Qərbi Azərbaycana qayıdacağımız  gün yaxındır
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdacağımız  gün yaxındır

Azərbaycan xalqı min illər boyunca öz torpaqlarından deportasiyalara, etnik təmizləmələrə məruz qalıb. 195 il əvvəl, yəni 1828-ci ildən başlayan proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusi amansızlıqlarla həyata keçirilib. Bu proses zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Hazırda Azərbaycan torpaqlarında qurulan indiki Ermənistan dövləti məhz milyonlarla azərbaycanlının qətli, işgəncələrə məruz qalması və dədə-baba yurdlarından deportasiya olunması hesabına ermənilər əhalinin böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Lori-Pəmpək, Şörəyal, Zəngəzur qəzalarında və Göyçə mahalında kütləvi qırğınlar törədərək bu yerləri silahlı yolla ələ keçirməyə cəhd etmişlər.

Bundan sonra onlar Qərbi Azərbaycandan soydaşlarımızın izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın etmişlər. Hazırda hər bir Azərbaycan vətəndaşı üçün ən həssas məsələlərdən biri də Qərbi Azərbaycan konsepsiyasının həyata keçirilməsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündə səsləndirdiyi tezisləri fəaliyyət proqramı kimi qəbul edən İcma üzvləri tarixi torpaqlara, İrəvana, Zəngəzura, Göyçə mahalına qayıtmağın siyasi, hüquqi, ideoloji əsaslarını hazırlamaq üçün praktik addımlar atırlar. Maraqlı cəhətlərdən biri də odur ki, vaxtilə azərbaycanlıların yaşadığı Qərbi Azərbaycan kəndləri indi də boşdur. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bütün bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə laqeydliklə yanaşıb.

Ötən il dekabr ayının 24-də Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsini qəbul edərkən icmanın fəaliyyəti ilə bağlı özünün konseptual fikirlərini səsləndirmişdir. Bu fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsaslarını təşkil edir. Bir ay müddətində hazırlanan sənəddə son 200 ildə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. Konsepsiya bu il yanvarın 25-də Müşahidə Şurasında təsdiq edilib. Qərbi Azərbaycan İcması tərəfindən yanvarın 26-da qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olmasına xidmət edir. Beynəlxalq hüquqda, konvensiyalarda insanların öz tarixi vətənlərinə, torpaqlarına qayıdış haqqı təsbit olunub. Soydaşlarımızın Qərbi Azərbaycandan çıxarılmasına, etnik təmizləməyə, soyqırımına məruz qalmasına dair çox sayda tarixi sənədlər, faktlar mövcuddur. Beynəlxalq mənbələrdə də bu məqamlarla bağlı faktlar var. Bu səbəbdən, Qərbi azərbaycanlıların qayıdışı tələbi haqlı, ədalətli olduğu qədər də beynəlxalq hüquqa tam uyğundur.

Bu il martın 28-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Sənəd BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb və ispan), adıçəkilən əsas orqanların gündəliyinin sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin silahlı münaqişələrin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. Qeyd edək ki, beynəlxalq platformada bu məsələnin gündəmdə saxlanılması ölkəmiz üçün vacib əhəmiyyət daşıyır. BMT-də yayılan sənəd göstərir ki, artıq beynəlxalq müstəvidə də işlərə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu fikirləri söyləmişdi: "Gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi deməkdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu, bizim legitim hüququmuzdur.

N.CAVADZADƏ,

"Respublika".