Qayğıkeş həkim-cərrah, elm xadimi, gözəl insan
Sosial həyat

Qayğıkeş həkim-cərrah, elm xadimi, gözəl insan

Akademik Mustafa Topçubaşov 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın uğurlu cərrahiyyə əməliyyatı aparıb

Ötən əsrin 45-ci ili təbii ki, İkinci Dünya müharibəsində bəşəriyyətin faşizm üzərində qələbəsi ilə səciyyəvi oldu. Nə gözəl ki, həmin qələbədə Azərbaycan və ümumilikdə xalqımız misilsiz tarixi rol oynadı. Həmin vaxtlarda xalqımızın, doğma məmləkətimizin ictimai-mədəni həyatında əlamətdar hadisələr oldu. Onlardan ikisi daha çox önəm kəsb edir: "Arşın mal alan" musiqili filmi istehsal edildi və dünya ekranlarına yol açdı. 1945-ci il martın 27-də isə Azərbaycan hökumətinin qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycan fililalı əsasında Azərbaycan Elmlər Akademiyası təşkil olundu. Ş.Əzizbəyov, M.Qaşqay, Ə.Əlizadə, Y.Məmmədəliyev, İ.Yesman, Səməd Vurğun, Mirzə İbrahimov, Üzeyir Hacıbəyov, H.Hüseynov, M.Mirqasımov, M.Topçubaşov, İ.Şirokoqorov, M.Hüseynov, Ş.Dadaşov və A.Qrossheym Akademiyanın ilk həqiqi üzvü seçildilər...

...İnsana həmişə gördüyü işlə qiymət verilir. Mustafa Topçubaşovu tanıyanlar da onu öz böyüklüyü ilə milləti böyütmüş insan adlandırırlar. Onu uca bir dağa da bənzədirlər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, belə dağ əzəmətli övladları var. Söhbət açdığımız həmin çağlarda elmimizin "ulduzlar" kəhkəşanında parlayan simalar arasında Mustafa Topçubaşov özünəməxsus yer tuturdu...

Çoxcəhətli fəaliyyəti ilə xalqımızın tarixində müstəsna xidmətləri olan görkəmli alim-cərrah, SSRİ Tibb Elmləri Akademiyasının və Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı, Əməkdar elm xadimi, SSRİ Dövlət Mükafatı laureatı, professor Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci il avqustun 5-də İrəvan şəhərində anadan olub. İbtidai və gimnaziya təhsilini başa vurduqdan sonra Kiyev Universitetinin tibb fakültəsini bitirib. 1919-cu ildə Bakıya qayıdıb.

O dövrdə Azərbaycanın bütün sahələrində olduğu kimi, səhiyyə xidmətində də ciddi çətinliklər var idi, xüsusən milli həkim kadrlarına böyük ehtiyac duyulurdu. Elə bu səbəbdən də, Mustafa Topçubaşov böyük səylə əhaliyə ixtisaslı cərrahi yardımın təşkili işinə başlayır, Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində cərrahlıq fənnindən dərs deyir.

1926-cı ildə M.Topçubaşov bir qrup həkimlə Almaniyaya elmi ezamiyyətə yollanır, orada məşhur alimlərin qabaqcıl iş təcrübələri və yeniliklərlə tanış olur. Bütün bunları Vətənə qayıtdıqdan sonra müvəffəqiyyətlə tətbiq edir, cərrahi yardım göstərən ilk elmi-metodik mərkəz yaradır. 1938-ci ildə cərrahlıq praktikasına yenilik gətirir, nisbətən təhlükəsiz keyləşdirmə metodu - inyeksion efir-yağ narkozunu daxil edir və onun geniş tətbiqinə başlanılır. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı elmi-tibbi Şurası Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsalına icazə verilir. Bu metodun kəşfi və tətbiqinə görə müəllif 1964-cü ildə A.Vişnevski adına mükafata layiq görülür.

İkinci Dünya müharibəsi dövründə M.Topçubaşovun təşəbbüsü ilə hospitalların birində ilk neyrocərrahiyyə şöbəsi açılır. Məqsəd yaralı döyüşçülərə ixtisaslaşmış yardımın göstərilməsi idi. Tədqiqatçı-həkim odlu silah yaralarının müalicəsində istifadə edilmək üçün Naftalan neftindən hazırlanmış preparatların xüsusiyyətlərini öyrənir və bu üsulu da müvəffəqiyyətlə tətbiq edir. Hələ 1938-ci ildə "Bədənə qanvurma praktikası" adlı məqaləsində o yazırdı: "Qan özünəməxsusluq etalonudur. Qan qrupunun, formalı elementlərinin, serumunun oxşarlığına baxmayaraq, həyatda bir-birinin üstə düşən iki etalon yoxdur. Odur ki, bədənə qanvurmada son dərəcə ehtiyatlı olmaq lazımdır". Bununla əlaqədar o, splenektomiya əməliyyatı zamanı qarın boşluğundakı qanı müvafiq işləmədən sonra, təzədən bədənə vurmaq ideyasını irəli sürdü və həmin metod yaxşı nəticələr verdi, mütəxəssislər tərəfindən təqdir olundu. Bu ideyanın əsasında nəinki qarın boşluğundan, sonralar plevra boşluğuna yığılan qanın yenidən bədənə vurulması ilə bağlı tədqiqat işləri aparıldı.

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasına üzv seçilən Mustafa Topçubaşov 1951-ci ildən həyatının sonuna qədər AEA-nın prezidentinin müavini vəzifəsində işləmişdir. O, 1949-cu ildə SSRİ Tibb Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilmişdir. Görkəmli alimin elmi fəaliyyəti çoxcəhətlidir. 200 elmi əsərin, 8 monoqrafiyanın, çoxlu sayda elmi topluların, Azərbaycan dilində 110 çap vərəqi həcmində 5 cildlik cərrahlığa dair dərsliyin müəllifidir. 62 illik əmək fəaliyyəti dövründə 100 minə yaxın uğurlu cərrahiyyə əməliyyatı aparmış, gərgin elmi və praktik fəaliyyəti ilə yanaşı, tibb kadrlarının hazırlanması sahəsində də böyük işlər görmüşdür. Onun rəhbərliyi altında 35 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir.

1995-ci ildə akademik Mustafa Topçubaşovun anadan olmasının 100 illiyi respublika miqyasında təntənə ilə qeyd olunub. Yubiley mərasimində geniş nitq söyləyən ulu öndər Heydər Əliyev akademik haqqında xatirələrini söyləyib, onun xalq qarşısındakı xidmətlərindən danışıb.

1981-ci il noyabr ayının 20-də ömrünün 86-cı ilində vəfat edən dünyaşöhrətli alim, xalqının sədaqətli oğlu, vətənpərvər, ictimai-siyasi xadim, gözəl insan, bacarıqlı pedaqoq, həssas və qayğıkeş həkim-cərrah akademik Mustafa Topçubaşovun xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaqdır.

Zümrüd QURBANQIZI,

"Respublika".