Qazaxıstanın sülh danışıqları üçün platforma təqdim etməsi faydalıdır
Siyasət

Qazaxıstanın sülh danışıqları üçün platforma təqdim etməsi faydalıdır

Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması prosesinə Qazaxıstan da qoşulub. Prezident Kasım-Jomart Tokayev ötən ay reallaşdırdığı Bakı səfərindən sonra İrəvanı ziyarət edib. Baş nazir Nikol Paşinyanla birgə brifinq keçirən Astana lideri bildirib ki, Cənubi Qafqazın 2 ölkəsi arasında sülh sazişinin imzalanmasını dəstəkləyir. Tokayev Qazaxıstanın sülh danışıqları üçün yeni platforma təqdim edə biləcəyini də vurğulayıb. Bu məsələdə dəstək göstərməyə, missiyanı öz üzərinə götürməyə hazır olduğunu dilə gətirib. O, daha əvvəl xarici mətbuata açıqlamasında da bildirmişdi ki, sülhməramlıların təşəbbüskarı və dəstəkçisi kimi, Qazaxıstan regional inkişafa yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır. Tokayevin bu çıxışları isə təəccüblü deyil. Çünki Bakı və Astana arasında münasibətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində dinamik şəkildə inkişaf edir, onlar Trans-Xəzər də daxil olmaqla, bir çox ortaq layihələrdə yer alırlar. Qazaxıstan iqtisadiyyatını şaxələndirmək siyasətini həyata keçirdiyi üçün Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin formalaşmasında maraqlıdır. Siyasi şərhçi Əli Mustafa deyir ki, bu ölkə tranzit yükdaşımalardan gəlir əldə etmək istədiyindən Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması, nəqliyyat əlaqələrinin formalaşması da Tokayevin siyasi gündəliyindədir: 

"Tokayev hesab edir ki, Azərbaycan və Ermənistan arasında münasibətlər qaydasına düşərsə, Zəngəzur dəhlizinin açılması da reallaşacaq. Bu isə Orta Dəhlizin əhəmiyyətini artıracaq. Beləliklə də Türküstan coğrafiyasında olan dövlətlərin, o cümlədən Qazaxıstanın da iqtisadi inkişafı sürətlənəcək. Astananın Avropa ilə əməkdaşlığına, ticarət əlaqələrinin dərinləşməsinə çox ciddi fayda verəcək. Nəticədə Qazaxıstan bir növ dalandan çıxacaq". 

Siyasi şərhçinin sözlərinə görə, növbəti mərhələdə iqtisadi, siyasi və təhlükəsizlik sahəsində inkişaf etmək istəyən digər Mərkəzi Asiya ölkələri də prosesə qoşula bilərlər. 

Jalə QASIMZADƏ, 
“Respublika”.