Qlobal istiləşmə və iqlim dəyişmələri
Ekologiya

Qlobal istiləşmə və iqlim dəyişmələri

Kömür, neft və qaz kimi qlobal iqlim dəyişmələrinə səbəb olan qalıq yanacaqlar dünyada istixana qazı emissiyalarının 75 faizindən çoxunu, karbon qazı tullantısının isə təxminən 90 faizini təşkil edir. Bu isə nəinki insanların, Yer kürəsindəki bütün canlıların həyatı üçün risklər yaradır. Mövcud şəraitdə istixana qazlarının qlobal istiləşmənin əsas səbəbi olduğu iddia edilir. Tədqiqatlara əsasən, istixana qazlarının saxladığı istilik enerjisi ilə atmosferin qızması nəticəsində yaranan istixana effekti Yerin temperaturunu tənzimləyir. Günəş iqlim sisteminin əsas istilik mənbəyi hesab olunur. Son dövrlərdə Günəşin Yer planetinə daha çox enerji ötürdüyü müşahidə edilir və bu atmosferə öz təsirini göstərir. Xatırladaq ki, Günəş şüasının düşmə bucağının dəyişməsi Kiçik Buz Dövrünün başlanmasında, eləcə də 1900-1950-ci illər arasında müşahidə edilən bəzi qlobal istiləşmələrdə mühüm amil hesab olunurdu. Eyni zamanda Yerin orbitində qeydə alınan kiçik sapmalar da günəş radiasiyasının planetin səthində yenidən paylanmasına səbəb olur.

İqlim dəyişmələri hazırda dünyanı narahat edən başlıca problemlərdən hesab olunur. BMT-nin 9 avqust 2021-ci ildə təqdim etdiyi hesabatda da sözügedən problemin yaxın onilliklərdə artacağı, onun kənd təsərrüfatına və səhiyyəyə mənfi təsir edəcəyi ehtimal olunur. Bu məqsədlə dünyanın əksər ölkələri həmin problemlə mübarizə aparmağı başlıca prioritet kimi müəyyənləşdiriblər. Azərbaycan da qlobal səviyyədə iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək göstərən dövlətlər sırasındadır. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bundan başqa, respublikamız "yaşıl enerji"yə keçid prosesi sahəsində mühüm uğurlara imza atır. İstər regional səviyyədə, istərsə də beynəlxalq miqyasda baş tutan tədbirlərdə rəsmi Bakının iqlim dəyişmələri ilə mübarizəsi yüksək qiymətləndirilir. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını prioritet kimi müəyyən edib. Bununla yanaşı, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdən hesab olunur ki, bu da dövlətimizə olan etimadı daha da artırır. Azərbaycanda bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında qoyulub. Ölkəmizin "yaşıl enerji"yə verdiyi önəmi Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilələr də bir daha təsdiq edir.

Dünyanın ən nüfuzlu tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il ölkəmizdə keçiriləcək. COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qlobal aləmdə Azərbaycana olan etimadın növbəti təzahürüdür. Bu, həmçinin Cənubi Qafqazdakı yeni reallığın beynəlxalq birlik tərəfindən etirafı anlamına da gəlir. Məlumdur ki, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ torpaqları "yaşıl enerji" zonası elan edilib və bölgənin 2050-ci ilədək "netto sıfır emissiya"ya çevrilməsi nəzərdə tutulub. Bununla yanaşı, günəş və külək elektrik stansiyalarının tikintisi də bərpaolunan enerjiyə keçidə öz töhfəsini verir. Şübhəsiz, COP29-un ölkəmizdə keçirilməsi də prosesə öz müsbət təsirini göstərəcək. Nüfuzlu ölkələrin dünya liderlərinin, həmçinin bərpaolunan enerji üzrə mütəxəssislərin Azərbaycanda toplanması "yaşıl enerji" sahəsində yeni təşəbbüslərin irəli sürülməsinə şərait yaradacaq. Artıq tədbirlə bağlı hazırlıq işlərinə başlanılıb. Belə ki, aprelin 15-də COP29-un baş qərargahında ilk mətbuat konfransı baş tutub. İclas çərçivəsində COP29-un loqosu beynəlxalq ictimaiyyətə təqdim edilib. Sözügedən loqo iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətinin təzahürüdür. Beynəlxalq tədbir Bakı Olimpiya Stadionunda keçiriləcək. BMT-nin ən böyük miqyaslı tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsi respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq. Azərbaycanın COP29-a ev sahibliyi ölkəmizin bərpaolunan enerji, eləcə də bütün sahələrdəki tərəqqisini dünya ictimaiyyətinə nümayiş etdirəcək. Aprelin 23-də ADA universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forum çərçivəsində Prezident İlham Əliyevin söylədikləri də bunu bir daha tədiqləyir. Ölkə başçımız çıxışı zamanı qeyd edib ki, Azərbaycan COP-29-a sədrliyinə həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxır. Dövlətimizin başçısı, həmçinin COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında məsləhətləşmələr aparmaq üçün fürsət yaradacağını və gələcək əməkdaşlıq üçün yol açacağını da diqqətə çatdırıb. Azərbaycanın durmadan güclənən iqtisadiyyatı da tədbirdə diqqət mərkəzində olub. Hazırda Azərbaycanın xarici borcu, Ümumi Daxili Məhsulun 8 faizindən də azdır. Bütün bunlar bir daha COP29-a ev sahibliyinin Azərbaycana həvalə edilməsinin uğurlu addım olduğundan xəbər verir. Ölkə başçımız COP29-dan əvvəl Bakı ilə İrəvan arasında sülhə nail olmağın, ən azı sülh sazişinin baza prinsipləri üzrə razılığa gəlməyin tam real göründüyünü vurğulayıb və əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək variant hesab olunur. Sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək mümkündür.

Nəzrin ELDARQIZI,

"Respublika".