Qardaşlığın nə həddi, nə də müddəti olur
Türk dünyası

Qardaşlığın nə həddi, nə də müddəti olur

İki dost, iki qardaş ölkə. Ortaq soykök, qədim dostluq zəminində yaranan bağlılıq sevincinə, kədərinə şərik olan xalqlarımızı hər zaman gücləndirmiş, bir-birinə hayan, arxa-dayaq etmişdir. Çoxəsrlik tarixi boyu ağır sınaqlarda, çətinliklərdə çiyin-çiyinə söykənmiş Azərbaycan-Türkiyə birliyinə hər hansı bir qüvvə xələl gətirə bilməmişdir. Xalqlarımızın doğmalığına yan gözlə baxan, bundan qorxuya düşən qüvvələr zamanın bütün mərhələlərində bu birlikdən, həmrəylikdən ehtiyat etmişlər. Bu gün parçalanmış dünyada dövlətlər arasında yenilənən münasibətlər, qurulan əlaqələr dünya düzəninin formalaşmasını, yeni tərəfdaşların, müttəfiqlərin yaranmasını zəruri edir. Uzun illərə söykənən iki qardaş ölkə arasında mövcud əlaqələr isə keçmişdə olduğu kimi, bu gün də sarsılmazdır.

Fevral ayının 6-da Türkiyənin başı üstünü qara buludlar aldı. Yer-göy lərzəyə gəldi qardaş ölkəmizdə. Yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verdi. Dərinliyi 7 kilometr olan zəlzələdə yerin səthi dərin qatların arasında qeybə çəkildi. Bir an içində yox olan şəhərlərin yerində daşlar, divarlar qalaqlandı. O gecə zaman çox ağır hökm oxudu millətimizə. Min bir arzu ilə qurulan evləri yıxdı. Yerin təkinə gömdüyü evlərdə on minlərlə insanın həyatına son qoydu səssiz-səmirsiz…

Möcüzəmi, yoxsa alın yazısımı, dağıntılar altından imdad diləyənlər də oldu. Ölüm-dirim arasında çabalayan bacı-qardaşlarımızın harayına yetən, köməyinə ilk Azərbaycan dövləti, Azərbaycan xalqı çatdı. "Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır", - deyən dövlət başçımız İlham Əliyevin göstərişi ilə bir mərkəzdən yardım kampaniyalarına başlanıldı. Azərbaycanın ən böyük şirkəti - SOCAR, ardınca isə bütün dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımlar göstərdilər. Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bəzi xəstəxanalarda zəlzələdən zərərçəkmiş ağır xəstələrin qəbul edilməsi üçün hər cür şərait yaradıldı.

Həm Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, həm ASAN könüllüləri Türkiyənin zəlzələ baş verən bölgələrinə qardaş-bacılarımızın köməyinə yollandılar. Heydər Əliyev Fondunun hər zaman olduğu kimi, təşəbbüsü, fəaliyyəti daha geniş oldu. Belə ki, zəlzələnin baş verdiyi ilk günlərdən bütün əməkdaşları ilə birlikdə humanitar yardım kampaniyalarına qoşulan Fond tərəfindən qardaş ölkəyə yardımlar göndərildi. Fevral ayının 9-da fəlakətdən zərərçəkən insanlara müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq xüsusi təyyarə Türkiyəyə yola düşdü. Türkiyəyə ezam edilən Fond əməkdaşları humanitar yardımı zəlzələ bölgəsində faciədən zərərçəkmiş vətəndaşlara çatdırdılar .

Fəaliyyətini xeyirxahlıq, humanistlik ideyaları əsasında quran, ehtiyacı olanlara əl tutmaq, kömək etmək missiyasını yerinə yetirən Heydər Əliyev Fondunun XXI əsrin ən böyük fəlakəti ilə üzbəüz qalmış qardaş Türkiyəyə ikinci yardım təyyarəsi fevralın 11-də yola salındı. Budəfəki humanitar yardım faciədən zərərçəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlardan ibarət idi.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən Heydər Əliyev Fondu tərəfindən 40 ton həcmində çadırlar və qızdırıcılardan ibarət olan üçüncü yardım təyyarəsi fevralın 15-də Türkiyənin hava limanına endi. Bir gün sonra isə 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərərçəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar göndərildi.

Bunlarla bərabər, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə keçirilən yardım kampaniyalarında vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da zəlzələdən zərərçəkmiş insanlara çatdırıldı.

Dövlətimiz tərəfindən həyata keçirilən bu böyük yardım təşəbbüsünə xalqımız ürəkdən, könüllü olaraq qoşulub. Bu gün sadə vətəndaşlarımız gücləri yetən qədər doğma elimizə qardaş yardımını əsirgəmirlər. Bütün bunlar isə hər şeydən əvvəl, qanı bir, canı bir olan qardaşlığımızın nümunəsidir. Qardaşlığın isə nə həddi, nə müddəti olar. Azərbaycan ilə Türkiyə dost-doğma qardaş, eyni millət, eyni xalqdır. Bunun nə izaha, nə təsdiqə ehtiyacı var.

Qardaş Türkiyədə baş verən zəlzələdən böyük kədərlə danışan dövlət başçımız İlham Əliyev bu inanılmaz fəlakətin, ağır sınağın Türkiyəni sarsıtmayacağını, Azərbaycanın hər zaman olduğu kimi, öz qardaşının yanında olacağını bildirmişdir:

"Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə".

Mehparə ƏLİYEVA,

"Respublika".