Qobustanda yeni məhsuldar taxıl sortları yetişdirilir
Region

Qobustanda yeni məhsuldar taxıl sortları yetişdirilir

Aqrar sahənin inkişafının yüksəkkeyfiyyətli və məhsuldar toxum sortlarının yetişdirilməsindən və istifadəsindən asılı olduğunu nəzərə alaraq, bu istiqamətdə respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. İlk olaraq məhsuldarlığı ilə seçilən yeni toxum sortlarının yetişdirilməsinə böyük üstünlük verilir. Çünki idxal olunan toxum sortlarının bir çox hallarda keyfiyyəti aşağı olur, yüksək məhsuldarlıq təmin olunmur, aqrar sektora çox ciddi ziyan dəyir.

Uğurla həyata keçirilən Dövlət proqramlarına uyğun olaraq toxumçuluq təsərrüfatının inkişaf etdirilməsi və məhsuldar toxumların fermer təsərrüfatlarında tətbiq olunması xeyli sürətlənir. Ancaq bu, çətin olsa da, ölkəmizin gələcək inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyətə malikdir. Əgər keyfiyyətli toxumlar əldə edə bilsək, taxılçılıqda məhsuldarlığı daha da yüksəltmək olar. Belə ki, mütəxəssislərin rəyinə görə, 1 hektardan 45-50 deyil, hətta 70-80 sentner məhsul toplamaq mümkündür.

Prezident İlham Əliyevin rəhbərliyi sayəsində son 20 ildə taxılçılığın inkişafı üçün müvafiq işlər görüldüyündən və bu sahə diqqət mərkəzində saxlanıldığından mühüm nəticələr qazanılıb. Belə ki, taxıl istehsalı 2003-cü illə müqayisədə 1,5 dəfə artaraq 3 milyon tondan çox olub. Bununla yanaşı, respublikada ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi və istehsalının təşkili məqsədilə dövlət başçısının müvafiq fərmanına əsasən ərzaqlıq buğdaya 2023-cü ildən etibarən 5 il müddətində məhsul subsidiyasının verilməsinə başlanılıb.

Qobustan rayonunda bu vacib sahənin inkişafı üçün son illər qazanılan uğurlara toxunan rayon aqrar inkişaf mərkəzinin direktoru Həsənağa Hüseynov bu işdə Cəmcəmli kəndində yaşayan fermer Ruslan Əhmədovun gərgin əmək nümayiş etdirdiyini bildirdi. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ölkəmizdə torpaq islahatı həyata keçirilib. Sovxoz və kolxozların istifadəsində olan torpaqların vətəndaşların şəxsi mülkiyyətinə verilməsini nəzərdə tutan bu islahatlarla respublikanın iqtisadi, o cümlədən ərzaq və qida təhlükəsizliyinin əsasları formalaşdırılıb.

Ruslan Əhmədov fermer təsərrüfatı ilə - əkinçiliklə, heyvandarlıqla və toxumçuluqla məşğul olur. Özəl təsərrüfatını xeyli genişləndirib və istehsal etdiyi yüksək kondensat və elit toxumlarını artıq respublikamızın ucqar rayonlarında fəaliyyət göstərən fermerlərə də satır. Çünki məhsuldarlığı və təmizliyi ilə seçilən toxum sortlarına tələbat ilbəil artır. Həmsöhbətim qeyd etdi ki, arpa "Dəyanətli", buğda isə "Qobustan" sortudu. Bu sortları sınaqdan çıxartmaqla həm özümüz əkirik, həm də iri fermer təsərrüfatlarına satırıq. Quba, Şəmkir, Gədəbəy və digər  rayonlarda da toxumlarımızdan istifadə olunur. İri aqroparklar bizim toxumlara keyfiyyətinə və məhsuldarlığına görə böyük üstünlük verirlər. Biz də bu səbəbdən daha yaxşı işləməklə məhsul istehsalını artırmağa çalışırıq. Qobustan rayonu təsərrüfatlarının toxumunun 90 faizini biz təmin edirik. Yetişdirdiyimiz toxumlar aqrar inkişaf mərkəzinin əməkdaşları tərəfindən analiz edilir və müvafiq sertifikatlarla  təltif olunur. Toxumlarımız yüksək kondensatı ilə də seçilir. "Dəyanətli" arpa sortu quraqlıq şəraitə uyğundu. Rayonun ərazisi üçün böyük əhəmiyyət kəsb edir. İqlim dəyişikliyi ilə əlaqədar yağıntının az olması səbəbindən bu sortlara böyük önəm verilir. Qlobal istiləşməyə dözümlü toxum olduğuna görə diqqəti cəlb edir. Xaricdən gətirilən toxumlarla müqayisədə yerli şərait üçün bu toxumlar üstünlük təşkil edir. Bir sözlə, sağlam toxum yetişdirməklə ölkədə ərzaq bolluğu yaratmaq əzmindəyik.

Qarşılaşdığı problemlərə toxunan Ruslan Əhmədov bildirdi ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovla rayonda görüşüb xeyli söhbət etdim, texnika ilə bağlı yaranmış çətinliyimiz barədə ona məlumat verdim. Problem  qısa zaman kəsiyində aradan qaldırıldı. Məlumdur ki, rayonda havalar quraqlıq keçdiyindən burada taxıl və arpa istehsalını inkişaf etdirmək heç də asan məsələ deyil, ancaq dövlətin dəstəyi nəticəsində biz buna nail olmağa çalışırıq. Çünki dövlət siyasətinə uyğun olaraq aqrar sahədə bizə nazirlik və rayon rəhbərliyi tərəfindən xüsusi qayğı göstərilir. Bütün texnikalar 40 faiz güzəştli şərtlərlə, lazımi gübrələr isə vaxtlı-vaxtında pulsuz verilir. Aqrar inkişaf mərkəzinin və əkinçilik üzrə elmi-tədqiqat institutlarının əməkdaşları mütəmadi olaraq bizə təlimatlar verirlər. Məqsəd ölkədə ərzaq bolluğu yaratmaqdır.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".