Qəhrəmanların ömür yolu əbədidir
Region

Qəhrəmanların ömür yolu əbədidir

Masallıda Musaküçə kənd tam orta məktəbi şəhid Fayəddin Xancanovun adını daşıyır. 22 yanvar 1978-ci ildə Masallıda dünyaya göz açan  elin bu qəhrəman oğlu  Birinci Qarabağ müharibəsində  sinəsini  Ana Vətənə  sipər edib mərdliklə düşmənə layiqli cavab verməklə  18 yaşında şəhidlik zirvəsinə ucalıb.  Ömür yolu qısa olsa da,  şərəfli ölümü ona əbədiyaşarlıq  gətirib. Qəlblərdə yaşayır, xatırlanır.

Vətən sevdalısı Fayəddin Xancanov 1991-ci ilin aprel ayında ordu sıralarına yollanıb. Mingəçevir  şəhərindəki  "N" saylı hərbi hissədə təlim-məşqlərdə  iştirak edib, Ağdərə bölgəsinin müdafiəsi uğrunda döyüşüb. Cəsarəti, qorxmazlığı, vətənpərvərliyi, sədaqəti ona hörmət qazandırıb. İgid əsgər  1993-cü il iyulun 23-də savaşda başından aldığı yaradan  əbədiyyətə qovuşub.

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, eləcə  Masallı Təhsil Sektorunun dəstəyi sayəsində "Qəhrəmanlarımızı tanıyaq" layihəsi çərçivəsində növbəti  tədbir  məhz  şəhid Fayəddin Xancanov adına Musaküçə kənd tam orta məktəbində baş tutdu.  Birinci Qarabağ və Vətən müharibəsi qəhrəmanlarının yeni nəsillərə tanıdılması məqsədini  daşıyan tədbirdə müharibə iştirakçıları, müəllim və şagirdlər iştirak edirdilər.

Tədbirdə müharibənin ağır və tarixi məqamlarından söhbət açan muzeyin direktoru Əntiqə Tağıyeva onu da bildirdi ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın, həmçinin dünyanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Qəhrəman Azərbaycan övladları  öz qanı bahasına 30 il düşmən əsarətində qalan Vətən torpaqlarını azad etməklə  xalqımızın mənliyini, kimliyini qaytarmış oldular. 

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Masallı rayon filialının sədri Nahid Rəhimov, Vətən müharibəsi iştirakçısı Bəhruz Mehbaliyev, Əli Namiq oğlu, Orxan  Teymurov,  Elşən Teyyub oğlu və Talib Qəzənfərli çıxışlarında tədbir iştirakçılarına  keçdikləri döyüş yolundan danışdılar.

Yekunda məktəbin direktoru Aytən Əliyeva və müəllim, şəhid qardaşı Rizvan Rzayev yeniyetmələrin maarifləndirilməsi məqsədilə keçirilən bu səpkili tədbirlərin təşkilatçılarına minnətdarlıq etdilər.

Zəfər ORUCOĞLU.