Qərb Ermənistanda seçkilərin keçirilməsində maraqlıdır
Siyasət

Qərb Ermənistanda seçkilərin keçirilməsində maraqlıdır

Ermənistanda növbədənkənar parlament seçkisinin 2024-cü ilin may-iyun aylarında keçirilməsi nəzərdə tutulub. Baş nazir Nikol Paşinyanı buna sövq edən Qərb paytaxtlarıdır. Nəzərə alsaq ki, o, sonuncu mer seçkilərində belə ciddi çətinliklərlə üz-üzə qalıb, ona görə də Paşinyanı qarşıda daha çətin sınaqların gözlədiyi istisna olunmamalıdır. Amma hazırda Nikol Qərbin bölgədəki maraqlarının təmin olunması baxımından ən sərfəli fiqur hesab olunur. Üstəlik, Ermənistanda revanşistlərin aktivləşməsi Qərb dairələrini ciddi şəkildə narahat edir. Buna görə də Birləşmiş Ştatlar və Avropadakı tərəfdaşları baş nazirin hakimiyyətinin uzunömürlülüyünə çalışır, Paşinyanı nüfuzu daha da aşağı düşmədən növbədənkənar seçkiyə getməyə həvəsləndirirlər.

Xatırlatmaq lazımdır ki, 2021-ci ildə 44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atmış Nikol Paşinyan və onun rəhbərlik etdiyi partiya seçicilərin 54 faizinin səsini toplayaraq Ermənistanda keçirilən növbədənkənar seçkilərdə qələbə qazanmışdı. Lakin həmin dövrdə prosesin şəffaf şəkildə keçirilmədiyi reallığı gündəmə gəlmişdi. Məsələn, Ermənistanda 2 milyon əhali olmadığı halda seçicilərin ümumi sayının 2 milyon 600 minə qədər şişirdilməsi, guya onların 1 milyon 200 mininin səs verməsi barədə iddialar ortaya atılmışdı. Amma bütün bunların fonunda Ermənistanın hazırkı hakimiyyəti öz qələbəsini təmin etməyi bacarıb və burada heç şübhəsiz ki, Qərb texnoloqlarının da özünəməxsus rolu olub. Fərqli dövrlərdə Azərbaycanda təşkil olunan seçkilərə dərhal müxtəlif don geyindirməyə çalışan qoca qitə nümayəndələrinin Ermənistandakı total saxtakarlıqlara biganə qalması da elə onların ümumi maraqlarından irəli gəlir. Bu faktoru nəzərə alsaq, Qərbin yenə Nikol Paşinyanı kreslosunda saxlamaq üçün müxtəlif üsullara əl atması təəccüblü olmayacaq.

İndiki halda baş nazirin özü də bunda maraqlı görünür. O, maksimum tez şəkildə prosesi yekunlaşdırmaq istəyir. Çünki son vaxtlar Azərbaycanla birbaşa təmasların yaranması, sülh işartılarının görünməsi Ermənistandakı müxalifəti hərəkətə gətirib və ayrı-ayrı revanşist qüvvələr Paşinyanı devirməklə bağlı çağırışlar edirlər. Bu risklərin fonunda hökumət rəhbəri həm hakimiyyətinin ömrünü uzatmaq, həm də bölgədə yeni mərhələnin başlanmasını təmin etmək üçün növbədənkənar seçkilərə getməyə hazırlaşır. Amma bu prosesdə onu böyük çətinliklər gözləyir. Hazırda Nikol meydanda tək görünür, amma növbəti mərhələdə rəqiblərinin də siyasi arenaya çıxması istisna deyil. Proseslərin hansısa bir məqamında Ermənistan hakimiyyətindən narazı olan qüvvələr və paytaxtlar özlərinin görünməz fiqurlarını ortaya çıxara bilərlər. Artıq bunun mesajları da verilir. Belə ki, ötən ay Robert Köçəryanın həbsdə olan oğlunun azadlığa çıxması və ona mandat verilməsi Köçəryanın rəhbərlik etdiyi "Hayastan" blokunun yenidən dirçəlməkdə olduğunu deməyə əsas verir. Eyni zamanda Qarabağ klanının da növbəti dəfə aktivləşə biləcəyi barədə təxminlər var. Xüsusilə Qarabağdan köçən ermənilərin bir araya gətirilməsi üzrə işlərin başladılması, klanın üzvləri və ayrı-ayrı separatçı ünsürlərin yenidən toplaşmağa cəhd göstərməsindən sonra bu iddia daha da güclənib. Paşinyan isə həm özünün təhlükəsizliyini, həm də Ermənistanın varlığını qorumaq üçün bu revanşistlərdən xilas olmalıdır. Bunun həlli isə növbəti seçkilərdə parlamentdə 30-dan artıq yerin sahibi olan radikal müxalifətçilərin faiz əmsalını aşağı salmaqdan asılıdır.

Elşad PAŞASOY,

siyasi şərhçi.