Qeyri-neft sektorunun inkişafı prioritet sahədir
İQTİSADİYYAT

Qeyri-neft sektorunun inkişafı prioritet sahədir

Turizmin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində davamlı işlər aparılır

Bu gün  turizm milli iqtisadiyyatda və beynəlxalq ticarətdə xüsusi çəkiyə malik olan sahəyə, dünyada ən güclü iqtisadi inkişaf vasitəsinə çevrilmişdir. Azərbaycanda əsas sahələrdən biri olan turizmin formalaşması və inkişafı, onun dayanıqlı və tarazlı dinamikası və bunun fonunda respublikada qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində davamlı tədbirlər həyata keçirilir.  Ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafına yönəlmiş lazımi tədbirlər turizm sferasının inkişafına  öz əsaslı təsirini göstərir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyəsi əsasında qeyri-neft sektorunun inkişafı, həmçinin müxtəlif sahələrin daha da sürətli şəkildə irəli aparılması məqsədilə hər il konkret bir sahənin hərtərəfli inkişafına xüsusi önəm verilir.

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2010-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı» məhz ölkədə turizmin rastlaşdığı problemlərin həll olunmasına, turizm sahəsinin daha da inkişaf etdirilməsinə və bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsinə yönəlmişdir. Həmin tədbirlərə turizm haqqında qanunvericiliyin təkmilləşdirilməsi, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizmin müxtəlif növlərinin inkişafı, bu sahəyə investisiyaların cəlb olunması, beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi, tanıtma və marketinq, statistika və tədqiqat, eləcə də kadr təminatının həyata keçirilməsi aiddir.

Müasir dünyamızda  qlobal əhəmiyyətə malik olan turizm sahəsi sosial və iqtisadi əlaqələri tənzimləməklə müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlərlə yanaşı, həm biznes maraqlarını da gücləndirir. Belə ki,  turizm  hər bir ölkə üçün əlavə gəlir mənbəyini, yerli əhalinin öz məhsulunu satmaq imkanını genişləndirir. Ölkəmizdə qeyri-neft sektorunun mühüm sahələrindən biri olan turizmin inkişafı və bu sektorun iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində davamlı işlər aparılır, ölkə turizminin beynəlxalq turizm bazarına inteqrasiyası təmin də olunur və milli turizmin  rəqabətədavamlılığı yüksəldilir. Turizm infrastrukturunun beynəlxalq tələblərə uyğunlaşdırılması, onun xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi bu sahəsinin sürətli inkişafını təmin edir. Bu inkişafın davamlılığının təmin edilməsi, eyni zamanda  ölkəyə xarici turistlərin marağının artırılması məqsədilə insanlarda alıcılıq qabiliyyətini stimullaşdıran “tax free” sisteminin yaradılması ölkə iqtisadiyyatında böyük əhəmiyyət kəsb edir. Turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə  “tax free” sisteminin respublikamızda da tətbiqinə başlanıb. Bu sistemin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası" təsdiq edilib.

Bu sistemin tətbiqi həm də  Azərbaycanda turizm sahəsində yeni iş yerlərinin açılması, gəlirlərin artması, kapital qoyuluşu və vergi bazasının genişlənməsi və s. məsələlərə xidmət edir.

Qanuna əsasən xarici vətəndaşlar tərəfindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmindən Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, respublika ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər istifadə etməklə alış-veriş zamanı ödədikləri məbləğin bir hissəsini geri ala bilərlər. Ölkəyə beynəlxalq və regional turist axını, turizm və pərakəndə ticarət sektoruna dəstək göstərilməsi, yerli istehsalın stimullaşdırılması və bu sahələrdə əhalinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edən bu sistem beynəlxalq təcrübədə geniş tətbiq edilir.

Müasir dövrdə iqtisadiyyatın mühüm sahələrindən biri olan turizm sənayesinin yeri və rolu kifayət qədər böyükdür. Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında da turizmin inkişafına dövlət səviyyəsində diqqət göstərilmiş, ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılmışdır. Turizm üzrə dövlət və kommersiya strukturlarının yaradılması, qanunvericilik sənədlərinin qəbul edilməsi, beynəlxalq turizm əlaqələrinin qurulması istiqamətində atılan addımlar bunun əyani sübutudur. Bakıda, eləcə də ölkəmizin ayrı-ayrı regionlarında biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün irimiqyaslı layihələr həyata keçirilir.

Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə  “ASAN Viza” sistemi yaradılması icra olunan mühüm tədbirlərdəndir. Ölkə rəhbəri 2016-cı ilin oktyabrından etibarən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron vizaların maksimum üç saat ərzində verilməsinə dair sərəncam imzalamış, həmin vaxtdan "ASAN Viza” sistemi uğurla fəaliyyət göstərməyə başlamışdır.  Bu sistem yalnız ümumvətəndaş pasportu və ya səyahət sənədi  ilə sadəcə internet bağlantısı  vasitəsilə istənilən yerdə vizaya müraciət etməyə və 3 saat (təcili viza müraciət forması) və ya 3 iş günü (standart viza müraciət forması) ərzində viza almağa imkan verir.

“ASAN Viza”nın elektron viza portalı və hava limanlarındakı özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, alman, italyan, ərəb, fars və rus olmaqla - 9 dildə fəaliyyət göstərir. “ASAN Viza” vasitəsilə hava limanlarında 14 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Yaponiya vətəndaşlarına vizaların verilməsi təmin edilir. Həmçinin, körfəz ölkələrində etibarlı yaşayış icazəsinə sahib olan əcnəbilər hava limanlarında “ASAN Viza” vasitəsilə viza əldə edə bilirlər. Terminallar vasitəsilə orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi müddəti 2 dəqiqə təşkil edir. Özünəxidmət terminalları ilə yanaşı, xüsusi pəncərələr vasitəsilə viza verilməsi və bank xidmətləri də həyata keçirilir. Ümumilikdə “ASAN Viza” sistemi vasitəsilə 94 ölkədən olan əcnəbilərə elektron viza verilməsi təmin edilir. Bütün bunlar isə Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilən turizmin  iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi böyük əhəmiyyət kəsb etdiyinin təcəssümüdür və ölkəmizdə turizmin sürətli inkişafına, bunun fonunda isə ölkə iqtisadiyyatının dinamik inkişafına zəmin yaradır.

Ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi məqsədilə  dünyanın 6 ölkəsində Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyət göstərir. 6 xarici ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyətə başlaması, ölkəmizdə turizmin dünya standartlarına yaxınlaşması, yeni texnologiyaların tətbiqi bu sahənin təşkilati-hüquqi və normativ bazasının  yaradılmasına geniş imkan yaradır.  Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər Azərbaycanın xaricdə daha çox tanınmasına, ölkəmizə turist axınının artmasına, ümumilikdə ölkədə turizmin inkişafına dəstək verir.  Rəsmi turizm nümayəndəliklərinin fəaliyyəti həmçinin Azərbaycana aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına  da xidmət edir.

Ölkəmizdə sahə qanunları çərçivəsində turizm fəaliyyətinin hüquqi əsasları, turistlər, turist subyektləri, dövlətin funksiyaları, vəzifə səlahiyyətləri turizmin daxili qanunları və beynəlxalq qanunlarla idarə olunur. Bu gün Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir.

                                  Mehparə ƏLİYEVA,

                                    “Respublika”.