XI Qlobal Bakı Forumunda iqlim ədaləti müzakirə olunub
Siyasət

XI Qlobal Bakı Forumunda iqlim ədaləti müzakirə olunub

XI Qlobal Bakı Forumun ikinci günündə növbəti panel iclası “Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti” mövzusuna həsr olunub.

"Respublika" xəbər verir ki, panel iclasına Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti Hafez Qanem moderatorluq edib.

İclasda çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels hazırda dünyanın bir çox ölkəsinin iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkdiyini bildirib. Qeyd olunub ki, xüsusilə də zəif inkişaf etmiş və kiçik ada dövlətləri daha çox təsirə məruz qalır. Hazırda 3,6 milyon insan iqlimə həssas ərazilərdə yaşayır. Daha çox əziyyət çəkənlər isə gənclər, fiziki məhdudiyyətli şəxslər, uşaqlar və qadınlardır. İqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkən həssas insanlar diqqətdə saxlanılmalıdır.

"İqlim dəyişikliyi səbəbindən miqrant axını görməkdəyik. COVID-19 pandemiyası zamanı da onlar əsas təsirlərə məruz qalanlar sırasında idilər. Hazırda iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəylik göstərmək lazımdır. İtki və Zərər Fondunun yaradılması nəticəsində iqlim dəyişikliyinin yaratdığı mənfi təsirlərin azaldılması ilə yanaşı, iqlim baxımından həssas olan ölkələrə dəstək göstərə biləcəyik", - deyə o əlavə edib.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım qeyd edib ki, təbii qazın vurduğu ziyan aradan qaldırılmalıdır.

O, ölkələrin iqlim dəyişikliyini ciddiyə almalarının vacibliyini diqqətə çatdırıb. “İnkişaf etmiş ölkələr təbiətə daha çox zərər vururlar. Bunun hesabını kim ödəməlidir? Dünyanın yaxşı bir məkana çevrilməsi üçün kim məsuliyyət daşımalıdır? Biz bu kimi suallara cavab tapmalıyıq”, - deyə sabiq Baş nazir bildirib.

Sonra çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev təmiz ətraf mühitin və yaşıl iqtisadiyyatın artırılmasının Azərbaycanın strategiyasının əsas xəttini təşkil etdiyini vurğulayıb.

Az inkişaf edən ölkələrdə iqlim dəyişmələrinin problem və çətinliklər yaratdığın bildirən E.Əliyev qeyd edib: “Azərbaycan orta gəlirli ölkələr sırasında yer alır və yaşıl enerjinin keçidini təmin edirik. Eyni zamanda, işğaldan azad olunmuş ərazilər yaşıl enerjili ərazi kimi elan edilib. Xəzəri külək enerjisinin ixracatçısına çevirəcəyik. Biz iqlim maliyyələşdirilməsində uğur qazanmaq və bunu ayrı-seçkilik olmadan etmək istəyirik”.

UNESCO-nun 2009-2017-ci illərdə baş direktoru, Beynəlxalq Elm Şurasının hamisi, BMT Sülh Universitetinin İdarə Heyətinin sədri İrina Bokova deyib ki, hər şey təhsildən başlayır. Bu bünövrədir. Bizim yaşam tərzimizi dəyişdirən yaşıl iş yerləri təhsildən keçir. Biz artıq hər bir layihədə elm tutumluluğu gücləndirməliyik.

2009-2011-ci illərdə Belçikanın Baş naziri İv Löterm çıxışında zamanın insanlara qarşı işlədiyini, biznes ssenarisi ilə davam ediləcəyi təqdirdə nəyəsə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.

Çıxışında iqlim dəyişikliyinin yaratdığı maliyyə böhranlarından danışan Mavrikinin sabiq Prezidenti Ameenah Qurib Fakim həssas ölkələrin həmin qlobal problemin mənfi təsirlərindən qorunmasına kömək məqsədilə İtki və Zərər Fondunun təsis olunmasının əhəmiyyətindən danışıb.

O, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün dövlət və özəl sektorları arasında əlaqənin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Malavinin sabiq Prezidenti Coys Banda Afrikada mövcud olan problemlər haqqında danışıb. Qeyd edib ki, təşkilatlar, icmalar Afrikanın səsini duymalıdırlar. “Artıq biz də burada icmalara qısa yollarla çıxış tapmalıyıq. Onların nələrə ehtiyacı olduğunu öyrənməliyik", - deyə sabiq Prezident diqqətə çatdırıb.

Panel iclasında çıxış edən Rumıniyanın sabiq Baş naziri Petre Roman dünyanın gələcəyi ilə bağlı qarşıda duran məsələlərin müzakirəsinin əhəmiyyətini vurğulayıb. O, maliyyə məsələləri və iqlim dəyişiklikləri ilə bağlı risklərə toxunub.

“Biz atmosferdə aktiv çirkləndiricilərin aradan qaldırılması barədə düşünməliyik. Uzunmüddətli dayanıqlı maliyyələşmə gözlənilən nəticələri əldə etməyə imkan yaradacaq. Qarşımızda duran hədəflərə nail olmaq üçün öz rollarımızın öhdəsindən layiqincə gəlməliyik”, - deyə Petre Roman əlavə edib.

Ümumdünya Təbiət Fondunun (WWF) İqlim və Enerji üzrə Qlobal Təcrübə Lideri, Perunun sabiq ətraf mühit naziri, COP20-nin prezidenti Manuel Pulqar Vidal isə deyib: “Biz insanların səsini eşitməliyik. Bunun üçün böyük işlər görülməlidir”.

O diqqətə çatdırıb ki, dünya iqtisadiyyatları iqlim debatlarına qatılmalıdır, kollektiv şəkildə tədbirlər görülməlidir.

Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.