İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Paracüdoçularımız Vətənə qayıdıblar

Niderlandın Rotterdam şəhərində Avropa paralimpiya çempionatında iştirak etmiş Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar.

Paracüdoçular qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.

 

Millimizin heyəti məlum olub

Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına qatılacaq Azərbaycan millisinin heyəti bəlli olub. 4 gün davam edəcək yarışda ölkəmiz 15 idmançı ilə təmsil olunacaq.

Oğlanların mübarizəsində Məhəmməd Məmişov, Nihad Məmişov (hər ikisi 50 kq), Ayxan Mirzəzadə, Mirxaliq İskəndərov (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Cəsur İbadlı (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (90 kq) və Ramazan Əhmədov (+90 kq), qızların mübarizəsində isə Nigar Məmişova (40 kq), Məryəm Bayramzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qədəşova (53 kq) və Kamilla Toxoliyeva (66 kq) yarışacaqlar.

 

İkinci turun oyunları keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında ikinci turun oyunları start götürəcək.

Açılış matçında "Qəbələ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar. Günün digər oyununda isə "Zirə" "Kəpəz"lə qarşılaşacaq. İlk turdan sonra hərəyə 3 xalı olan bu iki kollektiv 4-5-ci yerləri bölüşdürəcəklər.

Qeyd edək ki, turun "Qarabağ" - "Turan Tovuz" və "Sumqayıt" - "Sabah" görüşləri avqustun 13-də, "Neftçi" - "Səbail" matçı isə avqustun 14-də baş tutacaq.

 

Badmintonçularımız 3 medal qazanıblar

Azərbaycan badmintonçuları Tacikistanda keçirilən "International" seriyalı beynəlxalq turnirdə 1 gümüş və 2 bürünc medal qazanıblar.

Era Maftuha-Həcər Nuriyeva tandemi qadın badmintonçuların qoşa yarışında gümüş medal qazanıb. Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra isə 3-cü olublar.

Kişi badmintonçuların şəxsi yarışında mübarizə aparan Edi Rüski Dviçayo finalın bir addımlığında Vyetnam badmintonçusuna 0:2 hesabı ilə uduzub. Keişa Fatimə Zəhra isə qadın badmintonçuların şəxsi yarışında Kipr və Misir badmintonçularını mübarizədən kənarlaşdırıb. O, finala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Anupama Upadhyaya 0:2 hesabı ilə məğlub olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".