Qazax: “Zəfər-2024” İdman Festivalı keçirilib
İdman

Qazax: “Zəfər-2024” İdman Festivalı keçirilib

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 5 Mart -  Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “Zəfər-2024” idman festivalı keçirilib.

“Zəfər-2024” İdman Festivalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Festivalda sərbəst güləş, ağırlıqqaldırma, taekvondo, cüdo, karate, boks, qol güləşi, şahmat, dama idman növləri üzrə nümunəvi çıxışlar olub. Kəndir dartma, darts, boks aparatı, bənövşə idman oyunları nümayiş olunub.

İdman festivalında  Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək bildirib ki,  suveren, müstəqil, müasir Azərbaycanın vətəndaşları olaraq Zəfər İdman Festivalında iştirak etdiyimizə görə ilk növbədə canlarını bu amal uğrunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.

Sonra rayonun İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin idman müəllimi, “Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş Rayət Əliyev çıxış edərək 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib, xoş arzularını çatdırıb.

Festivalda idmançılar, fəal gənclər və könüllülər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunublar.

Vəli VƏLİYEV,

“Respublika”.