Qazdığı quyuya özü düşən Fransa Azərbaycanda ifşa edildi
Siyasət

Qazdığı quyuya özü düşən Fransa Azərbaycanda ifşa edildi

İkinci Qarabağ müharibəsindən üç il keçməsinə baxmayaraq, hələ də Fransanın Azərbaycana qarşı qərəzi səngimək bilmir. Ermənidən çox ermənilik etməyə çalışan, bu dövlət daxili gərginliyini boğa, xain xislətindən xilas ola bilmir. Ölkəmizə qarşı şər-böhtan kampaniyasından usanmayaraq Cənubi Qafqazda yeni münaqişə ocaqları alovlandırmaq məqsədilə hayları hər cür silahlarla təmin etməkdən də çəkinmir. Nə yolla olursa olsun regiona yerləşmək, burada mövqelərini möhkəmləndirmək üçün olsun Ermənistandan alət kimi istifadə edir. Fransa imperialist, işğalçı dövlət kimi yalançı ermənipərəstlik nümayiş etdirsə də, onlar üçün öz maraqları və iqtisadi dividendləri daha önəmlidir. Bu mənada, Makron hakimiyyətinin gözü təbii ehtiyatlarla zəngin Cənubi Qafqaz və münbit Azərbaycan ərazilərinə dikilmişdir. Yəni heç vaxt Fransanın iqtisadi maraqları erməni maraqlarını üstələyə bilməz. Sadəcə, Paris hazırkı durumda erməni lobbisinin əlində oyuncağa çevrilib.

ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkəsi kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində öz mövqeyi ilə yaddaşlarda qalan Fransa xain əməllərindən əl çəkə bilmir. Əslində isə məsələnin mahiyyəti ondan ibarətdir ki, Fransa və digər dövlətlər Azərbaycanın regionda söz sahibi olması ilə barışa bilmirlər. Makron hakimiyyəti minlərlə kilometr uzaq məsafədə yerləşən bölgələrdə separatizmi dəstəkləyir. Fransanın vaxtilə Qarabağdakı erməni separatçılara göstərdiyi dəstəyin də arxasında öz maraqlarının dayandığı heç kimdə şübhə doğurmur. Aydın məsələdir ki, Fransadakı seçkilərdə etnik ermənilərin dəstəyini qazanmaq hakimiyyət üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, bir müddət əvvəl Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndələri hökumətə müraciət edərək "Dağlıq Qarabağa dəstək" verilməsini tələb etmişlər. Müraciətdə həmişəki kimi, Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilərək, guya Qarabağda ermənilərin "etnik təmizləməyə" məruz qaldığı iddia olunmuşdu. Öz gözündə tiri görməyib, özgə gözündə tük axtarır məsəlini məhz bu ölkəyə şamil etmək olar. Parisin əsarətdə saxladığı xalqlar əsrlərdir azadlıqları uğrunda mübarizə aparırlar. Yaxşı olardı ki, Fransa öz problemlərini həll etsin və uzaq regionlara olan maraqlarından əl çəksin. Yüzilliklər boyunca istismar etdiyi Afrikada, Asiyada yaratdığı yoxsulluq və müstəmləkəçilik siyasətinə son qoymaq əvəzinə, Cənubi Qafqaza, Azərbaycana böhtan yağdırması, insan haqlarından dəm vurması süni ajiotaj və siyasi əxlaqsızlıqdır.

Azərbaycan isə dünyada sülhün, barışığın təbliği və tərəfdarı olaraq bütün dövlətlər kimi, hər zaman Fransa ilə münasibətlərə xüsusi önəm verib. Parisə dost əli uzatsa da, haqsızlıq, ədalətsizlik və qərəzlə qarşılaşıb. Yaxın günlərdə bu ölkənin daha bir xain planı ifşa olundu, ölkəmizdə olan Fransa səfirliyinin iki əməkdaşı "persona-non-grata" elan edildi. Əvvəla xatırladaq ki, hansı dövlətdə olmasından asılı olmayaraq, diplomatlar fəaliyyət göstərdikləri ölkələrdə toxunulmazlığa malikdirlər və onlar yerli qanunlarla cinayət məsuliyyətinə cəlb oluna bilməzlər. Amma diplomatik missiyanın fəaliyyət göstərdiyi ölkə qanunları pozan, fəaliyyəti diplomatik statusuna uyğun gəlməyən və cinayət başında yaxalanan diplomatları ərazisindən çıxara, "persona-non-grata", yəni "arzuolunmaz şəxs" elan edə bilər. Bu günlərdə ölkəmizə qarşı xain əməlləri nəticəsində Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Fransa səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə "persona-non-grata" elan ediliblər. Bu barədə nota XİN-ə çağırılan Fransa səfiri Ann Buayona təqdim edilib.

Fransa son illər, xüsusən də Vətən müharibəsindəki qələbəmizdən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyətlə barışa bilmir. Azərbaycana qarşı siyasi-diplomatik cəbhədə uğursuzluğa düçar olan Paris düşdüyü gülünc vəziyyəti qəbul etməyə çətinlik çəkir. Azərbaycan isə qanunun aliliyini əsas götürərək ölkəmizə qarşı xain planlar cızan Fransa kimi dövlətlərə sarsıdıcı zərbələr vurur. Belə ki, dekabrın 21-də Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa edildi. Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini həyata keçirən bir sıra şəxslər həbs olunub, bəziləri isə istintaq altına alınıb. Baş vermiş hadisə Fransa kəşfiyyatının son illərdə ən böyük uğursuzluğu, Azərbaycan xüsusi xidmət orqanlarının isə növbəti qələbəsidir. Casus şəbəkəsinin ifşası göründüyü kimi, təkcə Azərbaycanla bağlı deyil, regional miqyasda bir çox ölkələrə qarşı rəsmi Parisin apardığı məkrli siyasətdir. Makron hakimiyyətinin bu əməli bir daha onun xain niyyətinin və şəxsi maraqlarının təsdiqidir. Nəticədə, Fransanın Cənubi Qafqaza nüfuz etmək, geosiyasi dividendlər qazanmaq cəhdləri Azərbaycan dövləti tərəfindən bir daha ifşa edildi.

R.MƏHƏRLƏMOVA,

"Respublika".