Reallıqdan yayınma cəhdləri
Siyasət

Reallıqdan yayınma cəhdləri

Ermənistanın Azərbaycanı beynəlxalq müstəvidə "hücum edən tərəf" kimi göstərmək cəhdləri isə postmüharibə dövründən əvvəl də mövcud idi. Sərhəddə hələ də davam edən gərginliyə səbəb olan təxribatların da məqsədi budur. Belə ki, sentyabrın 5-i gecə radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi də məlumat yayımlayıb. Erməni xislətinin bariz nümunəsi kimi qeyd edə bilərik ki, zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutmuşdur. Bu, bir daha sübut edir ki, haylar öz xəbis niyyətlərindən əl çəkən deyil. Hətta erməni ekspert Varujen Qeqamyan iddia edir ki, gərginlik daha da genişlənərsə və eskalasiya qaynar mərhələyə keçərsə, Azərbaycan Ermənistanın cənubunu kəsmək istiqamətində ildırımsürətli addım atacaq: "Bu, Naxçıvanın şimal hissəsindən Cermuka (İstisu) qədər olan ərazidir. Bura məsafə cəmi 30 kilometrdir, Azərbaycan istəsə, ildırımsürətli əməliyyatla bu xətti kəsə bilər. Bu prosesdə Türkiyənin də açıq dəstək verəcəyi sirr deyil. Ermənistan hakimiyyəti isə heç nə etmir, ya da etmək istəmir".

Qeyd edək ki, təxribatlarla heç bir nəticə hasil olmayacaq. Bu "proses" sadəcə, Ermənistanın labüd sonuna doğru aparır. Azərbaycanın Ermənistana qarşı hərbi müstəvidə atdığı bütün addımların səbəbi sərhəddə erməni təxribatının qarşısının alınması və layiqincə cavabın verilməsidir. Unudulmamalıdır ki, istənilən halda Xankəndidəki vahid struktur məhz ölkəmiz tərəfindən təsis ediləcək.

Nurlan ABDALOV,

"Respublika".