Qardaşlıq köməyi davam edir
Region

Qardaşlıq köməyi davam edir

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ xəbəri bütün dünyanı sarsıtdı. Azərbaycan xalqı çox sayda insan tələfatına səbəb olan bu faciəni ürəkağrısı ilə qarşıladı. İlk gündən səfərbər oldu, qardaş türk xalqına kömək etmək üçün ölkə ərazisində yardım kampaniyasına start verildi. İndi hər gün təkcə paytaxt Bakıdan deyil, rayonlarımızdan da yardım karvanları qardaş Türkiyəyə yola salınır. Bu da Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun sarsılmaz olduğunu göstərir.

 

Hacıqabul

Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş və yardıma ehtiyacı olan şəxslər üçün toplanmış yardımların yolasalınma mərasimi keçirildi.

Türkiyəyə zəlzələdən əziyyət çəkən qardaşlarımıza kömək məqsədilə generatorlar, elektrik qızdırıcıları, yumşaq yataq və yorğan dəstləri, eləcə də bir neçə adda tibbi ləvazimatlar göndərildi.

Hacıqabul rayon sakinləri Türkiyədə baş vermiş fəlakətdən dərin kədərləndiklərini bildirir, zəlzələdən zərərçəkən qardaşlarımıza səbir, dünyadan köçənlərə rəhmət diləyirlər.

 

Daşkəsən

Türkiyədə baş vermiş misli görünməyən təbii fəlakət hamımızı dərindən üzdü. Azərbaycan xalqı qardaş Türkiyə üçün dərin mənəvi sarsıntı keçirməkdədir. Qardaş Türkiyəyə edilən yardımların əsas özəyini Azərbaycan təşkil edir. Ötən gün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri Türkiyənin Gəncədəki Baş Konsulluğu qarşısında yaradılan guşəni ziyarət ediblər, gül dəstələri düzərək, zəlzələ nəticəsində həlak olanların xatirəsinə ehtiramlarını bildiriblər. Rayon rəhbəri Əhəd Abıyev Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, bütün Daşkəsən rayon ictimaiyyəti adından qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə 2 TIR yük avtomobilində qardaş Türkiyə dövlətinə generatorlar, elektrik qızdırıcıları, yorğan-döşək dəstləri, isti geyimlər, çarpayılar, çoxsaylı ərzaq məhsulları, gigiyenik vasitələr və digər zəruri avadanlıqlar göndərilib.

 

Zaqatala

Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına zaqatalalılar da fəal qoşulublar.

Rayon sakinləri səhər saatlarından etibarən axın-axın rayon Mədəniyyət Mərkəzində təşkil olunan yardım toplama məntəqəsinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Yardımlar əsasən, yataq dəstləri, yorğan-döşək, isti geyim, azyaşlılar üçün lazım olan əşyalardan ibarətdir. Aksiyada rayonda yaşayan bütün xalqların nümayəndələri yaxından iştirak edirlər.

Aksiyada iştirak edən vətəndaşlar minlərlə insanın ölümünə, böyük dağıntılara, yaşayış məntəqələrinin yerlə-yeksan olmasına, on minlərlə insanın yaralanmasına səbəb olan bu dəhşətli zəlzələdən sarsıldıqlarını bildirirlər.

"Respublika".