QÜRURVERİCİ AZƏRBAYCAN GƏNCLİYİ
Sosial həyat

QÜRURVERİCİ AZƏRBAYCAN GƏNCLİYİ

Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Məhz bu baxımdan, ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə diqqət və qayğı göstərmişdir. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. 

Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu dahi lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Məhz Ulu Öndərin bu sahədə  həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət etmişdi.

Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı həyata keçirilən siyasətin xronoloji ardıcıllığına nəzər salsaq, görərik ki, ötən illər ərzində ümummilli lider Heydər Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə genişmiqyaslı tədbirlər həyata keçirilmiş və bir sıra problemlər öz müsbət həllini tapmışdır. Təbii ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında  birmənalı olaraq  dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur.

Ümummilli lider Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri də gənclərlə iş olmuşdur. Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədilə 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu Öndərimizin gənclərlə çoxsaylı görüşləri, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tamhüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultması üçün bütün şərait yaradıldı. Ümummilli Liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix "Azərbaycan gəncləri günü" elan edilmişdir. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanunlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" dövlət sənədləri bu baxımdan təqdirəlayiqdir. Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyevin qaçqın və məcburi köçkün tələbə gənclərə göstərdiyi qayğı onun bütün ölkə vətəndaşları qarşısında əvəzolunmaz xidmətlərinin tərkib hissəsidir. Ulu öndər Heydər Əliyevin "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir" qiymətli fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfi və ideoloji əsasıdır ki, məhz bu da gəncləri həm bu günün reallıqları, həm də gələcəyin çağırışları ətrafında səfərbər edir. Böyük  fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir.

2005-2009-cu illər ərzində "Azərbaycan gəncliyi Dövlət Proqramı", 2006-2010-cu illər ərzində "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası", "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan gəncləri dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli cəmiyyət uğrunda əməli işlərə imza atırlar. Bugünkü gənclik özünün sosial-iqtisadi inkişafda iştirakının əsasını və mexanizmini təmin edərək cəmiyyətə faydalı olurlar. Dövlətin gənclər siyasəti və gənclərin fəaliyyəti elə bir qarşılıqlı asılılıq prinsipi üzərində müəyyənləşdirilib ki, bu da gənclərin inkişafına üstünlük verməyə və müvafiq siyasət həyata keçirmə mexanizmlərinin yaradılması və kifayət qədər resursların ayrılması vasitəsilə gənclərin inkişafını nümayiş etdirməyə imkan verir. Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü də məhz gənclərdir.

2020-ci il dekabrın 30-da  Azərbaycanda "Könüllülər İli" elan edilməsi haqqında Sərəncam imzalanıb. İndi könüllülər ordusu kimi böyük bir hərəkat formalaşıb ki, məhz onlar da müxtəlif sahələrdə çalışaraq bilik və bacarıqlarını daha da artırmaqla yanaşı, işlədikləri qurumlara yeni nəfəs, gənc ovqat gətirir, digər tərəfdən də uğurlu gələcəklərini təmin edirlər.

Tam əminliklə demək olar ki, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bundan sonra da bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edərək, ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətlərində daim rəhbər tutaraq, Azərbaycanın müstəqilliyinin əbədiliyi üçün yumruqlarını bir hədəfə vuracaqlar.

Zabit XƏLİLOV,

"Respublika".