Qərbi Azərbaycan toponimlərinin həqiqətləri
Mədəniyyət

Qərbi Azərbaycan toponimlərinin həqiqətləri

Tarix elə gətirib ki, Azərbaycanın qismətinə torpağının böyük bir hissəsinin zəbt olunması, alınıb hansısa gəlmələrə verilməsi yazılıb. Zamanla parça-parça bölünən, hər bucağından bir yağıya pay verilən vətənimiz XX əsrin sonlarında daha bir faciə ilə üz-üzə dayandı. O qədər də uzaq olmayan tarixdən başlayaraq ərazilərimizə yerləşdirilən hayların məkrli siyasəti qismən də olsa öz “bəhrəsini” verdi.

"Dənizdən-dənizə Böyük Ermənistan" təbliğatının özülündə Azərbaycan ərazilərini işğal etmək dayanırdı. 1980-ci illərin sonlarından etibarən qədim torpaqlarımız olan Qərbi Azərbaycan əraziləri Ermənistan tərəfindən boşaldılmağa, azərbaycanlıların tamamilə bölgədən köçürülməsinə başlanıldı. "Uğurla" həyata keçirilən kütləvi deportasiya prosesi vəhşi toplumu daha da həvəsləndirdi. Ulu babalarımızdan miras qalan, xanlar, xaqanlar yurdu, qədim oğuz eli düşmən əlinə keçdi. Bu işğal sadəcə azərbaycanlıların doğma yurd yerlərindən köçürülməsilə yekunlaşmadı. Haylar bütünlüklə əraziləri erməniləşdirmək və süni erməni tarixi yaratmaq məqsədilə Qərbi Azərbaycan torpaqlarında olan tarixi-dini-mədəni abidələri ya tamamilə dağıtdılar, ya da erməniləşdirməyə çalışdılar. Lakin bir şeyi unutdular ki, torpağın üzərində olan tarixi silərkən, altındakı kökləri məhv etmək qeyri-mümkündür. Çünki bu yerlərin hər qarışı, dağı, daşı, yurdu-yuvası Azərbaycana aiddir.

Əlbəttə ki, Qərbi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən mənimsənilməsi yolverilməzdir və bu, qeyri-mümkündür. O yerlərin tarixini, adət-ənənəsini özündə yaşadan insanlar yaxın gələcəkdə doğma yurd yerlərinə dönəcəklərinə inanır və o günü səbirsizliklə gözləyirlər.

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu və yazıçı-publisist Sərtib İslamoğlunun birgə hazırladığı "Qərbi Azərbaycan toponimlərinin həqiqətləri" adlı kitabı çapdan çıxıb. Olduqca nəfis tərtibatda hazırlanan kitabda Qərbi Azərbaycanın tarixi, coğrafiyası, onomastik vahidləri, folkloru, adət-ənənələri və məişəti haqqında müfəssəl məlumat verilir. Həmçinin uzun illər təqiblərə məruz qalmış, maddi, mənəvi terrora uğramış azərbaycanlıların 1500-dən çox yaşayış məntəqələrindən neçə çıxarılmaları haqqında da söhbət açılır. Kitabda bölgənin bütün coğrafiyası, hər kəndin, şəhərin, obanın, hətta məhəllənin belə tarixi ilə tanış oluruq. Kitabı ümumilikdə tarixi sənəd də adlandırmaq olar. Hazırlanmasında böyük əməyi olan Nadir Məmmədli və Elçin İsmayılov məhz tarixi faktlara söykənərək uğura imza atmışlar.

Diqqətçəkən məqamlardan biri də odur ki, hər bir müəllif söhbət açdığı qədim yurd yerlərinin bir çoxlarının eyniadla digər bölgəmizdə də olan kənd və mahalları da qeyd etməsidir. Bu isə ən böyük sübutlardan biridir ki, bir adda ərazi Azərbaycanın həm Qərbində, həm də Şərqində var. Bu, toponim və hidronimlərin qədim türk sözü olduğunu bir daha təsdiq edir. Məsələn, Zəngəzur qəzasında Muxurtovlayan adlı dağ var. Digər ərazilərimizdə - İmişli ərazisində Muxurtəpə, Ağcabədidə Muxur obası və sair bu kimi adların eyni kökdən olduğunu özündə ehtiva edir.

Filologiya üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə daha bir maraqlı sahəni əhatə edərək, Qərbi Azərbaycanın abidələrinin bir qisminin tarixindən və yerli xüsusiyyətindən söz açmışdır. Məsələn, müəllif "Kolanlı abidələri" başlıqlı yazıda ərazidə olan qədim dəyirmanlardan, küp qəbirlərdən, bu yerlərin coğrafiyasına uyğun bəzəkli və yazılı daşlardan bəhs edir. Biz bu ada, Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində də rast gəlirik. Yaxud da Vedi mahalında, Dəvəgözü çayının kənarında yerləşən Bayburt kəndi. Geniş şəkildə təsvir edilən kəndin tarixi, xüsusiyyətləri, ərazi adları onun Azərbaycana məxsus olması haqqında sübutdur. Çünki heç bir erməni deyə bilməz ki, onlarda Aylı Quzey, Böyükdüz yaylağı, Ərikağacı, Kosamməd aşırımı, Böyük Ətli çuxur, Kiçik Ətli çuxur, Tərəkəməlik və digər adlar var. Bunlar hamısı qədim Azərbaycan adlarıdır. Hər birinin də yaranma tarixi və özünəməxsus xüsusiyyətləri var.

Digər müəllif, Əməkdar jurnalist Flora Xəlilzadə isə Zəngəzur mahalının yer adlarından söhbət açır. Qarakilsə və Şəki əraziləri haqqında geniş məlumat verir. Müəllif qeyd edir ki, Şəkidə hər dağın, dərənin, düzün, döngənin, cığırın, bulağın, çayın, qayanın, daşın belə öz adı var. Sərtib İslamoğlu isə Vedibasar mahalının yer adları haqqında maraqlı məlumatlar verir. Xalisa kəndində olan yer adları - Qədəm arxı, Xalisa arxı, Şiddi qobusu, Dəvəli qobusu, Şor qobu və digər maraqlı adlara geniş şəkildə aydınlıq gətirir.

Kitabı oxuduqca sanki uzun, maraqlı bir yola çıxır, bizim olan, lakin bizdə olmayan Qərbi Azərbaycan torpaqlarını addım-addım gəzirsən, doğma yerlərin qədim tarixinə ekskursiya edirsən. Təpədən-dırnağa kimi azərbaycançılığı özündə əks etdirən tarixi Azərbaycan ərazilərində dolanıb, dolaşıb gəlirsən. İrəvan xanlığından üzü ta Türkiyə sərhədlərinə kimi alınmaz qalaların başından boylanan azərbaycançılıq məfkurəsi ilə qarşılaşırsan. Dədə-babalarımızın min illər əvvəl ucaltdığı bu qalalar həm də millətin milli qürurunu, qəhrəmanlığını özündə təcəssüm etdirir.

Ramidə YAQUBQIZI ,

"Respublika".