Qarabağın zəfər nəğməsi – Xarıbülbül
Mədəniyyət

Qarabağın zəfər nəğməsi – Xarıbülbül

Dörd il bundan əvvəl Azərbaycan cəmi 44 gün çəkən müharibədə torpaqlarını işğaldan azad edib. Ötən il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərlə 23 saat içində 200 illik erməni separatizminə son qoyulub.

Separatçı xunta rejimi hələ 2013-cü il mayın 9-da Xankəndinin mərkəzi meydanında təşkil etdiyi "bayram tədbiri"ndə həm də Şuşanın işğalını "qeyd" etmişdi. Ermənilər bu cür iyrənc əməllərini Şuşamızda davam etdirmək istəsələr də İkinci Qarabağ müharibəsindəki qələbəmiz onların arzularını ürəyində qoydu. Prezident İlham Əliyev Şuşa işğaldan azad olunandan sonra çıxışında bildirmişdi ki, işğal dövründə ermənilər qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar: "Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin "parlament" binasının inşası yarımçıq qaldı. Qondarma rejim bəyan etmişdi ki, "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax bu binanı onlar "Dağlıq Qarabağ respublikası"nın "parlament" binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. "Parlament" də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi".

2023-cü il mayın 9-da məhz o tarixdən 10 il sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada növbəti "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçirildi. 1989-cu ildə Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş "Xarıbülbül" festivalı Vətən müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra ilk dəfə 2021-ci il mayın 12-13, daha sonra 2022-ci il mayın 12-14 tarixlərində keçirildi. Bu festival əsirlikdən qurtulmuş doğma Şuşamıza ən böyük ərmağandır. Daim Qarabağ deyiləndə yadımıza düşənlərdən biri də məhz Xarıbülbüldür. Onun adı gələndə kövrəlib, kaş bir gün bu əsrarəngiz gülü Şuşada bir daha görə biləydik deyə düşünürdük. İndi isə bu hadisələri canlı olaraq yaşayırıq. İllərdir qəlbimizdə qalan arzumuz artıq gerçəkləşdi. Hətta Xarıbülbülün adına Şuşamızda festival da keçiririk.

2022-ci ildə Şuşa şəhərində keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı isə mayın 12-də başladı. Üç gün davam edən sayca beşinci festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub. Qeyd edək ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən "Şuşa İli"ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuşdu.

Ötən il keçirilən festivala Şuşa şəhəri həm də "Türk dünyasının mədəniyyət paytaxtı" kimi ev sahibliyi edib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un "Türk dünyasının mədəniyyət paytaxtı" layihəsi 2012-ci ildən həyata keçirilir. Şuşaya bu missiyanın verilməsi barədə qərar 2022-ci ilin dekabrında Türkiyənin Bursa şəhərindən qəbul edib. Üç gün davam edən festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan (o cümlədən bu ölkənin Qaraqalpaqıstan Muxtar Respublikası), Macarıstan, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunur.

Festivalın birinci günü səhər saatlarında iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı oldu. Təqdimata dövlət rəsmiləri, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri qatıldılar. Daha sonra Xan qızı Natəvanın evinin həyətində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı "Dəli Domrul" tamaşasının premyerası oldu. Həmin tamaşa Altay Məmmədovun "Kitabi-Dədə Qorqud" dastanının "Duxa Qoca oğlu Dəli Domrulun boyu" əsasında qələmə aldığı eyniadlı pyesə uyğun hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı məsələləri qabardılıb. Həmçinin festival günlərində müxtəlif məkanlarda "Bayraq", "Qəhrəmanlıq", "Qarabağ məclisi", "Poeziya", "Dədə Qorqud", "Dərvişlər", "Molla Nəsrəddin" mövzularında guşələr yaradılmışdı ki, bu guşələrdə də müxtəlif bədii təqdimatlar, tamaşalar göstərildi.

Füsunkar diyarımızda keçirilən "Xarıbülbül" kimi milli və beynəlxalq əhəmiyyətli festivallar doğma torpaqlarımızın qlobal miqyasda əhəmiyyətini artırır.

Röya RÜSTƏMLİ,

"Respublika".