QAZAXDA ŞƏHƏR STADİONUNUN TƏMİRƏ EHTİYACI VAR
Region

QAZAXDA ŞƏHƏR STADİONUNUN TƏMİRƏ EHTİYACI VAR

Respublikamızın Qərb qapısı sayılan Qazaxda hər zaman idmanın inkişafına xüsusi diqqət göstərilib. Bəllidir ki, Qazax idmançıları daim müxtəlif beynəlxalq yarışlarda üçrəngli bayrağımızı ucaltmışlar. Bu gün rayonda idmanın ağırlıqqaldırma, sərbəst güləş, cüdo, karate, yunan-Roma növləri, eləcə də stolüstü oyunlar yüksək təşəkkül tapmışdır.

Bununla yanaşı, futbola həvəs göstərən gənclərin də sayı günbəgün artmaqdadır. Bu günlərdə 1982-ci ildə inşa olunmuş şəhər stadionunun hazırkı durumu ilə maraqlandıq. Doğrusu, stadionun görünüşü heç də xoş təəssürat bağışlamırdı.

Bir tərəfdə tamaşaçıların oturması üçün ümumiyyətlə, oturacaq yoxdur, yəni buraya üz tutan futbolsevərlər betonun üzərində oturmalı olurlar. Digər tərəfdə isə əvvəllər betonun üzərində taxta olsa da, 2004-cü ildən taxtalar sökülərək yerində plastik stullar quraşdırılmışdır. Lakin hazırda plastik oturacaqların çoxu yararsız hala düşmüşdür.

Stadion 10 min nəfər üçün nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, stadionun üstü bağlı deyil. 2004-cü ildə burada əsaslı təmir işləri aparılmışdır. Meydança təbii yaşıl otdan ibarətdir. Ədalət naminə deyək ki, otlara xüsusi qulluq göstərilir. Suvarma-çiləmə üsulu ilə həyata keçirilir. Beləliklə, yaşıllıq qorunub saxlanılır.

"Göyəzən" futbol klubu mütəmadi olaraq burada məşqlər keçirir. Eyni zamanda 5 yaşdan yuxarı yaş qrupuna aid olan uşaqlar da gələcəyin yaxşı futbolçusu olmaq üçün məşq zamanı stadiona üz tuturlar. Ümid etmək olar ki, aidiyyəti qurumlar stadionda mövcud olan problemləri tam aradan qaldırmaq üçün hərəkətə keçəcəklər.

Vəli VƏLİYEV,

"Respublika".