QƏLƏBƏ RUHLU ŞƏHİDLƏRİMİZ
Region

QƏLƏBƏ RUHLU ŞƏHİDLƏRİMİZ

Masallıda Qarabağ müharibəsində şəhid olan qəhrəmanların xatirəsi daim əziz tutulur. Torpaqlarımızın işğaldan azad edilməsində canından, qanından keçmiş igidlərin adları əbədiləşdirilir, xatirəsinə ehtiram olaraq bulaq kompleksləri tikilir, ömür yolları barədə sənədli filmlər çəkilir, anım mərasimləri və digər silsilə tədbirlər keçirilir.

Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Qələbə ruhlu şəhidlərimiz” mövzusunda rəsm əsərlərinin sərgisi təşkil olunub. Masallı Dövlət Rəsm Qalereyasında keçirilən açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, mədəniyyət işçiləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva sərginin Masallı Regional Mədəniyyət İdarəsinin tədbirlər planına uyğun təşkil olunduğunu, Vətən uğrunda şəhidlik məqamına yüksəlmiş igidlərin unudulmaz, parlaq xatirələrini yaşatmaq, şəhid ailələrinə mənəvi dəstək olmaq, gənc nəslə vətənpərvərlik ruhu aşılamaq məqsədilə belə bir sərginin nümayiş etdirildiyini diqqətə çatdırıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Vətən müharibəsində yeni tarix yazan qəhrəman oğullarımızın fədakarlığı, şücaəti sayəsində qazanılan Zəfərin, böyük Qələbənin misilsiz əhəmiyyət daşıdığını, şəhidlərimizin ömür yolunun gələcək nəsillərə rəşadət və qəhrəmanlıq nümunəsi olduğunu söyləyib. “Bu gün biz qalib ölkənin vətəndaşları kimi qürurluyuq. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva azad olunmuş torpaqlarımızı ziyarət edir, abadlıq, quruculuq işlərinin sürətləndirilməsi istiqamətində yeni layihələr gerçəkləşdirirlər. Bütün bunlar qədim, əzəli yurdumuzda üçrəngli bayrağımızın əbədi dalğalanacağına əminliyimizi bir daha artırır. Vətənpərvərlik mövzusunda tədbirlərin bundan sonra da davamlı şəkildə keçirilməsi çox əhəmiyyətlidir”, --deyə icra başçısı bildirib.

Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi,  şanlı ordumuzun yüksək peşəkarlığı və qüdrəti sayəsində torpaqlarımızın işğaldan azad edildiyini, hərb tariximizə qızıl hərflərlə parlaq səhifələr yazıldığını qeyd edib.

Sonra sərgiyə baxış keçirilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü, bir neçə beynəlxalq müsabiqənin laureatı Ehtiram Məmmədovun, rəssam Təhmasib Məcidovun şəhidlərə həsr etdiyi portretlər, Masallı İncəsənət Məktəbinin şagirdlərinin, Uşaq İnkişaf Mərkəzinin dərnək üzvlərinin və Sevda Əliyevanın rəsm əsərləri, əl işləri, eləcə də muzeydə şəhidlərə aid qorunub saxlanılan materiallar nümayiş olunub.

Sərgidə Masallı şəhidləri ilə yanaşı  Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, şəhid Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş rəsm əsərləri də yer alıb. Noyabr ayının 10-dək davam edəcək sərgidə 80-dən yuxarı rəsm əsəri nümayiş olunur.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.