Digər xəbərlər

"Qisas" əməliyyatı:  qanunsuz erməni hərbi birləşmələrinə kabus dolu gecə

2020-ci ildə qazanılan Şanlı Zəfər Azərbaycan-Ermənistan münasibətlərinə aydınlıq gətirsə də, bundan sonra cərəyan edən hadisələr onu göstərdi ki, Ermənistan hələ də məğlubiyyətlə barışmayıb. Xarici ölkələrdən gələn yardımlarla yenidən güc toplamağa çalışan düşmən, regionda mövcud olan reallıqları öz xeyrinə dəyişmək istəyir. Ancaq bu cəhdlərin boş və faydasız olduğunu, yeni silahlı toqquşmaların Ermənistana heç bir xeyir gətirməyəcəyini Şanlı Ordumuz müxtəlif vaxtlarda əyani olaraq sübut edib. Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bu mövzuya toxunaraq bildirib ki, yeni müharibə istəyi ilə yaşayanların aqibəti heç də yaxşı olmayacaq. Çünki müharibə başa çatıb, Ermənistan isə məğlub olub. Regionda sabitliyin və təhlükəsizliyin yeganə yolu yalnız sülh müqaviləsinin bağlanmasından keçir.

Əlbəttə ki, Ermənistanın sülh çağırışlarına asanlıqla cavab verəcəyini gözləmək sadəlöhvlük olardı. Düşmən qüvvələri hələ də, Qarabağda fəaliyyətinə davam edir, zaman-zaman təxribatlar həyata keçirir. Halbuki, 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən, erməni hərbi birləşmələri, sülhməramlı kontingentin əraziyə gəlməsilə birlikdə Azərbaycan torpaqlarını tərk etməli idi. Lakin bu günə kimi Ermənistan ordusunun ünsürlərinin Qarabağı tərk etməməsi yeni toqquşma risklərini meydana gətirir. 2022-ci il avqust ayının əvvəllərində baş vermiş əməliyyat kimi...

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Bu terror hadisəsi nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərmişdi. Elə həmin gün buna cavab olaraq Silahlı Qüvvələrimiz Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq ölkəmizin suveren ərazilərində törədilən terror aktının qarşısını almaq üçün "Qisas" əməliyyatı adı altında əks cavab tədbirləri görüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb. Daha sonra hərbçilərimiz əlverişli ərazilərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görüb. "Qisas" əməliyyatı çərçivəsində terrorçu erməni hərbi birləşmələrinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, düşmənin canlı qüvvəsi, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Dövlət başçısı 2022-ci il avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verən zaman Qarabağda baş vermiş qarşıdurma haqqında fikirlərini bölüşərək bildirmişdi: "Bəli, Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal "Qisas" əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatı cəza tədbiri idi…". Prezident onu da əlavə etdi ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, "Qisas" əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq”.

Beləliklə, "Qisas" əməliyyatı İrəvanın hərbi-siyasi rəhbərliyinə ağır bir zərbə oldu. Bu antiterror əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu istənilən şəraitdə, istənilən vaxtda düşməni məhv etməyə hazırdır. Ermənistanın bu kimi hallara yol verməsi, yenidən təxribat cəhdlərinə əl atması özlərinin peşmançılığı ilə nəticələnəcək.

Musa BAĞIRLI,

"Respublika".