Qardaş Türkiyə: Sabaha daha böyük inamla
Digər xəbərlər

Qardaş Türkiyə: Sabaha daha böyük inamla

"Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşır və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə ölkə başçımız deyib.

Dövlət başçısı xüsusi olaraq qeyd edib ki, 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir. Əminəm ki, əziz qardaşım bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəkdir.

Türkiyə Respublikası bu gün bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibi olmuş və böyük nüfuz qazanmış güclü və qüdrətli dövlətdir: "Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü il böyük və qüdrətli Türkiyənin qurulmasının müjdəsini verəcəyimiz yeni mərhələ olacaq". Bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın 30 avqust - Türkiyənin Zəfər bayramı münasibətilə xalqa müraciətində yer alıb. 15 iyul gecəsi baş verən hadisələr bir daha göstərdi ki, Türkiyə keçmişindən aldığı güclə parlaq və firavan gələcəyini qurmaq yolunda əmin addımlarla irəliləyir, dünyanın yeni nizamında layiq olduğu yeri tutmağa davam edir. Bu ölkə yenidən türklüyün və İslamın dayağı adını özünə qaytarır, iqtisadiyyatı xarici borcların məngənəsindən qurtarıb, ordusu daha da qüdrətlənib. Bir güllə belə istehsal etməyə icazəsi olmayan ölkə artıq ən müasir silahları istehsal edir və o, yüksək texnologiya və qüdrətə sahibdir. Vaxtilə böyük dövlətlərin siyasi və hərbi maraqları arasında çırpınan, daxili düşmənlərlə hətta mübarizə qaydaları kənardan diktə edilən Türkiyə bu gün tam müstəqil hərbi siyasət yürütmək, öz iradəsini diktə etmək, düşmənlərini nəinki daxildə, hətta xaricdə belə məhv etmək gücündə olan, bir sıra xarici dövlətlərdə hərbi bazalara sahib dövlətə çevrilməkdədir. Və bu güc, qüdrət hər gün bir az da artır. Bütün bu dəyişikliklərin səbəbkarı böyük Türk milləti olsa da, sükan arxasında xarizmatik, müdrik, imanlı və qeyrətli lider - Rəcəb Tayyib Ərdoğan dayanır. Məhz onun hakimiyyətə gəlişi uğurların başlanğıcı oldu.

Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Beynəlxalq nüfuz, təhlükəsizlik və təsir dairəsində Türkiyə daha üstün mövqeyə malikdir. Türkiyə NATO-nun sadəcə üzvü deyil, orada ikinci güclü ordusu olan ölkədir. Eyni zamanda son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanmışdır. Türkiyə dünyanın bütün bölgələrində sülh və təhlükəsizliyi təşviq etməyə çalışır. Kənd təsərrüfatından tutmuş texnologiyaya qədər bütün sahələrdə mühüm uğurlar əldə edilib.

Türkiyənin müdafiə sənayesində son illər qazanılan uğurları da xüsusi qeyd etmək lazımdır. Əvvəllər müdafiə sənayesində xaricdən daha çox asılı olan Türkiyə artıq milli gəmisini, tankını, radar aparatını, insansız hava vasitələrini, silahını özü istehsal edir, kosmosa peykini göndərir. "Meteksan" şirkəti tərəfindən hazırlanan, hərəkət edən, hədəfi aşkarlayan "Milsar" radar sistemi PUA-ların pis hava şəraiti zamanı və ya buludların arasında olarkən daha rahat hərəkət etməsinə köməklik göstərəcək. Radar sisteminin əsas xüsusiyyətlərindən biri də Türkiyə istehsalı bütün PUA-larda fəaliyyət göstərməsidir. Dünyanın 100 ən böyük müdafiə sənayesi şirkətinin siyahısında Türkiyənin müdafiə sənayesində iştirak edən 5 şirkət yer alıb. Bu il daha iki şirkət - "FNSS Savunma Sistemleri" və "Havelsan" daxil olub. Hədəfin hər bir mühüm sahədə idxaldan asılı olmayan istehsal şəraiti qurmaq olduğunu deyən Prezident Ərdoğan Türkiyənin müdafiə sənayesinin dinamikliyinin ən vacib göstəricisi olaraq bu sahə üzrə şirkətlərin sayının 56-dan 1500-ə çatdığını vurğulayıb. Hazırda daha böyük layihələr üzərində iş aparılır və növbəti beş il ərzində beş böyük layihənin reallaşdırılması nəzərdə tutulur. Türkiyə dünyada özünəməxsus hərbi gəmilər dizayn və istehsal edən 10 ölkədən biridir. Dünyada beşinci nəsil döyüş təyyarəsi istehsal edən cəmi dörd ölkə var və Türkiyə beşinci olacaq. 2022-ci ildə Türkiyənin ixracatı bir il əvvəllə müqayisədə 12,9 faiz artaraq 254.2 milyard dollara çatıb. Ən çox qeyri-neft məhsulu Rusiyaya ixrac olunub. Bu, ölkə tarixində rekord göstəricidir. Bundan sonra hədəf Türkiyəni dünyanın ilk 10 ixracatçı ölkəsindən biri etməkdir. Həmçinin 2022-ci ilin üçüncü rübündə Türkiyənin ÜDM artımı 6,2 faizə çatıb.

Prezident Ərdoğanın siyasi kursu sayəsində sarsıdıcı zəlzələlərin yaratdığı fəsadlara baxmayaraq, Türkiyə qlobal iqtisadiyyatdakı mövqeyini gücləndirmək əzmindədir. Müasir Türkiyə yüksək inkişaf tempinə və güclü sənayeyə malikdir. Pandemiya dövründə də Türkiyə iqtisadiyyatı sənaye gücünü bütün dünyaya nümayiş etdirdi. Türk firmaları sayəsində Asiya regionundan məhsul tədarükü ilə bağlı problem yaşayan bir çox şirkət böhrandan çıxa bildi. Doxsan doqquz il öncə, böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanmış Cümhuriyyət quruculuğu yolu qardaş Türkiyəni dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib. Xüsusən son illərdə Türkiyə Respublikasının Prezidenti, böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarıb. Bu gün Türkiyə Respublikasında, eləcə də, Türkiyə Respublikasının iştirakı ilə dünyanın digər bölgələrində, xüsusən Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələr xalqların rifahına və tərəqqisinə xidmət edir. Türkiyənin xarici siyasəti beynəlxalq aləmin hazırda böyük ehtiyac duyduğu haqq-ədalət və dürüstlük meyarlarına əsaslanır. Qardaş ölkənin qarşıya çıxan beynəlxalq problemlərlə bağlı nümayiş etdirdiyi obyektiv mövqeyi dünyanın yaşadığı indiki təhlükəli dövrdə birmənalı olaraq sabitləşdirici rol oynayır.

Mustafa KAMAL,

"Respublika".