Meşəli qətliamı unudulmaz faciədir
Digər xəbərlər

Meşəli qətliamı unudulmaz faciədir

Məlum olduğu kimi, avqustun 1-də Meşəli soyqırımından zərərçəkənlər beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə Azərbaycan xalqına qarşı insanlığa sığmayan cinayətlər törətmiş cinəyatkarların cəzalandırılması istənilib. Mövzu ilə bağlı danışan "Şəfəq" Ekoturizm İctimai Birliyinin sədri Vamiq BabaYev bildirib ki, böyük Ermənistan yaratmaq xülyası ilə yaşayan bu terrorçu dövlət azərbaycanlılara qarşı uzun illər soyqırımı siyasəti aparmışdır.

Belə ki, ermənilər 1905-1907-ci illərdə əvvəlcə Bakıda, sonra isə Azərbaycanın, eləcə də Qafqazın digər regionlarında türk-müsəlmanların soyqırımını həyata keçirmişlər. 1917-ci ilin dekabr ayından başlayaraq 1920-ci ilin iyul ayına kimi ermənilər Azərbaycan kəndlərinə basqınlar edərək çox sayda vətəndaşlarımızı vəhşicəsinə qətlə yetirmişlər. 31 mart azərbaycanlılara qarşı soyqırımı siyasəti də məhz bu dövrün acı həqiqətləridir. Erməni soyqırımı siyasətinin daha bir mərhələsi 1989-1992-ci illərə təsadüf edir. Tariximizin qara səhifələrindən olan Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı 26 fevral 1992-ci il tarixində törədilmişdir. 1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində baş verən soyqırımı Xocalı faciəsinin başlanğıcı hesab edilə bilər. Bu soyqırımı zamanı 25 nəfər Meşəli kənd sakini qətl edilmiş, 14 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirilmiş, 338 nəfər isə heç bir qanuni əsas olmadan yaşayış yerindən didərgin salınmışdır. Məlum olduğu kimi, yaxın günlərdə Laçın postunu keçən zaman Meşəli soyqırımını törətməkdə təqsirli bilinən, beynəlxalq axtarışda olan Vaqif Xaçaturyan sərhədçilərimiz tərəfindən tutulmuşdur.

Belə bir qatı cinayətkarın azad olunmasına çağırış edənləri görəndə böyük təəssüf hissi keçiririk. Əlbəttə ki, Meşəli sakinləri bundan böyük hiddət keçirir, bunu özlərinə qarşı təhqir, həqarət kimi qəbul edirlər. Bu cür çağırışlar yolverilməzdir! Ona görə də Meşəli soyqırımına məruz qalan vətəndaşlarımızın beynəlxalq ictimaiyyətə müraciəti anlaşılandı və zəruridir. Qarabağda gizlənən bütün müharibə cinayətkarları, Xocalı soyqırımını törədən qatillər bilsinlər ki, daha heç nə əvvəlki kimi olmayacaq. Onlar cavab verəcəklər! Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, o cümlədən Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidirlər. Vətəndaş cəmiyyəti təşkilatı olaraq beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasət nəticəsində artıq tarixi torpaqlarımıza qovuşmuş qüdrətli dövlətin vətəndaşlarıyıq. Artıq xalqımıza qarşı zamanla edilən haqsızlıqların, cinayətlərin bədəlinin ödənilməsinin zamanı çatıb. Vaqif Xaçaturyan kimilərin həbs edilərək xalqımız qarşısında, beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu bütün beynəlxalq ictimaiyyət qəbul etməlidir.

 Nəzrin ELDARQIZI,

"Respublika".