Məşhur mahnının bəstəkarı
Region

Məşhur mahnının bəstəkarı

Gəncədə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 108 illiyi qeyd olunub.  Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bəstəkarın ailə üzvləri və şəhər rəsmiləri iştirak ediblər. Bəstəkarın şəhərin Filarmoniya bağındakı məzarı üzərinə tər çiçəklər düzülüb. Bəstəkarın ailə üzvləri çıxış edərək, Qəmbər Hüseynlinin yaradıcılığına göstərdikləri xüsusi diqqətə görə ölkə başçısı İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Daha sonra iştirakçılar “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynli haqqında  xatirələrini bölüşüblər. Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların yekdil rəyinə görə, indiyə qədər  "Cücələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.  Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi"nə çevrilib. 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayıb. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi. Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünyaşöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutaraq deyir: "Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!".  Sonda bəstəkarın hər kəs tərəfindən sevilən “Ay işığında” mahnısı ifa olunub.

Zabit XƏLİLOV,

“Respublika”.