Qərb qonşumuzun növbəti məkri
Siyasət

Qərb qonşumuzun növbəti məkri

Ermənistan bu gün Azərbaycanın Qarabağda "etnik təmizləmə" apardığını əlində bayraq edib və çalışır ki, bu məsələ siyasi arenada müzakirə olunsun. Qərbin Azərbaycana qarşı xain münasibəti və buna əsasən Qarabağ məsələsinin həllinə onun ikili standartlar prizmasından formalaşan baxışları bizim əleyhimizə işləyir. Əgər Ermənistan Qarabağdan köçmüş ermənilərin geri qaytarılmasına və onların təhlükəsizliyinin təmin olunmasına dair Azərbaycan hökumətindən təminat istəyirsə, Azərbaycan da eyni qaydada vaxtilə Ermənistandan qovulmuş 180 min soydaşımızın ora qaytarılmasını və erməni hökumətindən onların təhlükəsizliyinə təminat verilməsini tələb edə bilər. 

Ümumiyyətlə, Nikol Paşinyanın Avropa Parlamentində rəqəmləri təhrif edərək göstərməsi siyasi bir xarakter daşıyır. Guya ki, Qarabağda 100-150 min  civarında erməni sakini olub. Bu, absurd və gülünc yanaşmadır. Çünki məhz Laçın dəhlizi vasitəsilə keçdikdə onların hamısının hesabı aparılıb və statistikası məlumdur. Bu deyilən rəqəmlər heç biri həqiqətə uyğun deyil. Digər məsələ isə Qarabağda yaşayan erməni əsilli sakinlər deport olunmayıb, qovulmayıblar. Əksinə, dəfələrlə təklif edilib ki, onlar Azərbaycan bayrağı altında, Konstitusiyaya uyğun olaraq burada qalıb, yaşaya bilərlər. Yəni inteqrasiya məsələsində də Azərbaycan birmənalı olaraq erməni sakinlərinə Azərbaycan vətəndaşlığını qəbul edərək orada qalmasının tərəfdarı olub. Avropa sadəcə etnik məsələni qabardaraq çalışır ki, bu, məhkəməlik bir prisitent olsun. Burada etniklikdən söhbət gedə bilməz. Çünki Azərbaycan ərazisində yaşayan bütün millətlər öz mənsubiyyətinə uyğun olaraq multikultural, tolerant dəyərli bir dövlətin nümayəndələridir. Ona görə də bu, ikili yanaşma və ikili standartlardan xəbər verir. Bir daha qeyd edirəm ki, həmin rəqəmlər şişirdilmiş rəqəmlərdir. Qəsdən şişirdirlər ki, bu, məhkəmə predmeti olsun. O da məlumdur ki, qanunsuz erməni hərbi birləşmələri də vardı. Onları da qəsdən bu siyahıya salmağa çalışırlar. Yəni bu, absurddur. 

Ermənilər ciddi cəhdlə guya etnik ermənilərin qovulmasından danışırlar. Məlum məsələdir ki, Birləşmiş Millətlər Təşkilatının humanitar missiyası həmin ərazidə oldu və orada hansısa deportasiyadan, qovulmadan söhbət getmədiyini bir daha özləri bəyan etdi. Bölgədə qalan müəyyən erməni əsilli sakinlərlə aparılan söhbətlər də bir daha göstərdi ki, Azərbaycan tərəfi dəfələrlə onlara müraciət edib, reinteqrasiya məsələlərini başa salmağa çalışıb. Yəni əsas məsələ odur ki, Azərbaycan inteqrasiya ilə bağlı çağırışlar edir. Lakin ermənilərin havadarları və revanşist qüvvələr bu prosesi qabartmağa çalışırlar. Əsas məsələ budur.

Ermənistan tərəfi daima belə siyasətə əl atıb. Avropa Parlamentinin də qəbul etdiyi müxtəlif qətnamələr, qərarlar da məhz bunun üzərində köklənib. Azərbaycan isə bir çox ölkələrlə sıx əlaqələr qurub və həmin dövlətlər ölkəmizin haqq işini dəstəkləyirlər.

Arzu NAĞIYEV,

Milli Məclisin deputatı.