Ümumtürk birliyinin möhtəşəm təcəssümü
Türk dünyası

Ümumtürk birliyinin möhtəşəm təcəssümü

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının fəaliyyəti türk dünyasının xoş gələcəyinə hədəflənib

Sürətlə inkişaf edərək güclü dövlətə çevrilmiş Azərbaycan dünyada mühüm layihələrin təşkilatçısı və iştirakçısı olmaqla yanaşı, həm də bu gün bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi də edir. Bəşəriyyəti daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkili, mədəniyyətlərarası dialoqlara, iqtisadi əməkdaşlığa yönəlmiş forumların, mötəbər toplantıların keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, gücünün göstəricisidir. Son illər həm siyasi, həm iqtisadi, həm də sosial sahələri əhatə edən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanı müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevirib.

Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, bundan başqa, 2012-ci ildə dünyanın böyük bir hissəsinin izlədiyi “Avroviziya-2012” mahnı müsabiqəsinin, 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artmasının, dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınmasının nümunəsidir.

2009-cu ildə dünyanın 32 ölkəsindən 186 gimnastın iştirak etdiyi bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, 120-dən çox idmançının təmsil etdiyi 25 ölkənin qatıldığı Qaydasız Döyüş üzrə Dünya Kuboku Bakıda keçirilmişdir. Tarixdə ilk dəfə keçirilən Bakı-2015 Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 10000 idmançı mübarizə aparmışdı. Avropa Oyunlarının təşkil edilməsi barədə qərar 2012-ci ildə Avropa Olimpiya komitələrinin Romada keçirilən 41-ci Baş Assambleyasında qəbul edilmiş, Baş Assambleya iştirakçıları arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 ölkədən 38-i ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul etmişdi. Bu baxımdan Bakı-2015 Avropa Oyunlarının Azərbaycanın idman tarixində xüsusi yeri var.

2016-cı ildə Bakı dünyanın ən aparıcı avtoidman yarışı olan “Formula 1”ə ilk dəfə ev sahibliyi etdi. “Yarışın Azərbaycanda keçirilməsi bizim tarixi nailiyyətimizdir, bu yarış bir daha Azərbaycanın gücünü göstərdi” - deyən Prezident İlham Əliyev də öz çıxışlarında yarışın ölkəmizə gətirəcəyi faydalardan danışaraq demişdir: “20 inkişaf etmiş şəhərdə keçirilən “Formula 1” üçün Bakı 21-ci şəhər oldu. İnanırıq ki, bu yarış, Azərbaycanın turizm potensialının inkişafında xüsusi rol oynayacaq və ölkəmiz turizm mərkəzinə çevriləcəkdir. Müşahidələr göstərir ki, Bakıya gələnlərin, şəhərimizi, ölkəmizi tanıyanların sayı artır”.

2010-cu ildə Bakıda keçirilən, böyük tarixi əhəmiyyətə malik olan, “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusuna həsr olunmuş dini liderlərin I Bakı Sammitində 32 ölkədən 200-dən çox nümayəndə və 14 beynəlxalq təşkilat iştirak etmişdir. Zamanın tələbi olan Bakı Sammiti qloballaşan dünyada həm dünyəvilik, həm də diniliyin tərəfdarlarını bir araya gətirmişdi.

Təkcə 2014-cü ildə paytaxtımızda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar Forumu, Gənclərin I Qlobal forumu, eləcə də Bakı I Elm Festivalı kimi mühüm əhəmiyyət kəsb edən tədbirlərin yüksək səviyyədə təşkil edilməsi dünyaya nümunə olmaqla bərabər, eyni zamanda Azərbaycanın potensialının, təşkilatçılıq qabiliyyətinin bariz nümunəsidir. 2017-ci ilin may ayında Azərbaycanın IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi ölkəmizdə multikulturalizm və tolerantlığın tarixi köklərə dayanan həyat tərzi olduğunu bir daha nümayiş etdirdi. Bakıda “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilmiş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da dünya miqyasında maraqla qarşılandı.

2019-cu ildə ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmiş və Azərbaycan bu təşkilata sədrliyi öz üzərinə götürmüşdür. 120 üzv ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının Zirvə Görüşündə Azərbaycan BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrlik etmişdir.

Dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət verən, 70 ölkənin dini liderlərinin iştirak etdiyi dünya dini liderlərinin II Zirvə Görüşü ölkəmizdə baş tutmuş, dünya miqyasında mötəbər tədbirlərdən sayılan UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası Azərbaycanda keçirilmiş və bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.

2018-ci ildə Vaşinqtonda keçirilmiş astronavtika sahəsində ən mötəbər tədbir olan Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Bu gün Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstan olmaqla ümumtürk birliyinin yaranması türkdilli dövlətlər arasında beynəlxalq münasibətlərin bütün sahələrində müstəqil əlqələrin yaranmasına, türkdilli dövlətlərin əməkdaşlığına, inkişafına geniş imkanlar verir. Qədim, çoxəsrlik tarixi boyu bəşər mədəniyyətinə böyük töhfələr vermiş, zənginləşdirmiş türk xalqları zəngin kökləri, bir-birinə mənəvi bağlılığı ilə tarixi imtahanlardan, sərt sınaqlardan mətanətlə çıxmışdır. Yüz illərlə bir-birindən ayrı düşmüş, böyük imperiyaların dövlət siyasəti səviyyəsində həyata keçirdikləri məkrli tədbirlər nəticəsində dövlətçilikdən məhrum edilmiş bəzi türk xalqları yalnız XX əsrdə əsl mənada milli dirçəliş yoluna uğurla qədəm qoymuş, müstəqil türk dövlətləri kimi bu gün həm ayrı-ayrılıqda, həm də birgə çoxtərəfli münasibətlərdə, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərirlər.

Müasir dövrümüzdə hər bir dövlətin milli maraqlarının dünyanın istənilən nöqtəsində layiqincə qorunması üçün dünya siyasətində müstəsna rol oynayan və dövlətlərin xarici siyasətində mühüm yer tutan, mənsub olduğu xalqın maraqlarını yaşadıqları ölkədə təbliğ edən güclü diasporunun yaranması mühüm, vacib şərtdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında” 8 fevral 2006-cı il tarixli Sərəncamında bu vacib məqam öz əksini tapmışdır: “Diaspor quruculuğu konkret bir dövrlə məhdudlaşmayan, strateji əhəmiyyətə malik, daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli prosesdir. Elə buna görə də bu sahədə qazanılmış nailiyyətləri və qarşıda duran vəzifələri vaxtaşırı müzakirə etməyə ehtiyac yaranır”.

Mənəvi-tarixi, siyasi-iqtisadi köklərə bağlanan xalqlarımız son illər ümumtürk diasporunun yaranması istiqamətində çox önəmli addımlar atmış, həqiqətlərimizi dünyaya bir mövqedən çatdırmaq üçün Avropa dövlətlərində, beynəlxalq toplantılarda qardaş türk xalqları əl-ələ verərək bütün türk dünyasını həmrəyliyə, birliyə səsləmişlər. Bu baxımdan dünyanın dörd bir tərəfinə səpələnmiş, müxtəlif ölkələrdə yaşayan türk xalqları arasında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, adət-ənənələrimizin yaşadılması, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də xeyli işlər görülmüşdür.

Azərbaycan Respublikasında yürüdülən uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr əsasında iqtisadi və sosial-siyasi sahələrdə sürətli inkişafa nail olunub. Bu uğurlar Azərbaycan diasporunun güclənməsinə müsbət təsir göstərmiş və ümumilikdə türk dünyasının problemlərini həll etmək üçün türk xalqlarının vahid diaspor şəklində birləşməsinə öz töhfəsini vermişdir.

Hələ ötən əsrin 90-cı illərindən başlayaraq türkdilli xalqların birliyinə xidmət edən müxtəlif tədbirlər həyata keçirilmiş, türkdilli ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantılarının təşkili ənənəsinin əsası qoyulmuş, Türkdilli Ölkələrin Parlament Assambleyası yaradılmış, kütləvi informasiya vasitələri, elmi müəssisələr, ictimai qurumlar arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Türkdilli xalqların qarşılaşdığı problemlərin həlli, bu xalqların məruz qaldığı haqsızlıqlar barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ortaq mənafelərdən doğan ümumi məqsəd kimi qəbul olunmağa başlanmışdır.

Türkdilli xalqların diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi də məhz bu məqsədə xidmət edir. Türkdilli xalqların vahid ideologiya ətrafında birləşməsi istiqamətində atılan ən uğurlu addımlardan biri 2013-cü ildə Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunun keçirilməsi olmuşdur. Forumda “Türkdilli ölkələrin diaspor təşkilatlarının Birgə Fəaliyyət Strategiyası” hazırlanmış və bu strategiya mövcud vəziyyətdə qarşıda duran vəzifələri müəyyənləşdirərək onların həlli yolunu göstərmişdir. Forumun sonunda imzalanmış bəyannamədə türkdilli ölkələrin iştirakı ilə həyata keçirilən transmilli layihələrin iqtisadi və siyasi əhəmiyyətinin təbliğində türkdilli diaspor təşkilatlarının fəal iştirakına nail olunması, türkdilli xalqların əleyhinə aparılan antitəbliğat kampaniyalarının qarşısının alınması əsas məsələ olaraq qoyulmuşdur. Həmçinin İslam dini və onun təbliğ etdiyi mənəvi dəyərlər haqqında son zamanlar dünya ictimaiyyətində yayılmış yanlış təsəvvürlərin aradan qaldırılması məqsədilə birgə tədbirlərin keçirilməsi, türkdilli xalqların üzləşdiyi problemlər barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində birgə fəaliyyət göstərilməsi, internet məkanında, virtual şəbəkələrdə bu istiqamətdə təbliğatın aparılması da vacib sayılmışdır. Türkdilli xalqların güclü lobbisinin yaradılması məqsədilə nüfuzlu beynəlxalq ictimai təşkilatlar və beynəlxalq qeyri-hökumət təşkilatları, həmçinin kütləvi informasiya vasitələri ilə türkdilli icmaların qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Forumda türk xalqlarının ortaq əlifbasının və dilinin qəbul olunması, ortaq tarix və ədəbiyyat dərsliklərinin hazırlanması, universitetlərarası əlaqələrin inkişaf etdirilməsi, diplomların qarşılıqlı tanınması və ortaq təhsil telekanalının yaradılması təklifləri irəli sürülmüşdür. Xaricdə yaşayan soydaşlarımızın daha da güclənməli, təşkilatlanma prosesinin daha sürətlə aparılmalı, yaşadıqları ölkələrin siyasi dairələrinə, siyasi təsisatlarına daha da fəal inteqrasiya etməli olduqları vurğulanmışdır.

2013-cü ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan nümayəndələrin iştirakı ilə Bakıda keçirilmiş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Diaspor Məsələlərinə Cavabdeh Dövlət Qurumları Rəhbərlərinin I Toplantısında qəbul olunmuş yekun sənəd layihəsində TDƏŞ-ə üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının gələcək əməkdaşlığının əsas istiqamətləri öz əksini tapmış, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının rəhbərlərinin Forumunun təşkil edilməsi nəzərdə tutulmuş və I Forumun Azərbaycanda keçirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Bu gün demək olar ki, dünyanın hər yerində ayrı-ayrılıqda diaspor təşkilatları fəaliyyət göstərir, Azərbaycanın milli mənafelərinin qorunması, haqq səsinin dünyaya çatdırılmasında böyük işlər görülür. Dövlətimiz tərəfindən xaricdə yaşayan, xalqlarımızı təmsil edən milyonlarla soydaşımızı təşkilatlandırmaq, bir araya gətirmək üçün gözəl imkanlar yaradılır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının birləşməsi isə ümumilikdə türk dünyasının problemlərini həll etmək üçün xoş gələcəyə hədəflənmiş siyasətin təzahürüdür.

Mehparə ƏLİYEVA,

“Respublika”.