəfərdən çox heyəti Füzuli, Xocavənd və Ağdam rayonlarında olublar. Uzun illər işğal altında qalan torpaqlarımızda dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçirilib. Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, vandallıqlar, şəhərlərin, kəndlərin xarabalığa çevrilməsi xarici səyyahları dəhşətə gətirib.
Bundan əlavə, onlar torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə də yaxından tanış olublar. Səyyahlara bildirilib ki, 27 il düşmən əsarətində qalan Zəngilan artıq üç ildir inkişaf etməyə başlayıb. Bu günə kimi Ağalı kəndində 86 ailə olmaqla, 420 sakin doğma yurduna qovuşub. Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb və bir neçə inzibati bina inşa edilib. Həmçinin, kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır. Bundan başqa, Zəngilan şəhərində və bir neçə kənddə yaşayış məhəllələrinin və digər infrastrukturun təməli qoyulub. Qeyd edək ki, səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün müstəsna əhəmiyyət daşıyır. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels" Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri isə 2023-cü ildə reallaşıb. İsveçdən olan səyahətçilərin növbəti səfəri sayca 7-cidir.
Millət vəkili Fatma Yıldırım bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş bölgələrində müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu baxımdan, həmin ərazilərə xarici ölkələrin nümayəndələrinin səfərlərinin təşkil olunması çox əhəmiyyətlidir. Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərimizə mütəmadi olaraq təşkil edilən səfərlər, keçirilən tədbirlər həm də rəmzi məna daşıyır. Bu o deməkdir ki, bu yerlər bizim tarixi, əzəli torpaqlarımızdır və ermənilərin indiyədək olan təbliğatı yalandan başqa bir şey deyil. Müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin, xarici jurnalistlərin, elm, mədəniyyət xadimlərinin və digər nüfuzlu şəxslərin bu səfərləri, reallıqları öz gözləri ilə görmələri çox yaxşı haldır. Bu baxımdan, isveçli səyyahların Zəngilan rayonunun Ağalı kəndinə səfəri də xüsusi vurğulanmalıdır. Bununla, bütün dünyaya Qarabağ və Şərqi Zəngəzurun tarixi Azərbaycan torpağı olması, eləcə də ermənilərin işğal dövründə törətdikləri vandalizm nümayiş etdirilir. Bu ənənənin davam etdirilməsi milli maraqlarımıza uyğundur. Ağalı kəndinə isveçli səyyahların səfərinin təşkil edilməsi digər cəhətdən də önəmlidir. Belə ki, əcnəbilər azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərinin nə qədər böyük vüsət aldığının şahidi oldular. Böyük qayıdışın ilk müjdəsi olan Ağalı kəndi ən müasir standartlara uyğun tikilib, doğma yurdlarına qayıdan insanlar üçün bütün zəruri şərait yaradılıb. Azərbaycan dövləti digər ərazilərimizi də ən müasir səviyyədə bərpa etmək əzmindədir və bu proses uğurla davam etdirilir. Əlbəttə ki, isveçli səyyahlar bütün bunların canlı şahidi oldular. Onlar yəqin ki, bu gördüklərini öz vətənlərində və səfər etdikləri digər ölkələrdə də təbliğ edəcəklər. Bu da Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir.
Nuranə DAXİLQIZI,
"Respublika".