Qərbi azərbaycanlılar yurda qayıtmaqda israrlıdırlar
Siyasət

Qərbi azərbaycanlılar yurda qayıtmaqda israrlıdırlar

Tarixən Azərbaycanın mərkəzi şəhərlərindən biri olmuş İrəvan 1 oktyabr 1827-ci il tarixində Rusiya-İran müharibəsi (1826-1828) zamanı Rusiya imperiyası tərəfindən işğal olunub. Bununla da İrəvan xanlığı ləğv edilib, yeni əyalət yaradılaraq, Rusiya imperiyasının hakimiyyəti altına keçib və 1917-ci ilə qədər onun tərkibində qalıb. Anti-Azərbaycan siyasətinin nəticəsi olaraq, xanlığın əzəli əhalisi olan azərbaycanlılar diskriminasiya olunub və oraya ermənilər köçürülüb.

Daha sonralar isə bu bölgədəki azərbaycanlıların deportasiyası istiqamətində yeni addımlar atılıb, SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərar qəbul edib. Nəticədə azərbaycanlı əhali 1948-1953-cü illərdə doğma yurdlarından kütləvi şəkildə deportasiya edilib. Zorakılıqla sürgün edilmiş 150 mindən çox azərbaycanlı İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən təqiblərə məruz qalaraq qovulub. Növbəti deportasiya isə 1988-1989-cu illərdə baş verib. Bunun nəticəsində 250 min azərbaycanlı qaçqın düşüb.

"Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik". Bu sözləri ulu öndər Heydər Əliyev 23 fevral 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında deyib.

Prezident İlham Əliyev də öz müsahibəsində qeyd edib ki: "İndi sülh bizim gündəliyimizdədir. Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik".

Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan 10 illərdir sülh mövqeyindən çıxış edir, məsələnin həlli üçün çalışır. Bir milyona yaxın azərbaycanlı öz doğma evindən məhrum edilib, otuzillik işğal müddətində işğal altında olan ərazilərimiz tamamilə məhv edilib, şəhərlər, kəndlər tamamilə dağıdılıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan geri çəkiləcəyi tarixləri təqdim etdikdən sonra müharibə bitib və dərhal sülh haqqında danışıqlara başlanıb.

Prezident İlham Əliyev Qərbi Azərbaycana Qayıdış İctimai Birliyində ziyalılarla görüşdə qeyd edib: "Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış konsepsiyası hazırlanmalıdır".

26 yanvar 2023-cü il tarixində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının iclasında "Qayıdış Konsepsiyası"nın layihəsi təsdiq edilib. Sənəddə indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək üçün çalışan, Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib.

İkinci Qarabağ müharibəsində qazanılan qələbədən sonra vətəndaşlarımız öz doğma torpaqlarına qayıdır. Bununla bərabər, Azərbaycan erməni əsilli şəxslərə də vətəndaşlıq təklif edib. Bu gün əzəli Qarabağ əhalisinin öz torpaqlarına qayıdışının təmin edilməsi kimi, Qərbi azərbaycanlıların da həmçinin qovulduqları doğma yurdlarına geri qayıtmaları üçün fəaliyyət davam edir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, xalqımız Qərbi Azərbaycana qayıtmaq niyyətində israrlıdır və bunun üçün dövlətimiz o insanlara hər cür dəstək göstərəcək. Yüz minlərlə insanımızın Qərbi Azərbaycana qayıdışı, həm də, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Ölkə başçımızın qətiyyətli siyasəti və xalqımızın əzmi sayəsində Azərbaycan bu istəyinə də çatacaq.

 

Nurcan SÜLEYMANOVA,

"Respublika".