Qaxda “Kürmükoba
Region

Qaxda “Kürmükoba" bayramı

Respublikamızın ərazisində tariximizin müxtəlif dövrlərinə aid Qafqaz Albaniyası mədəniyyətinin daşıyıcısı olan tarixi abidələrdən biri də Qax rayonunun Əmbərçay kəndi yaxınlığında yerləşən Kürmük məbədidir. Erkən orta əsrlərə aid qədim alban məbədi müxtəlif dinlərdən olan insanların ibadətgah yeridir. Dövlətimiz tərəfindən tarixi abidə kimi qorunan Kürmük məbədi həm də xalqımızın tarixi yaddaşı, Azərbaycanın maddi-mədəni irsidir.

Ənənəyə uyğun olaraq Kürmük məbədində ildə iki dəfə - may və noyabr aylarında "Kürmükoba" bayramı keçirilir. Bayramda dini ayinlər icra olunur, qurbanlar kəsilir, el gəzintisi təşkil olunur. Bayram zamanı hər kəs öz dini etiqadından asılı olmayaraq, bu inanc yerini "ocaq" kimi ziyarət edir. Hazırda da qədim mərasim ayini olan "Kürmükoba" bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə insan gəlir.

Qeyd edək ki, bayram əslində, qədim dövrlərdən bəri təbiət ayini olub, Kürmük çayı ilə bağlı icra edilib. Mərasimin çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin "Kürmükoba" mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gursulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir.

Dini mənsubiyyətindən asılı olmayaraq, geniş xalq kütlələrinin - istər müsəlman, istərsə də xristian əhalinin elliklə bu bayramda iştirakı Kürmükoba bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu göstərir. Tarix boyu Kürmük çayının şərəfinə keçirilən "Kürmükoba" bayramı öz ilkin mahiyyətini itirməyib, yerli əhali bu bayramda qədim alban mədəniyyətinə söykənən ümumazərbaycan ənənələrini yaşatmağa nail olub, Azərbaycan tarixinin ən erkən mərhələlərində meydana gələn qədim dünyagörüşləri əsrlərin süzgəcindən keçirərək qoruyub.

M.NƏRİMANOĞLU,

"Respublika".