Paytaxtımız Bakı mayın 31-dən iyunun 3-dək üç mötəbər tədbiri bir arada birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Tədbir çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - "Caspian Oil&Gas", 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - "Caspian Power" və 28-ci Bakı Enerji Forumu keçirilir. "Caspian Oil&Gas" və "Caspian Power" sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil olunub.
Tədbirlərdə 38 ölkədən 331 şirkət iştirakını təsdiq edib. Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiya tədbirdə təmsil olunurlar.
Ölkəmizdə beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən irəli sürülüb. 1994-cü ildə, sərgilər elə ilk təşkil edildiyi gündən Ümummilli Lider tərəfindən dəstəklənib. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında da öz əksini tapır. Bakı Enerji Həftəsinin təşkilatçıları və iştirakçıları Azərbaycanın sərgi sənayesinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolunu heç vaxt unutmur və xatirəsini dərin ehtiramla yad edirlər. Bu məqsədlə, Bakı Enerji Həftəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılıb. Tədbir çərçivəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş stend də nümayiş olunur.
Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi və mühüm qərarların və əməkdaşlıqların müzakirə edildiyi məkana çevrilib. Bundan əlavə, Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
"Caspian Oil&Gas" sərgisi artıq neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıqlar üçün bir platformaya çevrilib. Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Uzun illər uğurla təşkil edilən sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndərirlər.
Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgisinin gündəmində beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər əks olunur. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzular müzakirə olunacaq.
Bakı Enerji Forumu ilə yaz sərgi mövsümünə yekun vurulacaq. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri müzakirə olunacaq. Ənənəvi olaraq forumda 600-dən çox nümayəndə iştirak edəcək. Tədbir zamanı keçid dövründə qlobal enerji təhlükəsizliyi, Azərbaycanın enerji sektorunun Avropanın enerji təhlükəsizliyi və enerji balansında rolu və s. daxil olmaqla keçid dövründə yeni enerji şərtləri ilə bağlı müzakirələr aparılacaq. Yeni qlobal enerji nizamının inkişaf ssenarilərinə həsr olunmuş dəyirmi masada qlobal enerji keçidi prosesi, enerji böhranı zamanı enerji keçidinin sürətləndirilməsi yolları kimi mövzular müzakirə ediləcək.
Bakı Enerji Həftəsi mühüm tərəfdaşlıqların formalaşdığı bir platforma rolunu oynayır. Bu il də tədbir çərçivəsində yeni əməkdaşlıqlara imza atılacağı gözlənilir. Belə ki, tədbirin 3-cü günü Bakı Konqres Mərkəzində "4sım", "Caspian Event Organisers" və "Iteca Caspian" şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Həmçinin ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B) keçiriləcək.
Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində "Mini Boss" məktəbinin tələbələrinin "Econotes" adlı startapı nümayiş olunacaq. Startapın ideyası baş tərəfində toxum olan qələmlərdir. "Econotes" Azərbaycanda ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış qələmdir. Forumda iştirak edən nümayəndələrə də bu qələm təqdim olunacaq.
Qeyd edək ki, builki Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək. Belə ki, "Heydər Əliyev İli" kontekstində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcək. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır. Bununla əlaqədar olaraq, "Naxçıvan və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı'' mövzusunda sessiya təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram - Naxçıvan şəhər turu və konsert proqram da nəzərdə tutulur.
Ülvi QARAYEV,
“Respublika”.