Qarabağdakı ermənilər üçün dinc-yanaşı yaşamaq ən real yoldur
Digər xəbərlər

Qarabağdakı ermənilər üçün dinc-yanaşı yaşamaq ən real yoldur

"Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq... Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.

Dövlət başçısı Xankəndidəki ermənilərlə bağlı mövqeyini dəfələrlə bəyan edib, müsahibədə yenidən bunu xatırlatması isə o deməkdir ki, bu məsələdə Azərbaycan israrlıdır və heç bir güzəştə getməyəcək. Son 30 ildə regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədə məğlub olub kapitulyasiya aktına imza atsa da, öz təcavüzkarlıq siyasətindən əl çəkmir. Məğlubiyyətini həzm etməyən bu ölkədə bəzi qüvvələr revanşist mövqedən çıxış edir. "Bəlkə də qaytardılar" xülyası ilə yaşayaraq müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlara rəvac verir, yalan məlumatlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan Azərbaycanın 5 maddədən ibarət sülh təklifinə də məhəl qoymur, onu imzalamaqdan qaçır. Məğlub ölkənin bu davranışları isə haqlı olaraq qalib Azərbaycanı qane etmir. Azərbaycan regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülh müqaviləsinin bağlanmasını, sərhədlərin delimitasiya və demarkasiyasını zəruri hesab edir.

Ölkə başçısı onu da qeyd edib ki, Azərbaycanın heç bir vasitəçiyə ehtiyacı yoxdur: "Biz müharibədən sonra Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini - xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək həvəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, - irəli sürdük. Bütün bunlar, əslində, beynəlxalq hüququn əsas prinsipləridir və hesab edirəm ki, münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır...".

Ermənistan rəsmiləri müxtəlif ölkələrin və beynəlxalq qurumların iştirakı ilə aparılan danışıqlarda daim Qarabağda yaşayan ermənilərə hansısa "status" verilməsi şərtini irəli sürürlər. Azərbaycan qətiyyətlə bildirir ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi qeyri-mümkündür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq.

Azərbaycan dövləti bəyan edir ki, Qarabağda yaşayan erməni əhalisinin taleyi ilə bağlı heç bir narahatçılığa əsas yoxdur. Çünki respublikamız dünyaya tolerantlıq, multikulturalizm nümunəsi göstərir, ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri dinc-yanaşı şəraitdə yaşayır və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür, çünki onlar da Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edə biləcəklər.

Məlumdur ki, işğal dövründə Qarabağda yaradılmış separatçı rejimə kifayət qədər maliyyə vəsaiti ayrılır. Ermənistan 2021-ci ildə bu məqsədlə 244 milyon dollar, 2022-ci ildə 288 milyon dollar sərf edib. Bu vəsaitin bir hissəsi Qarabağda məskunlaşan 20 min civarındakı erməninin kommunal xərclərinin, maaş, təqaüd və pensiyaların ödənilməsinə, bir hissəsi bağça, məktəb və bu qəbildən olan digər obyektlərin saxlanılmasına və s. məqsədlərə yönəldilir. Vəsaitin əsas hissəsinin təyinatı isə sirr kimi saxlanılır. Sülh müqaviləsi imzalandıqdan sonra de-fakto və de-yure Azərbaycanın tabeçiliyində olan əraziyə nə Ermənistan, nə də lobbi təşkilatlarının maliyyə dəstəyinə ehtiyac qalmayacaq. Azərbaycan güclü dövlətdir və ölkəmizin orada yaşayan erməni əhalisinin dövlət təminatlarını ödəməsi üçün hər cür imkanlar var.

Digər bir tərəfdən Ermənistanın da yükü azalmış olar. Onsuz da son vaxtlarda ölkənin kasıb büdcəsinin bu yükdən azad edilməsi ilə bağlı çağırışlar da artıb. Ermənistan cəmiyyəti dünyanın Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul etməsinin fərqindədir. Onlar yaxşı başa düşürlər ki, Qarabağın Ermənistana birləşdirilməsi boş xülyadır. Burada belə bir sual meydana çıxır: Bəs, görəsən, 30 illik işğal Qarabağda yaşayan ermənilərə nə verdi? Otuzillik işğal sadə insanların həyatına hansısa bir üstünlüklər gətirməyib, onların həyatı ağırlaşıb, daim təzyiq və təhdid altında yaşayıblar. Əksinə, cinayətkar, separatçı rejimdə təmsil olunanlar isə varlanıb, özlərinə sərvət toplayıblar. Çünki Ermənistandan, digər ölkələrdən və xaricdəki lobbi təşkilatlarından gələn yardımlar məhz onlar tərəfindən mənimsənilir. Bu fikirlər, korrupsiya faktları tez-tez Xankəndidə keçirilən mitinqlərdə də səsləndirilib. Separatçı rejimin fəaliyyətində narazılıqların pik həddə çatdığını bildirirlər. Maraqlıdır ki, postmüharibə dövründə Qrabağda yaşayan erməni əhalisindən Azərbaycanın müvafiq qurumlarına daxil olan müraciətlərdə də bu hallara qarşı narazılıq ifadə olunur, onlar Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını deyirlər.

Daha bir fakt. Hələ Azərbaycan üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ yolun salınmasına başlayanda Ermənistandakı bəzi qüvvələr Azərbaycan inşaatçılarının həmin ərazidə işləməyinə ətraf kəndlərdə yaşayan ermənilərin mane olacaqları barədə iddialar səsləndirirdilər. Ancaq belə olmadı, alternativ yol da, müəyyənləşdirilmiş marşrut üzrə yüksək səviyyəli avtomobil yolu da vaxtından əvvəl çəkildi. Heç Rusiyanın sülhməramlılarının inşaatçılarımızı erməni hücumlarından qorumalarına ehtiyac da qalmadı. Burada diqqətçəkən başqa bir məqam da var. Belə ki, azərbaycanlı inşaatçılara hücum çəkəcəkləri iddia olunan ermənilərin özləri də yolun çəkilməsində iştirak etdilər. Bu isə onu göstərir ki, Qarabağda müəyyən sayda olan erməni icması Azərbaycan cəmiyyətinə inteqrasiya etmək, birgə yaşamaq istəyindədir. Düşünürük ki, bu, ən doğru seçimdir, çünki dövlət başçımızın da qeyd etdiyi kimi: "...onlar peşman olmayacaqlar...".

Zümrüd QURBANQIZI,

"Respublika".