Qlobal təhdidlərlə birgə mübarizə
Digər xəbərlər

Qlobal təhdidlərlə birgə mübarizə

Ölkəmiz mühüm beynəlxalq platformalarda fəal iştirakı ilə daim fərqlənmişdir. Azərbaycanın fevral ayının 17-də baş tutan Münxen Təhlükəsizlik Konfransında iştirakı bunu bir daha təsdiqlədi.

Konfrans təhlükəsizlik məsələlərini əhatə etməklə yanaşı, həm də iqtisadi, ətraf mühit, humanitar sahələri də ehtiva edirdi. Bu il Münxendə keçirilən 59-cu konfransda xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələlərinin müzakirə edilməsi təsadüfi deyildi. Belə konfransa Azərbaycanın dəvət olunması isə ölkəmizin beynəlxalq arenada nüfuz sahibi olmasının göstəricisidir. Münxen konfransı, həmçinin qlobal təhdidlərə qarşı bir növ mübarizəyə çağırış kimi qiymətləndirilir. Günü-gündən artan münaqişələr, təhdidlər fonunda davamlı sülhün bərqərar olması istiqamətində Münxen Konfransının rolu danılmazdır. Bu konfrans vasitəsilə ilk dəfə Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərləri eyni anda bir araya gəldilər. Paşinyanın görüşdən çəkinməsi isə düşmənin zəif olduğunu bir daha təsdiqlədi. Çünki Ermənistanın baş naziri 2020-ci il fevralın 15-də keçirilən konfransda ölkə başçımızın və dünya ictimaiyyətinin qarşısında düşdüyü rüsvayçılığı yəqin ki, hələ də unutmayıb. Həmin konfrans çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı müzakirələr zamanı Paşinyan çaşsa da, həyatında ilk dəfə həqiqəti demişdir: "Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın... yox, üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi". 44 günlük müharibədə əldə etdiyimiz qələbə, Qarabağın Azərbaycanın əzəli və əbədi torpağı olduğu reallığı Paşinyana sərt bir şillə oldu.

Sözsüz ki, konfrans zamanı nəzərəçarpan məqamlardan biri də İran hökumətinin bura dəvət olunmaması idi. Çünki hələ öz sərhədləri daxilində təhlükəsizliyi təmin edə bilməyən İran konfransa heç bir fayda verə bilməzdi. Builki konfransda da Prezident İlham Əliyev Azərbaycanın milli maraqları çərçivəsində bir daha qəti mövqeyini açıq şəkildə bəyan etdi. Dövlətimizin başçısı, həmçinin konfransdakı çıxışında Azərbaycan və Ermənistanın uzunmüddətli toqquşmadan uzaqlaşmasının, qarşılıqlı ədavətə, düşmənçiliyə son qoyulmasının dünyəvi dəyərlər baxımından vacib olduğunu da bildirdi. Ölkə başçımız görüşdən sonra televiziya kanallarına verdiyi müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlərdən də danışdı. Bundan başqa, sülh müqaviləsinin imzalanacağı təqdirdə beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsinin vacib olduğu vurğulandı.

Dövlət başçımızın Münxen Təhlükəsizlik Konfransında "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdakı çıxışı isə beynəlxalq aləmdə böyük marağa səbəb olub. İlham Əliyevin Ermənistan-Azərbaycan münasibətləri, Qarabağ münaqişəsinin tarixi, eləcə də bölgədə sülh imkanları, Ukrayna-Rusiya müharibəsinin bölgəyə təsirlərinə dair detallı və arqumentlərə əsaslanan fikirləri dünya ictimaiyyətinin diqqətindən yayınmayıb. Türkiyə, Moldova və Gürcüstan mətbuatında ölkə başçımızın müzakirə zamanı toxunduğu məsələlər işıqlandırılıb.

Xatırladaq ki, Münxen Təhlükəsizlik Konfransı 60 ildir ki, fəaliyyət göstərməkdədir. Əvvəllər daha çox Avropa ölkələrinin təhlükəsizlik məsələlərini müzakirə edən forumda artıq bütün dünyadakı qlobal problemlər müzakirə olunur.

Nəzrin ELDARQIZI,

"Respublika".