Qarabağ və Şərqi Zəngəzur intellekt baxımından da bərpa olunur
Elm və təhsil

Qarabağ və Şərqi Zəngəzur intellekt baxımından da bərpa olunur

Azərbaycanın tarixi şəhərlərindən biri olan Xankəndi hər zaman inkişaf perspektivinə görə Qarabağın və ölkəmizin digər regionlarının həyatında mühüm rol oynayıb. Ermənilərin sayçoxluğuna baxmayaraq, azərbaycanlılar da şəhərin bütün fəaliyyət sahəsində iştirak edib.

Lakin süni şəkildə ortaya atılan Qarabağ münaqişəsi nəticəsində həmyerlilərimiz Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərindən olduğu kimi, Xankəndi şəhərindən də deportasiyaya məruz qalmışlar. Ancaq 2020-ci ildəki tarixi qələbə və bu ilin sentyabr ayında uğurla həyata keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycan bütün ərazilərini həm işğaldan azad etdi, həm də suverenliyini qoruya bildi. Bununla da daşnaklar tərəfindən zəhər yuvasına çevrilmiş yurdumuz öz hürriyyətinə qovuşdu. Artıq həmin regionlarda dövlət başçımızın tapşırığına uyğun olaraq bərpa-quruculuq işləri davam edir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Noyabrın 28-də dövlət başçısının imzaladığı daha bir tarixi Sərəncam azərbaycanlıların 1988-ci ildə planlı şəkildə itirilmiş hüquqlarının bərpa olunmasına şərait yaratdı. Belə ki, bu qərara əsasən Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

Qeyd edək ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olmuşdur. Xankəndi şəhəri həm də təhsil mərkəzi sayılırdı. Şəhərdə ilk ali təhsil ocağı ötən əsrin 60-cı illərinin sonunda Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlamışdı. Təbii ki, öncə ermənilər Xankəndidə belə bir institutun yaradılmasına etiraz etmişdilər. Çünki daşnakların Qarabağla bağlı çirkin planlarına zidd olaraq institutun yaradılması burada demoqrafik vəziyyətin dəyişməsinə səbəb ola bilərdi. Ona görə də ermənilər qəti şəkildə bildirirdilər ki, bu institut Xankəndidə deyil, Şuşada açılsın. Lakin ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra institut qərarda göstərildiyi kimi, Xankəndidə fəaliyyətə başladı və ümummilli liderin diqqəti sayəsində 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi işini davam etdirdi. Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsindən sonra ermənipərəst qüvvələrin məkrli planları özünü göstərdi. Nəticədə SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov tərəfindən 1988-ci ilin oktyabr ayında Xankəndi Pedaqoji İnstitutunun iki il müddətinə bağlanması haqqında fərman imzalandı. Bu fərmanın institutun Azərbaycan şöbəsinin Gəncəyə, erməni şöbəsinin isə Ermənistan rayonlarına köçürülməsi qeyd olunurdu. Bu fərmanın pərdəarxasında əsas məqsəd isə azərbaycanlıları Xankəndidən kənarlaşdırmaq idi. Və ermənilər Sovet rəhbərliyinin bu qərəzli qərarı ilə məqsədlərinə çata bildilər. Çünki azərbaycanlılar instututdan çıxarılsalar da ermənilər təhsillərinə davam edirdilər. Elə həmin illərdən başlayan erməni işğalları 1991-ci ildə Xankəndinin zəbt olunması ilə nəticələndi və 30 il separatizmin beşiyinə çevrilən şəhərdə ümumiyyətlə bir nəfər belə olsun azərbaycanlı qalmadı.

Amma 2020-ci ildən etibarən Cənubi Qafqazda situasiyanın Azərbaycanın lehinə dəyişməsi yenidən taleyimizi öz əlimizə qaytardı. Artıq bu torpaqlarda kimlərinsə verdiyi qərarlar deyil, ölkə rəhbərinin sərəncamları icra olunur. Böyük mütəfəkkirlərin yetişdiyi Qarabağın yenidən təhsil ocağına çevrilməsi regionun inkişafına da böyük təsir göstərəcək, yeni kadrların hazırlanması baxımından da xüsusi önəm daşıyacaq, yenidən tariximizə töhfələr verəcək. Bu baxımdan deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur təkcə tikinti işləri ilə deyil, həm də intellekt baxımından da bərpa olunur.

 Qarabağ Universitetində yerli universitetlərlə ikili diplom proqramları çərçivəsində tələbə qəbulu aparılacaq və universitetdə növbəti tədris ilind 800-1000 tələbənin təhsil alması planlaşdırılıb və tədrisi nəzərdə tutulan ixtisaslar da bəlli olub. İlkin mərhələdə universitetdə 4 fakültənin olması nəzərdə tutulub ki, burada da tələbələr ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi; şəhərsalma; inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarəedilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibat, turizm işinin təşkili, turizm bələdçiliyi ixtisasları üzrə təhsil ala biləcəklər. Bu da regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsinə böyük töhfə olacaq.

Musa BAĞIRLI,

"Respublika".